Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Bu insidentin baş verməsi o qədər də pis olmadı. Doğrudur, telefon əlaqələrimin üzərində məhdudiyyətin olduğunu bildim. Amma hər halda, “müəyyənlik qeyri-müəyyənlikdən yaxşıdır”, deyə düşündüm. Dustaqlar da bu cür hadisələrdən hansısa nəticələr çıxarırdılar: “Ona qarşı xüsusi münasibət var!”
Bu nəticə neqativ deyildi, amma mən bu fərqli münasibəti öz tərəfimdən dərinləşdirsəydim, neqativə çevrilə bilərdi. Yəni, mənim davranışlarımda heç nə onu göstərmirdi ki, özümü buradakı kontingentdən fərqli aparmaq barədə düşünürəm. Həbsxana rəhbərliyinin müstəsna nəzarəti altında olmaq dustaqların mənə qarşı münasibətini istiləşdirirdi, onlar məni “it”lərlə heç bir halda yaxınlıq edə bilməyəcək adam kimi tanımaqdaydılar. Bu, yaxşı göstərici idi. Üstəlik, elə bugünlərdə baş verən başqa bir hadisə də dustaqların mənə qarşı münasibətində fövqəladə simpatiya yaratdı.
Burada bizim gəlişimizdən sonra dustaqların sayı 40-dan bir qədər artıq olmuşdu. Kollektiv balaca idi. Istər-istəməz hamının bir-birilə təması, tanışlıq söhbətləri, çay dəstgahı, yoldaşlığı olurdu. Gündüzün günorta vaxtı, növbətçi serjant korpusdan ümumi həyətə açılan ağır dəmir qapını şaqqıltıyla aralayıb (yeri gəlmişkən, bu qapı da bütün qapılar kimi yaşıl idi) uzun, 15-20 nəfərlik bir siyahı oxudu və adları siyahıda olanların hamısını Idarəyə apardı. Bu, “korpus xalqı”nın yarısından da artığı idi. Gedənlər bir saatdan sonra heç nəyi anlamamış və pərt şəkildə qayıtdılar. Ən birinci xəbəri Rəsul dedi:
– Axmaqlar!
– Nə baş verib?
– Heç nə. Camaatı sorğu-suala tutublar ki, o, sizə nə barədə danışır.
– O, yəni kim?
– Sən. Hamıdan soruşurlar ki, onunla nə barədə danışırsan, niyə bir yerdə oturmuşdun, çay məclisini kim düzəltmişdi, niyə siqareti məhz ondan istədin?..
– Hə. Maraqlıdır. Sən nə dedin?
– Mən? Nə deyəcəm? Dedim ki, dustaqdır, salmısız bura. Savadlı adamdır, hamı ondan nəyisə soruşa bilər. Həm də dedim ki, mən onunla “xlebnik”əm.
Bu hadisə vecimə də olmadı. Özümü belə bir əhvalat barədə eşitməmiş kimi apardım. Səhəri gün axşam bizim korpusun rəisi olan mayor Tərlan (maraqlıdır, o da şamaxılı idi, adı da Tərlan, bir az da dərinə gedəndə öyrəndim ki, Bayılda bizim starşinamız olan eyni adlı gizirlə, hətta eyni kənddəndir) məni kabinetinə çağırıb dedi:
– Sənin komendantla nə işin var?
– Komendant kimdir?
– O qoca kişi. Xələcli.
– Heç nə. Nə baş verib ki?
– Nə bilim, gedib Idarədə deyib ki, mənimlə məzələnir…
– Onunla məzələnməyə hələ nə vaxtım olub, nə də həvəsim. Mənim onunla nə işim var?
– Bilmirəm. Həm də üstünə qoyub danışıb ki, camaatı başına yığıb hökumətin əleyhinə təbliğat aparır.
– Tərlan müəllim, o xələcli bədbəxtin ağlına belə şeylər gələ bilməz. Qoca kişidir, dünyadan da xəbəri yoxdur. O nə bilir, hökumətin lehi nədir, əleyhi nədir? Burada komendant eləyib adını “müəllim” qoymusuz, elə bilirsiz nəyisə qanır. Birincisi, burada o kontingent yoxdur ki, onları başıma yığıb hökumət əleyhinə danışım. Ikincisi, hökumətin əleyhinə danışmağı kimsə mənə qadağan edə bilməz. Üçüncüsü, istəyirsiz, deyim bütün bu hoqqalar kimin uydurmasıdır?
– Kimin?
– Məsələn, “operçast”ın. O, özünü ağıllı sayıb, guya mənim davranışlarımla bağlı dosye yığır, amma bu diskriminasiya ilə bağlı mən onu məhkəməyə verəcəyəm. Qoy, gedib məhkəmədə cavab versin, görüm, dustaqları mənə qarşı qaldırmaqla hansı məqsədi güdür?!
Mayorun rəngi tutuldu. Deyəsən, “şantaj” işini gördü. Nəfəsini dərib dilləndi:
– Bax, mən sənin yerlinəm. Nə qədər uzaq getsək də, kəsişəcəyimiz yer var. Sənin işin olmasın, mən bu məsələni yoluna qoyaram. Idarədə də danışaram ki, belə şeylərə ehtiyac yoxdur.
Mayor sözünün üstündə durdu. Xələcli kişini başqa korpusa köçürtdülər. Idarədən bu cür “dosye” səfərbərliyi ilə bağlı tədbirlər də əsasən, kəsildi.
Amma bu xələcli kişi ilə bağlı bir hadisə həqiqətən də olmuşdu. O, 70-dən yuxarı yaşı olan arıq, mənasız bir adam idi. Mənasızlığı arıqlığına görə deyildi, təbii. Mən də yetərincə arığam və özümü o qədər də mənasız adam saymıram. Bu xələcli kişini hansısa keyfiyyətlərinə görə komendant qoymuşdular. Yəqin ki, bütün komendantlardan bu cür keyfiyyətlər tələb olunur. Amma bu yazığın bir qüsuru göz qabağındaydı: onun səsi güclə çıxırdı. Günün birində, axşam yoxlamasından əvvəl onun çığırmağa cəhd etdiyinin şahidi olmuşdum. Adam camaatı yoxlama üçün sıraya durmağa çağırırdı. Hərçənd, onun çığırmaq istəməsinə ehtiyac yox idi. Divardan eşşək boyda elektrik zınqrovu asılıb və yoxlamadan əvvəl 5 dəqiqə fasiləsiz olaraq ulayır. Xələcli kişi (yadıma düşdü, adı Cabir idi) çığırmaq cəhdlərini eləyəndə mən bir topa adamla həyətdə dayanmışdım. Onu səsləyib dedim:
– Ağsaqqal, özünü niyə həlak eləyirsən? Sənin səsin yoxdur. Burada yaxşı səsi olan adamlar var. Məsələn, “Toppuş”. Onu özünə müavin götür, vaxtı çatanda çığırsın səninçün.
Uşaqlar bərkdən gülüşdülər. Gülüşün ictimai gurultusunu həm də bir effekt artırırdı: “Toppuş” – üzdəniraqlardan biri idi…
ardı var