Rəsul Quliyev 18 il sonra “Bişkek protokolu” ilə bağlı məsələyə aydınlıq gətirdi
Azərbaycanla Ermənistan arasında gedən Qarabağ savaşına dair atəşkəs razılaşmasının qüvvəyə minməsindən 18 il ötdü. Qarabağda gedən hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan bu razılaşma 94-cü il mayın 5-də Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş toplantı zamanı iki ölkənin müdafiə nazirləri tərəfindən imzalanıb. Razılaşmaya Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri arasında imzalanmış atəşkəs protokoluna əsasən imza atılıb.
Həmin vaxt Azərbaycan parlamentinin sədri vəzifəsini tutan Rəsul Quliyev qəzetimizə açıqlamasında Bişkek razılaşması və əbədi sülh sazişi ilə bağlı maraqlı məqamlara toxunub.
R.Quliyev əvvəlcə məlum razılaşmanın imzalandığı vaxt Bişkekə getmədiyini və həmin toplantıda iştirak etmədiyini bildirib: “Həmin vaxt Heydər Əliyevin Bişkekə getmək şansı yox idi. Çünki orda prezidentlər yox, parlament sədrləri görüşürdü. Mən də ona görə getmədim ki, o dövrdə Azərbaycanla Ermənistan arasında gedən Qarabağ savaşına görə vəziyyət çox gərgin idi. Mən də Azərbaycanı tərk etmək imkanında deyildim. Ona görə də Bişkekdə heç bir protokola imza atılmayıb. Bişkekdəki protokol Azərbaycana qaytarılıb. Azərbaycanda bu protokola imza atılıb. Ora mən tək yox, Şuşanın icra başçısının iştirakı ilə imza atmışam. Bu sənəd atəşkəs sənədi deyildi. Çünki parlament sədrlərinin imzası ilə belə bir hüquqi sənəd ola bilməzdi. Bunun üçün ona hökumət imza atmalı idi. Atəşkəslə bağlı sənədə isə may ayında müdafiə nazirləri tərəfindən imza atılıb. Bu, Bişkek protokolu yox, atəşkəslə bağlı sənəd idi. Özü də o müvəqqəti atəşkəs müqaviləsi idi. Müqavilə 94-cü ilin avqustuna qədər atəşkəsi nəzərdə tuturdu. Bundan sonra atəşkəs və əbədi sülh sazişinə Heydər Əliyev imza atdı. Təəssüf doğuran o Bişkek protokolunun tarixçəsi bundan ibarətdir”.
Bu illər ərzində atəşkəsin Azərbaycana, Qarabağ düyününün çözülməsinə nə verdiyinə gəlincə, R.Quliyev bu istiqamətdə irəliləyişin yox, ancaq geriləmənin olduğunu deyir: “Hələ 1996-cı ildə mən müsahibə verib demişdim ki, həmişəlik sülh sazişinə imza atmaq böyük səhv idi. Onu da bildirmişdim ki, 94-cü ildə Azərbaycan Qarabağ probleminin həllinə daha yaxın idi, nəinki 96-cı ildə. Indi isə Qarabağ probleminin həlli daha da çətinləşib, hətta müşkülə çevrilib. O vaxt ermənilər bizim işğal olunmuş rayonlarımızı qaytarıb Dağlıq Qarabağ məsələsini müzakirə etməyə razı idilərsə, indi heç rayonları qaytarmaq istəmirlər. Bizim Şuşamızda özlərinə turizm mərkəzi yaradıblar. Və Şuşanı ümumiyyətlə bizə qaytarmağı düşünmürlər. Təəssüf ki, ötən dövr ərzində Azərbaycan rəhbərliyinin apardığı siyasət Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsini müşkülə çevirdi. Buna Azərbaycan xalqının seyirçi mövqeyi də təsir edib. Elə bil ki, işğal olunmuş torpaqların bu xalqa aidiyyəti yoxdur. Bunun nəticəsidir ki, prezident Əliyev heç nəyə məhəl qoymadan Qarabağ problemini həll etmək istəmir”.