«Koroğlu» körpüsünə çıxaq, yoxsa teatrın damına?»
Akademik Milli Dram Teatrdakı qalmaqallar barədə mətbuatda bir çox yazılar dərc edilir. “Ekspress” qəzetinin 4-6 aprel 2015-ci tarixli sayında Israfil Israfilovdan alınan “Rəqabət olmayan teatr ölü teatrdır” müsahibəsindən sonra qəzetin növbəti müsahibi xalq artisti Nurəddin Mehdixanlı olub.
O, son üç ildə Milli Teatrda çox ciddi kataklizmlərin olduğunu, bu proseslərin 142 illik tarixə malik bir teatra heç də başucalığı gətirmədiyini deyib. Xalq artisti Həsənağa Turabov, Əliabbas Qədirov, Maqbet Bünyadovun direktor, Mərahim Fərzəlibəyovun baş rejissor olduğu dövrü bugünkü dövrlə müqayisə edərək o vaxt yaradıcı rəqabətin olduğunu, şəxsi savaşların olmadığını bildirib: “Hazırda Milli Dram teatrı bilet satışıyla fəaliyyət göstərmir, 90 faiz dəvətnamə hesabına tamaşaçı yığan bir teatra, dəvətnaməyə möhtac bir teatra çevrilib. Işıq borcu, su borcu və daha başqa nələrin borcu ödənə bilmir. Hanı 3 il öncə iclasda söylədiyi statistika – 100 faiz tamaşaçı, 100 faiz maliyyə? Mənim Israifl Israfilovla heç bir şəxsi düşmənçiliyim, rəqabətim yoxdur və ola da bilməz. Amma o nədənsə çox narahatdır, hər gün ”bufet və kabinet dostları" ilə oturub müzakirə edir, ciddi şəkildə danışırlar ki, Nurəddin Mehdixanlı direktor olmaq istəyir. Ancaq belə bir fikrim yoxdur, özünə də demişəm ki, orda arxayın otur. Mən o aktyorlardan deyiləm ki, başqa eşqlərə düşəm, tutaq ki, rejissor olmaq eşqinə düşəm.ÿAncaq bu teatra ömrümü, həyatımı vermişəm və mənimlə bərabər Milli Teatra ömrünü verən, 78 yaşla 35 yaş arası olan aktyorlarımız var ki, bu teatr onlarındır. Onlar bu teatra ömrünü verməyib ki, gəlib məhv edələr. Bu sözü cəsarətlə deyirəm, əgər haqsız sayılıramsa, o zaman dəfələrlə təklif etmişəm, yenə də xatırladıram, Israfil müəllim, Milli Teatrın yaradıcı heyətiylə iclas keçir, bütün məsələləri, dərdlərimizi orda müzakirə edək, qəzet səhifələrində yox. Ancaq razılaşmır, çünki yaxşı bilir ki, həmin iclasda həqiqətlər ortaya çıxacaq. Israifl Israfilov bu teatra direktor təyin olunanda 53 yaşım var idi, ancaq hazırda 58 yaşım var. Kim onlara ixtiyar verib ki, mənim ömrümlə və sənət həyatımla bu şəkildə ədalətsizliklə rəftar etsinlər. Neçə illərdir susdum, ancaq bizlər susduqca direktorumuz qəzet səhifələrində geniş yazılarla çıxış etdi. Istənilən televiziya kanalında Israfil Israfilovla debata hazıram, oturaq üzbəsurət danışaq, görək kim haqsızdır. Teatr yaradıcılıq məkanıdır, teatrın baş rejissoru olar, sonra truppa müdiri, sonra ədəbi hissə müdiri, sonra direktor. Direktor yaradıcı heyətin tapşırıqlarını yerinə yetirən, bu məhsulu bazara çıxaran, afişasıyla, reklamıyla, bilet satışıyla məşğul olan adamdır. Ancaq bizdə direktor hər şeydir, hakimi-mütləqdir. Məhz bu səbəblərdən teatr bu gündədir. Bu məsələlər öz həllini tapmalıdır. Milli Teatrın baş rejissor məsələsi və idarəetmə strukturundakı naqisliklər dəyişdirilməli, teatr bədii yaradıcılıq məkanı olduğundan səlahiyyət bölgüləri də buna uyğun olmalıdır. Bir sözlə, normal yaradıcılıq prosesləri başlamalıdır. Israfil Israfilov fəxrlə deyir ki, 9 ayda 11 tamaşa təhvil verdim. Bu nə deməkdir, 100 ton pambıq yerinə 150 ton pambıq verməkdir?ÿÿBu tamaşaları neçə nəfər tamaşaçı seyr edib, həmin tamaşalara xərclənən pullar qaytarılıbmı? Axı bu heç kimin atasının pulu deyil, 30-40 min pul tamaşanın hazırlanmasına xərclənsin, qazanc isə qəpik-quruş. Dövlətin pulunu havaya sovurmağa heç kimin ixtiyarı yoxdur. Hazırda bizim teatrda aktyor ən son pillədə, hətta qapıda dayanan gözətçidən belə aşağıda dayanır. Bu gün Akademik Milli Dram Teatrı başqa teatrların lağ-şəbədə obyektinə çevrilib". N.Mehdixanlı söyləyib ki, Milli Teatr hazırda maliyyə böhranı içindədir. Koridorlarda 10 işıqdan 7-si yanmır, qrim otaqlarında 4 lampadan 1-i yanır. Səbəb də o göstərilir ki, işıq pulunu ödəyə bilmirik: “Biz təsərrüfat hesablı təşkilatıq. Maaşımızı bütövlüklə dövlət ödəyir, teatrın kommunal xərclərini və digər ehtiyaclarını isə tamaşalardan qazandığımız pullar hesabına həll edirik. Deməli, yaxşı tamaşalar hazırlamaq lazımdır ki, tamaşaçı gəlsin və teatr pul qazana bilsin. Ayda iki dəfə təqdim olunan, tamaşaçı salonunda boş yer qoymayan ”Messenat" tamaşasını niyə repertuardan çıxardın? Mir Cəlal Paşayevin əsəri əsasında hazırlanan “Dirilən adam” tamaşasını niyə repertuardan çıxardın? Axı bu tamaşalar baxılırdı, salonda boş yer tapılmırdı. Türkiyənin 35 şəhərində böyük uğurla qarşılanan, Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” tamaşasını niyə repertuardan çıxardın, axı ən uğurlu tamaşa idi. Əli Əmirlinin “Varlı qadın” pyesi əsasında hazırlanmış, 50 anşlaq vermiş tamaşanı niyə repertuardan çıxardın? Qarabağ dərdimizdən bəhs edən “Hələ sevirəm deməmişdilər” tamaşasını niyə repertuardan çıxardın, məgər biz Qarabağ problemini həll etmişik? Belə uğurlu tamaşaların yerinə uğursuz tamaşaları guya ki, səhnələşdirdiniz. Tamaşaçı salonu söyə-söyə tərk edir. Yüksək standartlara cavab verən təmirli bina var, texniki baza var, maaşlar verilir. Bütün bunların müqabilində bizdən sadəcə uğurlu tamaşalar istənilir. Zəhmət çək, yaxşı sənət nümunələrini səhnəyə gətir, peşəkarlara həvalə et, bir sözlə, sat və qazan, başqa nə istəyirsən? Mədəniyyət və Turizm Nazirliyi sənə bütün ixtiyarı verib, xaricə olan qastrol səfərləri belə maliyyələşdirilir, başqa nə istəyirsən, Israfil Israfilov? Niyə bu həqiqətlər eşidilmək istənilmir? Biz eşidilmək üçün nə edək? Koroğlu körpüsünə çıxaq, yoxsa Akademik Milli Dram Teatrının damına?!".
Müsahibədəki məqamlarla bağlı Israfil Israfilovun da mövqeyini dərc edə bilərik.
Sosial şöbə