“Zakir Qaralovun özü vaxtilə istintaq sənədində xəsarətin dərəcəsini dəyişdiyi üçün orqandan azad edilmişdi”
Cəmil Həsənli: «Ən böyük saxtakarlıq və qanun pozuntusu tibbi rəylə bağlı edilib»
Son günlərin maraq doğuran olaylarından biri də Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli ilə bağlı baş verənlərdir. Fevralın 20-də Yasamal Rayon Məhkəməsi iki azyaşlı uşaq anasına 1 il 6 ay məntəqə tipli cəza verib. Cəzaya səbəb ötənilki “qəza”dır. Ancaq diqqətli oxucular xatırlayar ki, ötən il bu məsələ ortaya çıxanda Milli Şura sədrinin övladına qarşı uydurulmuş ittiham necə darmadağın olundu. Buna baxmayaraq, qanunsuzluğu peşə edən hakimiyyət prezidentliyə keçmiş namizəddən heyfini almaqdan əl çəkmədi. Son durumla bağlı fikirlərini öyrənmək üçün Milli Şura sədri Cəmil Həsənliyə müraciət etdik.
– Cəmil müəllim, qızınız Günel Həsənli ilə bağlı baş verənlər son günlər gündəmi zəbt edib. Nə olub, nə baş verib?
– Bu il fevralın 20-də Yasamal Rayon Məhkəməsi ötənilki yol-nəqliyyat hadisəsi ilə bağlı Günelə baş vermiş hadisəyə uyğun olmayan, heç bir tutarlı hüquqi dəlillərə söykənməyən, süni şəkildə quraşdırılmış ittiham əsasında ədalət anlayışından uzaq olan bir hökm oxuyub. Bu hökmdə iki azyaşlı uşaq anasına 1 il 6 ay müddətinə məntəqə tipli cəza verilib. Narahatçılıq doğuran başlıca məqam ondan ibarətdir ki, proses zamanı məhkəmə çəkişməsi təmin edilməyib, vəkillərin qaldırdığı vəsatətlərin hamısını hakim rədd edib, bununla da məhkəmə araşdırmasının çəkişmə prinsipi ciddi şəkildə pozulub. Nəticədə Günelə münasibətdə qərəzə yol verilib, adi yol-nəqliyyat hadisəsi şübhəli və ziddiyyətli ekspert rəyləri əsasında cinayət hadisəsi kimi xarakterizə edilib. Məsələn, hadisənin siyasiləşdirilməsinə xidmət edən Daxili Işlər Nazirliyi mətbuat xidmətinin 2014-cü ilin oktyabr ayında ictimaiyyət üçün açıqladığı yalan məlumat isə, ümumiyyətlə, məhkəmə araşdırması zamanı diqqətdən kənarda qalıb. Hamı bilir ki, müxtəlif dövrlərdə Hacı Məmmədov işi, Abuzərovun qaçırılması və nazirlikdə baş verən digər neqativ hallarla bağlı mən şəxsən nazir Ramil Usubovu və nazirliyi kəskin şəkildə tənqid etmişəm.
– Hə, yaxşı xatırlayırıq o hadisəni. Həmin vaxt Günel və Siz sənəd-sübutla və hətta foto materiallarla nazirliyin açıqlamasının yalan olduğunu qoydunuz ortaya.
– Elədir, bu böhtan xarakteri daşıyan açıqlama bilavasitə hadisənin mahiyyətinin saxtalaşdırılmasına yönəlmiş, açıqlamada bilavasitə mənim adım çəkilmişdi. Əlbəttə, burada əsas məqsəd daha asan yolla, hadisəni polis orqanlarından gizlətmək adı altında Günel haqqında cinayət işi açmağa hesablanmışdı. Bildiyiniz kimi, nazirliyin bu yalanı ifşa olundu. Məlum oldu ki, polis işçisi hadisənin ilk dəqiqələrindən hadisə yerində olub və zərərçəkmişin Respublika Mərkəzi Klinik xəstəxanasında müayinəsində də iştirak edib. Bu nəyi göstərir? Onu göstərir ki, artıq bu cəhdinə görə Daxili Işlər Nazirliyi bu prosesdə tərəfə çevrildi. Baş vermiş hadisənin istintaqı harada aparılır? Bilavasitə nazirliyin tabeçiliyində olan Yasamal rayon polis idarəsində. Ona görə istintaq araşdırması zamanı qərəzə yol verilib, heç bir tutarlı dəlil olmadan yol-nəqliyyat hadisəsi Cinayət Məcəlləsinin 263.1 maddəsinə uyğunlaşdırılıb. Məhkəmə araşdırması zamanı isə hakim həqiqətin ortaya qoyulması əvəzinə istintaqın qərəzli ittihamını bütün vasitələrlə sübuta yetirməyə çalışıb.
– Deməli, işin saxtalaşdırılmasına, onun hallarının təhrif edilməsinə hələ istintaq dövründən başlanıb.
– Bəli, nazirliyin qurduğu plan ifşa olunandan sonra tabeliyində olan istintaq orqanı vasitəsi ilə digər yollara əl atdılar. Bu da birtərəfli və saxta ekspert rəylərinin tərtib edilməsindən ibarət idi. Məsələn, Yasamal rayon polis idarəsinin müstəntiqi, polis mayoru Qayıbov yol-nəqliyyat hadisəsinin ekspertizası ilə bağlı müvafiq dövlət orqanına müraciətində yalnız sürücünün məsuliyyəti ilə bağlı sualları qoyur. Lakin məlumdur ki, piyadanın hər hansı xəsarəti ilə bağlı yol-nəqliyyat hadisəsində iki tərəf vardır: Sürücü və piyada. Hər ikisinin “Yol hərəkəti haqqında” qanuna uyğun olaraq vəzifələri və məsuliyyətləri mövcuddur. Müvafiq məcəllənin 153-cü maddəsinin 1.3-cü hissəsi piyadanın yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəfildən çıxmasına görə inzibati məsuliyyət məsələsini müəyyənləşdirir. Istintaq baş vermiş yol-nəqliyyat hadisəsinin obyektiv araşdırmasında maraqlıdırsa, hadisənin hər iki tərəfinin hərəkət və hallarını müəyyən etməkdə niyə birtərəfliliyə yol verib. Burada qərəz göz qabağındadır. Vəkil istintaqın bu birtərəfli yanaşması ilə bağlı istintaq zamanı müstəntiq, məhkəmə araşdırması zamanı isə hakim qarşısında vəsatətlə çıxış edir. Müstəntiq ekspert Quliyev Vüqar Yaqub oğlunun 4 noyabr 2014-cü il tarixli rəyinin obyektivliyinə istinad edərək, hakim Aqşin Əfəndiyev heç bir səbəb göstərmədən vəsatəti rədd edir. Halbuki, hadisənin obyektiv araşdırılmasında maraqlı olan hər iki instansiya tək sürücünün vəzifə və məsuliyyətini deyil, eyni zamanda piyadanın da vəzifə və məsuliyyətini araşdırmalı idilər. Zərərçəkmişin tibbi ekspertizası zamanı da eyni yanaşma müşahidə edilir.
– Yəqin Cinayət Məcəlləsinin 263.1-ci maddəsini əsaslandırılması zərurətindən?..
– Bəli, əslində ən böyük saxtakarlıq və qanun pozuntusu məhz tibbi rəylə bağlı edilib. Məsələ burasındadır ki, hadisə baş verən kimi Günel zərərçəkmiş sayılan Ədilə xanım Səlimovanı polis işçisinin müşayiəti ilə Respublika Mərkəzi Klinik xəstəxanasına aparıb. Ədilə xanım orada rentgen edilib və peşəkar həkimlərin müayinəsindən keçirilib. Bütün proses qeydiyyat kitabında əks etdirilib. Rentgenin plyonkası bilavasitə mütəxəssis rentgenoloq tərəfindən təsvir edilib və müayinənin bütün sənədlər (rentgen plyonkası, onun təsviri, xəstəxananın qeydiyyat kitabındakı müayinə ilə bağlı qeydlər) istintaq orqanına təqdim edilib. Əvvəl bunları dəyişməyə cəhd etdilər. Lakin biləndə ki, bu sənədlərin surəti bizdə var, ondan çəkindilər və zərərçəkmişi təkrar olaraq tibbi ekspertizaya göndərdilər. Daxili Işlər Nazirliyinin mətbuat xidməti oktyabr ayının 2-də Günelə və mənə qarşı yalan açıqlama ilə çıxış etdiyi gün biz bu açıqlamanı dəlil-sübutla təkzib etdiyimizdən, Yasamal rayon polis idarəsi sahə müvəkkili vasitəsi ilə zərərçəkən Ədilə xanım Səlimovanı bir növ məcburi qaydada Azərbaycan Respublika Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi və Təcrübi Birliyinə göndərib, tibbi ekspertdən “az ağır xəsarət” rəyi alıb. Lakin ekspertiza zamanı zərərçəkmiş Səlimovanın Respublika Mərkəzi Klinik xəstəxanasında rentgen çəkilişi də daxil olmaqla onun mütəxəssis həkimlər tərəfindən müayinəsinin nəticələri nəzərə alınmayıb, ümumiyyətlə, bu nəticələr rayon polis idarəsi tərəfindən tibbi ekspertə təqdim edilməyib, ekspert isə ilkin müayinənin nəticələri ilə tanış olmağa cəhd göstərməyib. Halbuki həm birinci, həm ikinci ekspertiza zamanı Respublika Mərkəzi Klinik xəstəxanasının çəkdiyi rentgen plyonksası, onun mütəxəssis tərəfindən təsviri və Səlimovanın həkim müayinəsinin sənədləri artıq istintaqın əlində olub. Bu sənədlər açıq-açığına tibbi ekspertdən gizlədilib. Göründüyü kimi, zərərçəkənin sağlıq durumu ilə bağlı dövlətə məxsus olan iki məşhur tibb müəssisənin verdiyi rəylər bir-biri ilə ziddiyyət təşkil edir. Həm istintaqın, həm də məhkəmənin borcu idi ki, bu ziddiyyətin səbəblərini, polis işçisinin iştirakı ilə keçirilən birinci tibbi rəyin, istintaq orqanının müraciəti əsasında keçirilmiş tibbi ekspert rəylərindən köklü şəkildə fərqləndiyinə aydınlıq gətirsin. Axı hadisə baş verən gün respublikanın ən böyük və ən etibarlı tibb müəssisəsində keçirilən birinci müayinədə duzlaşma, hadisədən 13 gün sonra tibbi ekspert tərəfindən keçirilmiş ikinci müayinədə “az ağır xəsarət” müəyyən edilmişdi. Bunun fərqini bilmək üçün istintaqçı və ya hakim olmağa ehtiyac yoxdur, ziddiyyət, əslində isə qərəzçilik göz qabağındadır.
– Maraqlıdır, hər iki orqan bu boyda saxtakarlığa necə gedib?
– Bilirsiniz, müxalif düşərgədə olan bizim kimi adamlara qarşı yuxarıdan göstəriş veriləndə polis, prokurorluq və məhkəmə ən elementar hüquqi proseduralara belə əməl etmir. Əgər Daxili Işlər Naziri həbsdə olan qatı cinayətkar Abuzərovu küçədə qaçırırsa, nazirliyin daxilində yüksək rütbəli polis zabitinin başçılıq etdiyi insan oğurluğu və qətlləri ilə məşğul olan terrorçu dəstə saxlanılırsa, hansı hüquqi prosedurdan danışmaq olar. Ramil Usubovun kabineti ilə nazirlikdəki cinayət yuvasına çevrilmiş Hacı Məmmədovun kabinetinin arası heç 50 metr deyildi. Necə ola bilər ki, nazirin bu cinayətlərdən xəbəri olmasın. Axı bizim qanunlarımızın keşiyində dayanmalı olan baş prokuror Zakir Qaralov vaxtilə rayon prokuroru işləyərkən “Sirk” restoranında baş vermiş bir dalaşma hadisənin istintaq sənədlərində xəsarətin dərəcəsini dəyişdiyinə görə az sonra Respublikanın baş prokuroru Murad Babayev onu vəzifəsindən, ümumiyyətlə, prokurorluq orqanlarından azad etmişdi. Indi kim-kimədir. Ona görə heç nəyə təəccüblənməyin, bizim qanunların keşiyində məhz belə adamlar dayanır. Bakı Şəhər Prokurorluğunun dövlət ittihamçısı kimi çıxış edən şöbə prokuroru Tahir Vəliyev, şikayətçi olmaya-olmaya iki azyaşlı uşaq anası Günel Həsnliyə 263.1 maddəsi üzrə ən yüksək, iki il məntəqə tipli cəza tələb edəndə buna heyrətlənmək lazım deyil. Bir anlığa təsəvvür edin, Ilyas Ismayılov Respublika Prokuroru olanda belə şey baş verə bilərdi?
– Amma hər şeyin bir əndazəsi olmalıdır da…
– O əndazə həddini biz çoxdan keçmişik. Baxın, mən hüquq və tibb elmi üzrə mütəxəssis deyiləm. Lakin bu işin saxtalaşdırılmasında elə məqamlar var ki, onları görmək üçün istintaqçı, tibb ekspert və hakim olmağa ehtiyac yoxdur. Məsələn, əgər yol-nəqliyyat hadisəsi zamanı hər hansı bir şəxs az ağır xəsarət alıbsa, həmin şəxs uzun müddətə (ən azı 21 gün) xəstəxana və ya ambulator şəraitdə müalicə almalıdır. Lakin Ədilə xanım sentyabr ayının 19-da hadisə baş verən gün qeyd edilən xəstəxanada müayinə olunduqdan və onda xəsarət izləri müəyyən edilmədikdən sonra bir daha tibb müəssisəsinə, xəstəxanaya, poliklinikaya və hansısa bir tibb məntəqəsinə müraciət etməyib. 86 yaşlı qadına müayinə zamanı duzlaşmaya qarşı dərman preparatlarından başqa hansısa bir müalicə kursu təyin edilməyib, hansısa ayrı bir dərman yazılmayıb. Axı “az ağır xəsarət” kifayət qədər ciddi bir xəsarətdir, həkimə müraciət etmədən sadəcə olaraq keçinmək mümkün deyil. Xüsusilə, 86 altı yaşlı bir insan üçün həkim nəzarətində uzun müddətə müalicə kursu almadan “az ağır xəsarətə” necə dözdüyünün tibbi və hüquqi izahı verilməli idi. Vəkil bu məsələ ilə bağlı vəsatət versə də, nədənsə hakim cənab Aqşin Əfəndiyev işdə olan bu ziddiyyəti araşdırmaqda maraqlı olmayıb.
ardı var