«AtaHoldinq» və ona bağlı xeyli şirkət də Əliyevin qızlarına məxsus imiş
Leyla və Arzu Əliyevaların «Hughson Management»i daha nələrin sahibidir?
Şahvələd Çobanoğlu
“Azadlıq” radiosunun jurnalist araşdırmasında (müəllif Xədicə Ismayılovadır) Azərbaycanın mobil rabitə bazarında son illərdə peyda olan və xüsusi söz sahibi “Azerfon” şirkətinin ölkə prezidenti Ilham Əliyevin qızları Leyla və Arzu Əliyevalara məxsusluğu sənədlərlə sübut edilib. Bəlli olur ki, “Azerfon”un əsas təsisçiləri olan şirkətlər Panamada qeydiyyata alınıb və onların prezidentin övladları ilə bağlılığı danılmazdır. Panama Dövlət Qeydiyyatı Reyestrinin rəsmi saytında şirkətlə bağlı məlumatlarda onların hər ikisinin adı qeyd edilib (Məsələn, bax: https://www.registro-pub-lico.gob.pa/scripts /nwwisapi.dll/conweb/MESAMENU?TODO=SHOW &ID=528828 ). Yazıya əlavə edilmiş foto da bunu sübut edir.
Prezidentin övladlarına məxsus olan və “Azerfon”un təsisçisi Panama şirkətləri aşağıdakılardır:
“Hughson Management Inc”;
“Gladvyn Management Inc”;
“Grinnel Management Inc”.
Bu jurnalist araşdırmasını internet axtarışı ilə davam etdirsək, bəlli olur ki, prezident övladlarına məxsus “Hughson Management Inc” şirkəti Azərbaycanın ən böyük biznes qurumlarından olan “AtaHoldinq”in də əsas sahibidir. Şirkətin rəsmi saytında və sənədlərində göstərilir ki, onun təsisçiləri aşağıdakılardır:
“Hughson Management Inc.” – 51%;
“Asbet Limited” – 25%;
“Clonmel International Inc.” – 24%.
Bu məlumat şirkətin saytındakı maliyyə hesabatında da möhür və imza ilə təsdiq edilir (bax: http://www.ataholding.az /files/2009eng.pdf ).
Holdinqin rəsmi saytında 2009-cu ili əhatə edən, amma 2010-cu ildə hazırlanmış maliyyə hesabatında (http://www.ata- holding.az/files/2009az. pdf) aşağıdakı abzasa da rast gəldim. Mənə çox qəribə gəlsə də, onu necə var elə də dərc edirəm: “Cəmiyyət və onun törəmə müəssisələri haqqında məlumat. Qrupun birbaşa baş şirkəti Panama Respublikasının vergi rezidenti olan ”Hyuson Menecment Ink” şirkətidir (2008-ci il: “Hyuson Menecment Ink”, Panama Respublikası vergi rezidenti). Qrupa birbaşa nəzarəti cənab Heydər Əliyev həyata keçirir (2008-ci il: cənab Heydər Əliyev). Qrupun konsolidasiya prosesi aşağıda qeyd olunan hüquqi şəxsləri əhatə edir və burada onların fəaliyyəti barəsində qısa məlumatlar təqdim olunur…”.
Anlamaq çox çətindir, 2008-ci il hara, Heydər Əliyev hara? Digər tərəfdən, özəl şirkətə niyə Heydər Əliyev nəzarət edirmiş? Bunlar nəyəsə işarə versə də, düzü, bu fikirlərin hesabata necə düşməsi çox qəribədir.
Bəs birinci ailənin övladlarına məxsus “AtaHoldinq” nə ilə məşğuldur? Bu haqda sualı bəlkə də belə qoymalıyıq: nə ilə məşğul olmur? Bank işi, turizm, inşaat, sənaye, qida, lizinq, sığorta, texnologiya, telekommunikasiya, kənd təsərrüfatı, neft-qaz, alqı-satqı və bir sözlə hər şey…
“AtaHoldinq”ə daxil olan şirkətlər:
“AtaBank”
“AtaInsurance”
“AtaLeasing”
“AtaInshaat”
“AtaTourism”
“Interservice”
“Inter Tourism”
“AtaSecurity”
“AtaSanaye”
“Shemkir Et-Sud”
“AtaTreyding”
“AtaMarketing”
“AtaAqro”
“AtaTekhnologiya”
“AtaTelekom”
“AtaEnergy”
“Ata Neft Gaz”
“Shemkir Gushchulug”
“Sasa Et Mehsullary”
“ZayamKandMash Company”
“Shemkir Dash Cingil”
“AtaGida”
“AtaTekhnology”
“Cyber Net”
“AtaHolding Georgia”
Bundan əlavə, AtaHoldinq “Kapital Bank”ın 35%, “Bank VTB”-nin 48.99%-nə sahibdir. Şirkət çox sayda dövlət sifarişlərini yerinə yetirir və “Sinerji Azərbaycan üçün” şüarı ilə fəaliyyət göstərir.