Əmrlərə tabe olmayan hərbi hissə tərksilah edilməli və buraxılmalı idi
1993-cü ilin mayında Surət Hüseynov o zamankı Müdafiə nazirinin də iştirakı ilə Şerbakdan çoxsaylı hərbi texnika və sursat hədiyyə aldı. O zamanlar Ağdərə ve Ağdam istiqamətində döyüşən ordu hissələrimiz texnika və sursat qıtlığı çəkirdi, oralarda dəfələrlə oldum və bir neçə dəfə Qazaxdan ora olan 300 kilometr yolla hərbi texnika gətirirdik ki, zəruri ehtiyacı aradan qaldıraq. Amma elə həmin zamanlarda Surət öz texnikasını Gəncədəki bokslarda saxlayırdı. Beləcə, Gəncədə arxayınlıqla oturub tamaşa edirdi, sanki qulağının dibində gedən müharibənin ona heç bir dəxli yox idi.
İsa Sadıqov
O, öz savaşına hazırlaşırdı və öz anını gözləyirdi. Azərbaycandan sonuncu ermənini də çıxarmaqda israrlı olan, bu məqsədlə müharibənin sona qədər aparılmasına çalışan adam ermənilərin Azərbaycan ərazilərini işğal etməsinə sakitcə tamaşa edirdi. O, hədəfə aldığı məqsədə nail oldu. Onların hamısının məqsədi milli hakimiyyəti gözdən salmaq, onun ölkəni idarə etmək imkanının olmadığını təlqin etmək, xalqın etimadını qırmaq və onu mənəvi cəhətdən əzmək idi. Müəyyən qədər də bu məqsədə nail oldular.
Indi isə bilavasitə Kəlbəcərin işğalı ilə bağlı məsələyə keçək. Bu barədə çox danışıblar və elə bu günlərdə də danışanlar az deyil. Amma nəyə görəsə, əsasən siyasətçilər bu barədə danışır, hərbçilərə isə sanki qulaq asmaq istəyən yoxdur. Bir hərbçi olaraq öz mülahizələrimi bildirməliyəm və güman edirəm ki, hərbçilərin əksəriyyəti mənimlə razılaşarlar: Kəlbəcərin işğalı birbaşa Surət Hüseynovun cinayətidir. O, bir gecənin içində qoşunları cəbhə xəttindən çıxararaq Gəncəyə gətirdi. Erməni qoşunları Ağdərə istiqamətinə çıxanda Kəlbəcər faktiki olaraq üç tərəfdən mühasirə vəziyyətinə düşdü, dördüncü tərəfdə isə keçilməz Murovdağ keçidinin ümidinə qaldı.
Belə şəraitdə Kəlbəcəri necə xilas etmək olardı? Yalnız bir yolla: bütün qüvvələri bir yerə toplayaraq ciddi əks-hücuma keçmək və qısa müddətdə erməniləri əvvəlki, yəni Surət Hüseynovun qoşunları çıxardığı vaxtdan öncəki mövqelərinə qovmaq yolu ilə. Bu, yeganə çıxış yolu idi, amma həmin ərəfədə bu imkanlar da yox kimi idi. Yenicə nazir vəzifəsinə təyin edilmiş Dadaş Rzayev ilk növbədə bu məqsədi hədəf alaraq yeni hissələrin və briqadaların yaradılmasını sürətləndirməli idi. O isə bunun əvəzində hansısa anlaşılmaz islahatlar aparmağa girişdi.ÿ
Burada Xocalı sindromu da işə düşmüşdü: əhali Xocalı qətliamının onların da başına gətiriləcəyi xofuna düşüncə ciddi bir panika da yaşandı. Bu psixoloji məqam haqda əvvəlki yazılarımda qeyd etmişdim. Təəssüf ki, ermənilər başqa yaşayış məntəqələrini işğal etməyə girişəndə bu sindrom həmişə öz işini gördü. Deyəsən, biz hələ də bu psixoloji sindromdan yaxa qurtara bilməmişik.
Bunlar Kəlbəcərin işğal edilməsinin əsas səbəbi idi. Və Surət Hüseynov da özünü qınaqdan qorumaq üçün bir bəhanə tapa bildi. Təbii ki, bu, olduqca gülünc bəhanə idi. Guya ermənilər Gəncəni işğal edə bilərdilər, Surət də şəhəri qorumaq üçün öz qüvvələrini burada saxlamağa məcbur idi. Surətin təmizə çıxarılması üçün uydurulan bu bəhanəni dövriyyəyə buraxanların sayı da az deyildi. Orada Şadman Hüseynov, Əli Ömərov kimi adamlar bu işi görürdüler. Guya hakimiyyət Gəncəni ermənilərə təslim etməyə hazırlaşır, Surət isə şəhəri qorumaq üçün savaş aparır. Bu, çox yaramazcasına düşünülmüş düşük bir təbliğat şüarına çevrilmişdi.
Qeyd etməliyəm ki, o zaman ölkə prezidenti Əbülfəz Elçibəyin və diplomatik korpusun səyləri ilə qısa müddətdə BMT-nin Kəlbəcərin işğalı və işğal zonasının dərhal, qeyd-şərtsiz azad edilməsi ilə bağlı qətnaməsi çıxarıldı. Tələb təkidli və israrlı idi. Və ermənilər 1993-cü ilin iyun ayında işğal zonasından çıxmalı, bu əraziləri tərk etməli idilər. Amma bu, israrla və təkidlə hakimiyyətə can atan yaramaz ünsürləri qane etmirdi. Bu, hamıya aydın idi.
Özünə sadiq olan hərbi qüvvələri Gəncəyə yığan Surət Hüseynov hakimiyyəti tanımır və aşkar həyasızlıqla verilən əmrləri yerinə yetirməkdən imtina edirdi. Baxmayaraq ki, tutduğu vəzifədən azad edilmişdi, o, əlində saxladığı silah- sursatı və hərbi texnikanı təhvil vermək fikrində deyildi. Milli Ordunun bu texnikaya çox ciddi ehtiyacı vardı. O, bir neçə dəfə işdən çıxarıldığı haqda əmri qəbul edərək getməyə hazırlaşdığını söyləsə də, bu, yalnız quru sözlər idi. Gəncədəki 709-cu briqadada əyləşən, oradan bir addım da kənara çıxmayan Hüseynovun razılığı olmadan bu hərbi hissənin ərazisinə hətta Müdafiə Nazirliyinin müfəttişləri də buraxılmırdı. Bir neçə dəfə Müdafiə Nazirliyinin komissiyası gəlsə də, onlar həbs edilərək geriyə qaytarılmışdı. Surət Hüseynovu dilə tutaraq yola gətirmək cəhdləri də olmuşdu, məsələn, bildiyim qədərə, o zamankı daxili işlər naziri Isgəndər Həmidovun belə təşəbbüsləri vardı, amma bu cəhdlər də heç bir fayda verməmişdi. Belə ağır bir vəziyyətdə Konstitusion münasibətlərin bərpa edilməsi, 709-cu briqadanın buraxılması və orada olan hərbi texnika və silah-suratın yeni yaradılan hərbi hissələrə verilməsi üçün əməliyyat keçirilməsi zəruri idi.
Sual yaranır ki, bunu etmək zəruri idimi? Birmənalı olaraq deyirəm ki, bunu dərhal etmək lazım idi.
Ölkənin ikinci böyük şəhərində yerləşən, şəxsi heyəti əsasən narkomanlardan, fərarilərdən və cinayətkarlardan ibarət olan, sərəncamında külli miqdarda silah-sursat və hərbi texnika olan, əmrlərə tabe olmayan hərbi hissə bütün imkanlardan istifadə olunaraq tərksilah edilməli və buraxılmalı idi…
ardı var