Azərbaycanın ən tanınmış politoloqundan ilginc 2013 proqnozu
Vəfa Quluzadə: «Rusiya üsyanlar böhranına yuvarlanacaq; Heç bir avtoritar ölkə bundan kənarda qala bilməyəcək»
Başa çatan 2012-ci il dünyada diktaturalara qarşı üsyanlarla yadda qaldı. Inqilabi hərəkatların baş qaldırdığı ölkələrin əksəriyyətində rejim dəyişikliyi baş versə də, proses hələ tam başa çatmayıb. 2013-cü ildə də bu prosesin davam edəcəyini gözləmək olar. Həmçinin bu il Azərbaycanda seçki ili olduğundan ölkədə maraqlı proseslərin baş verəcəyini proqnozlaşdırmaq da mümkündür. 2013-cü ildə ölkəmizdə və dünyada baş verə biləcək proseslərlə bağlı politoloq Vəfa Quluzadənin fikirləri ilə tanış olduq.
– 2012-ci il Rusiya və ABŞ-da prezident seçkiləri ilə yadda qaldı. Seçki ilindən fərqli olaraq bu il bu iki ölkə dünya siyasətində hansı addımlar atacaq?
– ABŞ-ı götürsək, Obama olduqca hörmətli və güclü prezidentdir. Amerika dünyada lider ölkə kimi öz mövqelərini saxlayacaq və gücləndirəcək. ABŞ-ın proqnozunu verəndə onu belə görürəm. Istirahətdən Vaşinqtona qayıtdı, Konqresdə “maliyyə uçurumu” məsələsin həll etdi, respublikaçılarla ümumi məxrəcə gələ bildi və qayıtdı istirahətinə. Yəni bu çox güclü prezidentdir, kompromisə də gedə bilir, öz iradəsini də həyata keçirə bilir. Amerikanın vəziyyəti dünyanın lideri olan ölkənin vəziyyəti kimidir. Onun çətinlikləri Rusiyanın çətinlikləri ilə müqayisəolunmazdır. Rusiyanın çətinlikləri dəhşətlidir və daha da dərinləşir. Amma Amerikanın çətinlikləri böyük, güclü dövlətin bəzi məqamları korrektə etmək, rəndələməkdən ibarətdir. Rusiyaya gəldikdə, RBK telekanalında bir astroloq çıxış etdi və dedi ki, bu il Putin üçün çox ağır il olacaq. Ola bilsin o hakimiyyətdən getsin. Səbəb də ondan ibarətdir ki, Saturn ulduzu altında Lenin də, Stalin də, Brejnev də, bir çox ruslar gedib. Amma eyni zamanda biz Rusiyada baş verənləri görürük. Rusiyada güclü protest hərəkatı oldu keçən il. Rus cəmiyyəti artıq bu rejimlə yaşamaq istəmir, başqa cür yaşamaq istəyir. Putin isə ölkəyə başqa cür rəhbərlik edə bilmir. Tək o yox, onun qurduğu bu sistem, rejim başqa cür ola bilmir. Medvedevin vaxtında balaca cəhdlər olmuşdu, amma Putinlə Medvedev arasında sövdələşmə bütün işləri korladı. Medvedev hakimiyyətdə qalmadı, Putin də ölkədə daha da irtica sistemini gücləndirməyə, yəni müstəqil rəyi, etiraz edənləri təqib etməyə başladı. Həmin astroloq deyir, təqiblər ona gətirib çıxaracaq ki, 2013-cü ilin axırında Rusiyanı üsyanlar bürüyəcək. Bu onun rəyidir, amma mənim rəyimlə üst-üstə düşür. Mən bunu əvvəldən də demişdim ki, Rusiya axırda üsyanlar böhranına yuvarlanacaq. Bu da neftin qiyməti bir balaca aşağı düşəndə baş verəcək. Çünki Rusiya yalnız neft və qazın hesabına yaşayan ölkədir. Bu çox təhlükəlidir. Rusiya öz ərzağını təmin etmir. Putin bu yaxınlarda çıxış edib dedi ki, Rusiyanın ərazisi dünyada ən böyükdür, biz gərək özümüzü ərzaqla təmin etməyi bacaraq. Indi görün, hakimiyyətdə on ildən artıq olan adam bunu indi deyir. Indi bacaracaqlarmı? Rusiyada böhrandı, iqtisadiyyat da batıb, korrupsiya aləmi bürüyüb, Müdafiə Nazirliyinin korrupsiyası dillərdə əzbərdir. Təhsil islahatları, səhiyyə islahatları həyata keçirilmir. Əhalinin olduqca sağlam, bacarıqlı hissəsi ölkənin tərk edir, ölkənin gələcəyini görmür. Bütün dünyanın fırıldaqçıları gəlir Rusiyada pul qazanmağa. Çünki Rusiyanın nefti, qazı, xidmət sahəsi pul qazanmaq üçün olduqca geniş imkanlar açıb. Onlar da gəlir ora. Ona görə də Rusiya Federasiyasının gələcəyi yoxdur, o mütləq çökməlidir. Indi görək nə vaxt olacaq. Putin rejiminin perspektivini görmürəm. Rusiya xalqının qaymağı xaricdədir. Qalanları da imkan əldə edən kimi ölkəni tərk edirlər.
“Diktatura sistemləri səhnədən gedir”
– Ötən il həm də bir neçə ölkədə diktatorların hakimiyyətdən getməsi ilə yadda qaldı. Yalnız Əsəd rejiminin müqaviməti davam edir. Bu il hadisələrin davamını necə görürsünüz?
– Əsəd rejimi ola bilsin, bir ayın içində yox, bir neçə ayın içində getsin. Çünki ona kömək edənləri çoxdur, Irandı, Rusiyadı. Ona görə müqavimət göstərirlər. Amma heç kəs, Rusiyanın özü də şübhə etmir ki, bu uzun sürsə də, müxalif qüvvələr hakimiyyətə gələcək və bu rejimin çökməsi labüddür. Ona görə Suriya çökəcək. Əgər biz bütün tarixə nəzər salsaq görərik ki, əvvəl bütün dünyada monarxiya rejimi, ondan əvvəl quldarlıq sistemi idi. Bütün bu sistemlər səhnədən gedir. Indiki diktatura sistemləri də səhnədən getməlidir və daha mülayim, liberal, demokratik rejimlərə, demokratik quruluşlara imkan yaratmalıdır. Ona görə bu ümumi dünyəvi prosesdir və heç bir ölkə ondan kənarda qala bilməyəcək.
“Iran rejimi içəridən laxlayır”
– Iran məsələsi də həllini tapmadı. Belə bir fikir var idi ki, Obama seçki ilində risk etmək istəmir və bu il müəyyən addımların atılması nəzərdə tutulub. Iranı bu il nə gözləyir?
– Hesab edirəm ki, Iran rejimini güclə aradan götürmək tamamilə avantüradı. Bunu heç vaxt etmək olmaz. Iran rejimi də içəridən laxlayır. Çünki Iranda yeni, kompüter nəsli yetişib. 80-ci ildə hakimiyyətə gələn rejim artıq tamamilə köhnəlib. Ona görə bu rejim mütləq dəyişməlidir. Buna da Amerika kömək edir, Irana qarşı embarqolar tətbiq edir. Iran da bunun qarşısında davam gətirə bilməyəcək. Iran artıq müttəfiqsiz qalır. Rusiya artıq əvvəlki kimi Iranın arxasında dayana bilmir. Çünki özü çətin vəziyyətdədir. Başqa ölkələr də həmçinin. Iran rejimi gərək özünə oxşar rejimlərlə ittifaq bağlaya bilsin. Dünyada Irana oxşayan rejimlər yoxdur. Iran təkdir. Bəlkə Afrikada, hansısa qəbilələrdə belə diktatura rejimləri var. Ancaq böyük dövlətlər arasında Iran nə Rusiya, nə Çinlə ittifaq yarada biləcək. Ona görə Iran rejimi sözsüz ki, aradan gedəcək. Amma hesab edirəm ki, bu, Iran xalqının iradəsilə baş verəcək. Buna Qərb də kömək edəcək, bu gizlin deyil. Amma bu rejimin dəyişməsinin yolu budur. Çox böyük ölkədir, burda müharibənin, bombardmanın, günahsız qanın axıdılmasının tərəfdarı deyiləm. Məndən də heç nə asılı deyil. Ancaq hesab edirəm ki, Amerika da bu addımı heç vaxt atmaz.
“Ölkədə xalqın iradəsinə uyğun dəyişikliklər olmalıdır”
– Cənubi Qafqazda baş verənlər ABŞ-Rusiya münasibətlərindən çox asılıdır. Bu il Azərbaycanda və Ermənistanda prezident seçkiləridir. Bu iki ölkə üzünü hansı tərəfə çevirəcək?
– Buna proqnoz vermək çox çətindir. Müxalifətin qarşısında duran qüvvələr güclüdür. Burda çox şey Qərbdən asılıdır. Heç kimə sirr deyil ki, dünyada baş verən inqilabların arxasında Qərb dayanır. Indi Qərbin marağındadırmı ki, Azərbaycanda situasiya dəyişsin, yaxud stabillik pozulsun. Yaxud Qərb stabilliyin davam etməsində maraqlı olacaqmı? Ermənistan Rusiyanın hökmranlığının altındadır, ancaq ordan çıxmaq istəyir. Onların Rusiyaya Serj Sərkisyan kimiləri hakimiyyətdə oturtmağa imkan verməməyə gücü çatacaqmı? Baxaq görək 2013-cü il bizə nə verəcək, cəmiyyətlərdə nə cür hərəkətlər olacaq. Hər bir ölkədə dəyişikliklər xalqın iradəsinə uyğun olmalıdır. Burda xarici qüvvələrin gəlib təkbaşına nəsə edəcəyinə inanmıram. Ona görə gəlin gözləyək.
“Qərblə siyasətin uzlaşmaması izolyasiyaya gətirib çıxara bilər”
– 2012-ci il Azərbaycan-Rusiya, Azərbaycan-Iran və Azərbaycan-Avropa Ittifaqı münasibətlərinin pozulması kimi də yadda qaldı. Bu istiqamətlərdə bu il nə gözlənilir?
– Pozulmaq sözü çox sərtdir. Hesab edirəm ki, bunların hamısında gərginlik müşahidə olunub. Avropa Ittifaqı, Qərblə siyasətin uzlaşmaması özünü büruzə verdi. Bu uzlaşmamalar izolyasiyaya gətirib çıxara bilər. Amma izolyasiya gələndə, bizim ölkə neftlə, qazla zəngindir və Avropanın neftimizə, qazımıza ehtiyacı var. Burda enerji faktorunun rolu nə cür olacaq. Ona görə hesab etmirəm ki, bu ziddiyyətlər gətirib böyük toqquşmaya çıxarar. Tənqidlər olacaq. Amma bəzi məsələlər daxildən qaynayan məsələlərdir. Məsələn, Azərbaycanda indiki şəraitdə inqilabi situasiya yoxdur. Çox vaxt bəzi ekspertlər inqilab məsələlərindən danışırlar. Əslində bizim cəmiyyətdə vəziyyət sakitdir. Bəzi qruplar narazıdır, tənqid mövqelərində dayanıblar. Hakimiyyət tənqid oluna bilər, hərdən bundan nəticə çıxarır, hərdən heç çıxarmır da. Azərbaycan-Rusiya və Azərbaycan-Iran əlaqələri isə soyuq qalacaq. Keçənilki səviyyədə olacaq. Mən nə Azərbaycan-Rusiya əlaqələrində, nə Azərbaycan-Iran əlaqələrində heç bir sarsıntı gözləmirəm. Gözləmirəm ki, Rusiya gəlib Azərbaycana qarşı böyük təxribat etsin, ya Azərbaycanda stabilliyi pozsun. Hərçənd Azərbaycan həmişə bu istiqamətdə hazır olmalıdır. Çünki Rusiyanın vəziyyətinin gərgin olması onları avantüraya itələyə bilər. Irandan da yalnız islam eksportu siyasəti var. Onlar Azərbaycanda islamçılığı və öz tərəfdarlarını gücləndirmək, onların vasitəsilə nəsə etməyə cəhd edəcəklər. Ancaq birbaşa Azərbaycana qarşı Iran heç nə edən deyil.
“Qarabağ məsələsinin həllinə Qərbin təzyiqi ola bilər”
– Ötən il Qarabağ münaqişəsinin nizamlanması prosesində də heç bir irəliləyiş olmadı. Bu il nə gözləmək olar?
– Lavrov bir bəyanat verdi ki, 2013-cü ildə həll edə bilərlər. Buna çətin inanıram. Çünki Rusiya Qarabağ məsələsini elə belə həll etmək fikrində deyil. Azərbaycandan çoxlu güzəştlər tələb edəcək. Tələb edəcək ki, Azərbaycan Gömrük Ittifaqına daxil olsun. Bu da Azərbaycanın müstəqilliyini itirməsi deməkdir. Ona görə inanıram ki, Rusiyadakı rejim çökməmiş və bu rejimin yerinə liberal qüvvələr gəlməmiş Qarabağ məsələsinin həllində irəliləyiş olsun. Başqa variant da ola bilər. Əgər Rusiyada düzgün düşünə bilirlərsə, onda başa düşməlidirlər ki, Qarabağ məsələsində onlar heç nə uda bilməyəcəklər. Bu məsələdən öz xeyrinə istifadə edə bilməyəcəklər. Qarabağ problemi onlara zərərdən başqa heç nə vermir. Ona görə xarici qüvvələrin də, Qərbin, Avropa Ittifaqının da təzyiqi ola bilər. Bu Qarabağ məsələsinin həllinə və Azərbaycan torpaqlarının azad olunmasına gətirib çıxara bilər. Bu variantı nəzərdə tutmaq lazımdır.
Fizzə