Keçən saylarımızda yazdığı ssenariyə görə haqqının rejissor Elmar Məmmədov tərəfindən tapdandığını deyən Şəfaqət Cavanşirli qəzetimiz vasitəsi ilə Azərbaycan Prezidenti yanında Gənclər fonduna müraciət etmişdi. Ssenari müəllifinin sözlərinə görə, E. Məmmədov onun “Mənim hekayəm” adlı ssenarisi əsasında hazırlanmış layihəni öz həyat yoldaşı Səttarova Bəyanənin adından Gənclər Fonduna təqdim edib. Sonradan müəllif ona düşən haqqı tələb edincə, rejissor fonddan pulu alıb xərclədiyini, artıq ona pul verə bilməyəcəyini bildirib.
Dünən yenidən redaksiyaya müraciət edən Şəfaqət xanım deyib ki, nə haqqını yeyən rejissor, nə də o layihəyə pul ödəyən GF onun pozulmuş hüququnu tanımaq istəmir. “FB profilində gülünc şəkildə adının qarşısına ”rejissor” yazan Elmar Məmmədov deyir ki, ssenarini yazan şəxsi, yəni məni tanımır. Guya o, öz layihəsinə pulsuz ssenari yazan axtarırmış və ssenarini rəfiqəmin əliylə məndən alıb. Guya bu barədə rəfiqəmlə mənim aramda şifahi razılaşma olub. Mən bu yalana gülmədən keçə bilmirəm. Amma müəlliflik hüquqlarım üçün də da sona kimi vuruşmaq fikrindəyəm” – deyir Ş.Cavanşirli.
Məsələnin təfərrüatlarını açıqlayan ssenari müəllifi deyir ki, E.Məmmədov Gənclər Fonduyla arasında müqavilə olduğunu bəyan edib. Halbuki layihə onun həyat yoldaşı Səttarova Bəyanənin adından təqdim olunub. “Gənclər Fondu məndən müqavilə istəyir. Amma müqaviləni bu Fond özü bağlamalıdır. E. Məmmədov və həyat yoldaşı dövlətin gənclər üçün yaratdığı şəraitdən sui-istifadə edib. GF isə bunu bilib susaraq bizdə çaşqınlıq yaradır…Belə çıxır ki, həmin fond E. Məmmədovu öhdəsinə götürüb ona himayədarlıq edir….və görünür ki, onların hansısa maraqları var. Əks halda, niyə indiyə kimi bu qədər müraciətləri cavabsız qoysunlar?. Bu problemdən yaxasını kənara çəkən Gənclər Fondunun sədri Fərhad Hacıyev və digər işçilər öz nizamnamələrini oxusalar yaxşı olardı…”
Ş.Cavanşirli GF-nun “Gənclərin Hüquqları – Festivalı” layihəsi keçirdiyini, amma başqa bir gəncin hüquqlarını tapdalamasını ironiya sayır.
“Gənclər Fonduna getdim, layihə rəhbəri Səttarova Bəyanənin hesabat verdiyi sənədi qarşıma qoydular. Istənilən fırıldaqçı çox sənəd hazırlaya bilər. Halbuki, Gənclər Fondu öz möhürü olan sənədi də mənə təqdim etməliydi. O ki, qaldı ssenariyə. Ssenarini ”Mən Qadınam” adlı hekayəm əsasında yazmışam. Hadisələr hekayədə də, ssenaridə də kənddə baş verir. Elmar Məmmədov özünü sənət fədaisi kimi göstərməsin ki, guya çəkilişlər Bakıda olmalıydı, yaxşı alınması üçün Lənkəranda çəkdik. Çox gülünc cavabdı. Bir filmin effekti məkanla yox, rejissorun işiylə ölçülür. Çox acınacaqlıdır, yoldan keçən özünə rejissor deyir. Filmin bərbad vəziyyətdə çəkildiyinə də bəri başdan əminəm. Əgər düşünürlərsə ki, bununla məsələni unutduracaqlar, yanılırlar. Mən öz hüququmun bərpasında israrlıyam və bununla bağlı başqa qurumlara da müraciət etməyi düşünürəm” -deyə müəllif bildirib.