“DQR”dəki “seçkiləri” israilli müşahidəçilər izləyib
Elman Abdullayev: “Məsələ araşdırılır”
Iyulun 19-da qondarma Dağlıq Qarabağ Respublikasında keçirilən “prezident seçkiləri” heç bir beynəlxalq təşkilat və ölkə tərəfindən tanınmasa da, prosesi xarici müşahidəçilər izləyib.
Onların arasında İsrai nümayəndəsi də olub. Bu barədə “Regnum” agentliyi məlumat verib. Azərbaycan hakimiyyətinin dost elan etdiyi, ölkəmizlə 1,6 mlrd dollarlıq silah müqaviləsi imzalayan bir ölkənin belə addımı başa düşülən deyil. Əslində buna qədər də Israil vətəndaşlarının Dağlıq Qarabağa səfəri baş tutmuşdu. O zaman Azərbaycan Xarici Işlər Nazirliyi buna öz etirazını bildirdi. Bu dəfə qondarma respublikanın “seçkilərini” izləyən israilli müşahidəçilərlə bağlı hansı addım atılacaq?
Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu haqda dəqiq məlumatın olmadığını bildirdi. Ancaq bununla belə o, məsələnin araşdırıldığını və dəqiqləşdirəndən sonra ictimaiyyətə bu barədə məlumat veriləcəyini qeyd etdi: “Israil vətəndaşlarının Qarabağa səfəri olmuşdu, bununla bağlı açıqlama verdik. Ancaq indi müşahidəçilərlə bağlı dəqiq məlumat yoxdur. Bu məsələni araşdırırıq”.
Fizzə