“Neft lənəti” kitabında ölkəmizlə bağlı müdhiş məqamlar: “Gəlirlərin ən azı yarısı mənimsənilir”
“Azərbaycan hökuməti ölkəni Afrika və Yaxın Şərqin bir sıra dövlətləridən də geri salıb”
“Neft gəlirlərinə taleyini bağlamış Azərbaycan hakimiyyətinin pulları vətəndaşlarından gizlətməsi ölkədə siyasi gərginliyə aparan ən böyük amildir”. Bunu məşhur Amerika yazıçısı və iqtisadçı, Kaliforniya Universitetinin Cənub-Şərqi Asiya Araşdırmaları Mərkəzinin direktoru Maykl L.Ross deyir. Bu yaxınlarda işıq üzü görmüş “Neft lənəti: Neft sərvəti millətlərin inkişafını necə formalaşdırır” kitabı ilə (The Oil Curse: How Petroleum Wealth Shapes the Development of Nations) müəllif neftlə zəngin ölkələrin əksəriyyətində qeyri-sabitliyin səbəblərinə dair yeni müzakirələrə yol açıb.
Onun fikrincə, bir çox hallarda hökumətlər neft gəlirlərinin gizlədilməsində “kommersiya sirlərini” – beynəlxalq şirkətlərlə aralarında gedən danışıq və əməliyyatları bəhanə göstərirlər. Bu halda gizliliyin gəlirlərin qeyri-effektiv istifadəsinin qarşısını ala biləcək alternativ nəzarət imkanlarını da ortadan qaldırdığı “unudulur”. Müəllif neftlə zəngin postsovet respublikaları və Yaxın Şərq ölkələrini bir qayda olaraq, qeyri-demokratik olması, qeyri-sabit iqtisadiyyatı və vətəndaş müharibələri ilə fərqləndiyini xüsusi vurğulayıb.
Neft “lənəti”
Son 40 ildə dünyada neft istehsalçısı olan ölkələrlə qeyri-neft ölkələrinin adambaşına düşən ümumi daxili məhsulu arasında fərq o qədər də böyük olmayıb – cəmi 0,09%.
Bununla belə, amerikalı iqtisadçı Ərəb inqilablarının timsalında birincilərin üzləşdiyi “neft lənəti”ni xatırlayır: “Əslində söhbət neft ölkələrində ən azı külli miqdarda gəlirlərin daha yaxşı iqtisadi göstəricilər əldə etmək üçün verdiyi imkanın uzun müddət itirilməsindən gedir. Bu barıt bir gün partlamalıdır axı…”
Azərbaycan “unikal”dır
“Neft lənəti” kitabında Azərbaycandan da bəhs olunur. Müəllif yazır ki, hakimiyyət əhalini neft gəlirləri barədə məhdud məlumatlandırmağın unikal yolunu “tapıb”. Belə ki, hər il parlamentdə “büdcə” müzakirəyə çıxarılır, əslində isə real gəlirlərin ən azı yarısı büdcədə əks olunmayıb, ARDNŞ vasitəsilə mənimsənilir”.
“BBC Azərbaycanca”ya müsahibəsində Maykl L.Ross deyib ki, əslində Azərbaycanda şəffaflığa münasibət də “unikaldır” – gəlirlərinin toplanmasında həddən artıq şəffaflıq qorunduğu halda, onların xərclənməsində buna əhəmiyyət belə verilmir.
“Nüfuzlu “Açıq Cəmiyyət İndeksi”nə əsasən, Azərbaycan hakimiyyəti büdcədə yalnız məhdud məlumatlara çıxışı açıq saxlayıb və bu göstəriciləri ilə ölkəni “hətta Afrika və Yaxın Şərqin bir sıra dövlətləridən də geri salıb. Dövlət büdcəsinin böyük bir hissəsi elə dövlətin neft şirkəti tərəfindən israf olunur və bu, vəsaitlərin xərclənməsində daha artıq qeyri-şəffaflığa yol açır. Hərçənd, onu da vurğulamalıyam ki, hökumət məlumatların açıqlılığı baxımından bir sıra addımlar atıb”, – deyə amerikalı iqtisadçı bildirib.
Xarici investorlar qaçır
Bununla yanaşı Maykl L. Ross əlavə edib ki, azərbaycanlılar korrupsiyanın və qeyri-şəffaflığın xarici interstorlar üçün təhdidedici olduğunu, ölkə üçün isə iqtisadi pozğunluğa yol açdığını unutmamalıdırlar:“Korrupsiya riski ucbatından əksər xarici şirkətlər burada iş qurmağa tərəddüd edirlər. Bu, Azərbaycan kimi iqtisadi imkanları olan gözəl ölkə üçün əslində “biyabırçılıqdır”. Risklərə baxmayaraq, Qərbin bir sıra nüfuzlu şirkətləri son iki onillik ərzində burada neft əməliyyatlarına qoşulublar. Məsələ ondadır ki, Qərb neft məsələsində qeyri-sabit dövlətlərdən asılı olaraq qalır”.
Neft quyuları dindən də “müqəddəs” imiş
Rossun fikrincə, Yaxın Şərqdə kəskin dəyişikliklərin arxasında nə İslam, nə Ərəb amilləri durur, belə ki, oradakı rejimlərin “üslubu” onlar üçün neft quyularının dindən “daha müqəddəs” olduğunu göstərir:“Hətta inqilablardan əvvəl Yaxın Şərq avtoriratizmdən xali deyildi. Artıq heç kəsə sirr deyil ki, region ölkələri sadəcə neft çıxarıb satdıqlarına görə daha az azadlıqlara malikdirlər”. Müəllif neft ticarətinin şəriətlə pərdələnmiş “qanunlarına” da nəzər salır. Məsələn, bu sahədə çalışanlar arasında bir qayda olaraq kişilər qadınlardan daha üstünlük təşkil edir. Hərçənd, dinlə nəinki ayaqlaşan, hətta daban-dabana zidd “qanunlar” da mövcuddur. Məsələn, neft zənginlərlə kasıblar arasında məsafəni daha da genişləndirir, daha artıq ədalətsizliyə yol açır.
Nə etməli?
Professor “Bəs vəziyyəti necə dəyişmək olar?, Neft “lənəti” barədə hakimiyyətləri və xalqları duyuq salmaq üçün nə etmək lazımdır? Ən əsası, “xarici mesajlar”a uzun müddət əhəmiyyət verilmədikdə, mümkün faciənin miqyasını necə azaltmaq olar? kimi suallara cavabında iki əsas amili qeyd edib. Onun fikrincə, qQərb öz neft mənbələrini müxtəlifləşdirməli və nəhəng investorlarını milyonlarla dollar dəyərində neft müqavilələri bağladıqları rejimlərdən xərclər və gəlirlər haqqında məlumatların açıq olmasını təmin etməlidir. Azərbaycana gəldikdə, burada “neft lənəti”ndən qurtulmağın resepti “tamamilə şəffaf büdcə, xüsusilə də ARDNŞ-nin əməliyyatlarının ictimaiyyətə açıqlanması önəmlidir. Hökumətin maliyyələşdirdiyi layihələr etibarlı beynəlxalq şirkətlər tərəfindən audit olunmalı və bu əməliyyatlar açıq keçirilməlir. İnsanlar isə öz növbəsində gördüklərindən qane olmadıqda, hakimiyyəti dəyişikliyə və inkişafa vadar etməlidirlər.