AXCP sədri gənclərlə görüşdə İlham Əliyevə seçim imkanını göstərdi(FOTOLAR/VİDEO)
«Tezliklə Azərbaycanda da bütpərəstliyin məbədləri, avtoritarizmin qalaları yıxılacaq!
Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsinin təşkilatçılığı ilə bazar günü ADP qərargahında Əli Kərimli ilə 500-ə yaxın gəncin görüşü keçirildi. Görüşə qatılanların çoxluğundan zal tamamilə dolmuşdu, gənclərin bəzisi dəhlizdə tədbiri izləmək zorunda qalmışdı. Tədbirə qatılanlar arasında partiyaçılarla yanaşı, müxtəlif gənclər hərəkatlarının təmsilçiləri, bitərəflər də vardı.
Hesabat
Görüşün təşkilatçısı – AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı giriş nitqində ötən dövrdə gördüyü işlərdən, gənclərin fəallaşmasından danışdı, həmçinin hakimiyyətin gənclər siyasətini tənqid etdi: “Gənclər Komitəsi Azərbaycanda gənclərin siyasi, ictimai fəallığının artırılması və təşkilatlanması istiqamətində mühüm işlər görüb. Eyni zamanda, ölkə gəncliyinin maarifləndirilməsi, formalaşması, ictimai-siyasi proseslərdə aktiv iştirak edən gənclərin fəallaşdırılması istiqamətində tədbirlər həyata keçirib. 2 aprel aksiyasında bizim gənclər təşkilatının sıralarından, həmçinin digər partiyaların sıralarından və müstəqil gənclərdən həbs olunanlar var. Onların hüquqlarının müdafiə olunması istiqamətində Gənclər Komitəsi çox mühüm fəaliyyət göstərib. Bu gün AXCP-nin Gənclər Komitəsinin koordinatoru Cabbar Savalanlı, Elnur Məcidli, heç bir partiyanın üzvü olmayan Bəxtiyar Hacıyev, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı, Əhəd Məmmədli, Ülvi Quliyev və başqaları həbsdədir. Biz onların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstəririk”.
“Azərbaycan hakimiyyətinin gənclərə yönələn xeyirxah addımının şahidi olmamışıq”
Ə.Qurbanlı dedi ki, komitə ölkədə həyata keçirilən Azərbaycan hakimiyyətinin gənclər siyasətini, bu siyasətin 2 milyondan artıq Azərbaycan gəncliyinə nə verdiyini də təhlil edib, bu istiqamətdə tədbirlər həyata keçirib: “Ölkə gəncliyinin sosial-siyasi problemlərinin araşdırılması və bu problemlər ətrafında gəncliyin birləşməsi üçün işlər görmüşük. Mart-aprel aylarında ölkədə gənclər fəallaşan dönəmdə Azərbaycan hakimiyyətinin yadına gəncliyin qayğısına qalmaq düşdü. Bu məqsədlə ölkə başçısı yarıtmaz siyasətinə ”hə” deyən gəncləri başına yığıb növbəti 5 illiyə gənclər proqramını hazırlamağı tövsiyə etdi. Amma o proqramdan əvvəl 2005-2009-cu illərdə də Azərbaycan hakimiyyəti bir gənclər proqramı ortaya qoymuşdu. Əslində proqram bütün ölkə gəncliyinə şamil olunmalı idi. Ancaq biz araşdırdıq, sorğular göndərdik. Məlum oldu ki, böyük pulların xərclənməsi hesabına həyata keçirilən proqramın heç bir gəncə faydası olmayıb. Azərbaycan hakimiyyətindən biz gənclərə qarşı hər hansı xeyirxah addımın şahidi olmamışıq. Bu məqsədlə Gənclər və Idman Nazirliyinə də informasiya sorğusu göndərdik ki, proqramın nəticələrinin nədən ibarət olduğunu açıqlasınlar. Cavab verə bilmədilər. Ona görə ki, onlar bizim üçün, sizin üçün, iki milyondan artıq Azərbaycan gənci üçün heç nə etməmişdilər”.
Ayaqdayıq…
Ə.Qurbanlı bu ilin avqustunda təhsillə bağlı başlatdıqları kampaniyadan da söz açdı. Onun sözlərinə görə, bu müddət ərzində ölkədə xeyli gənc ictimai-siyasi proseslərə qoşulub: “Bizim partiyanın sıralarına yeni-yeni gənclər qoşulub. Ölkədə gənclər təşkilatları, ictimai təşkilatlar yaranıb. Azərbaycan gəncliyi bu repressiv mühitə, hakimiyyətin qorxu siyasətinə baxmayaraq, ayaqdadır və öz fəaliyyətini davam etdirir”.
Gənclər Komitəsinin fəalları Ilham Hüseynli, Ramil Qafarov isə gəncləri öz talelərinə, həmçinin ölkənin taleyinə biganə qalmamağa səslədi. Onlar yeni dövrün mübarizə vasitələrindən sayılan internetdən səmərəli istifadəni də həmyaşıdlarına tövsiyə etdilər. Ilham Hüseynli “başqa ölkələrdə vətəndaşlar nəinki öz hüquqları, hətta heyvanların hüquqları uğrunda mübarizə aparırlar. Bizim onlardan nəyimiz əskikdir?” deyərək mübarizədən yayınanları utandırdı. Ramil Qafarov Rusiyadakı yeni media ənənələrinin öyrənilməsini, gənclərin bloq və müxtəlif sosial şəbəkələrdə fəaliyyətə önəm verməsini demokratik mübarizə üçün vacib cəhət kimi vurğuladı.
AXCP sədrinin müşaviri Asif Yusifli, Rəyasət Heyətinin üzvü Seymur Həzi də gənclərin siyasi arenadakı rolu barədə fikirlərini bölüşdülər.
Ilham Əliyev bir, vicdan məhbuslarımız başqa cür tarix yazır
Daha sonra AXCP sədri Əli Kərimli ictimai-siyasi durum və gəncliklə bağlı fikirlərini toplantı iştirakçıları ilə bölüşdü. O, çıxışının əvvəlində həbsdəki 17 vicdan məhbusunu xatırladaraq dedi ki, hakimiyyət bu həbslərlə Azərbaycanda qorxu yaratmaq istəsə də, bu repressiyalar əks-effekt verib: “17 vicdan məhbusunun olduğu bir vaxtda görüşdəki sizin kütləviliyiniz onu göstərir ki, Azərbaycan xalqı azadlıq istəyir, belə repressiyalarla onu dayandırmaq olmayacaq. Bu gün hərə özünəməxsus tarix yazır, Ilham Əliyev isə Azərbaycanın adını Zimbabve ilə bir siyahıya qoymaqla tarix yazır. Vicdan məhbuslarımız isə qeyri şərtsiz azad olunmalıdır. Azərbaycanda 17 vicdan məhbusunun olması onun göstəricisidir ki, bizim ölkədə vicdanlı insanlar var, Azərbaycanı düşünən insanlar var”.
Təzəxan Mirələmli faktoru
Bütün dünya bu vicdan məhbuslarının azad olmasını tələb edərkən hakimiyyətin əqidəli cəbhəçi Təzəxan Mirələmliyə qarşı bütün resurslarını səfərbər etməsinə də AXCP sədri çıxışında yer ayırdı və bu olayı Əliyevçi hakimiyyətin antiinsaniliyi ilə əlaqələndirdi.
“Gəncliyə bütpərəstlik məbədləri yox, yaxşı təhsil, ev lazımdır”
“…Sərvətlərimiz amansızcasına dağıdılır. Sizlərə, valideynlərinizə, gələcək övladlarınıza çatacaq sərvətlər talan edilir. Mən hamının danışdığı korrupsiya layihələrindən danışmaq istəmirəm. O layihələrin 3-4 dəfə şişirdildiyini və o məbləğin mənimsənildiyini bilirsiniz. Sizə sadə müqayisələr təqdim etmək istəyirəm: bir tərəfdən Azərbaycan hökuməti büdcəsini doldurmaq üçün gediş haqlarını, yanacağın qiymətini artırır. O biri yandan isə tək 200 milyon manatı Heydər Əliyev mərkəzini tikməyə ayırır.
Azərbaycanın hər bir bölgəsində Heydər Əliyev parkı, muzeyi, mərkəzi tikirlər, nə qədər olar axı!? Azərbaycan gəncliyinə o bütpərəstlik məbədləri yox, yaxşı təhsil, ev lazımdır!”.
Lukaşenkoya göstərilən səxavət xalqa niyə rəva görülmür?
“Yalnız 2011-ci ildə 50 min adamın evini söküblər, daha 60 min ailənin evini uçurmağı planlaşdırırlar. Biz Ictimai Palata olaraq bu insanların haqqını qorumaq üçün bir imzatoplama kampaniyasına başlamışıq. Mən sizləri o kampaniyada aktiv olmağa səsləyirəm. Çünki hökumət insanların yeganə gözünü dikdiyi evlərin də pulunu vermək istəmir, buna xəsislik edir. Onun bazar qiymətini yox, üçdə birinin pulunu təklif edir, bəzilərinin isə heç əvəz ödəmədən evini başına uçurur. Belə qənaət etdiyi pullarla isə dünyanın ən mühüm qaniçən diktatorlarından birini – Lukaşenkonu bəsləyir”.
Rus inqilabı bizdə özünəinamı bərpa etməlidir
Rusiyada 40-50 min insanın demokratiya tələbi ilə meydanları doldurması bütün dünyanın diqqətini cəlb edib. Indi dəb düşüb, bilən də, bilməyən də, sevən də, sevməyən də Azərbaycan xalqını qınayır. Guya, bu xalq hamıdan zəifmiş, əfəlmiş, hamı inqilab edir, amma o bacarmır. Mən bununla əlaqədar sizinlə fikirlərimi bölüşmək istəyirəm ki, Azərbaycan xalqı barədə yanlış düşünməyəsiniz. Bir dəfə demişdim, yenidən təkrarlayıram:
Azərbaycan xalq o xalqdır ki, tarixdə ilk 18 gün gecə-gündüz mitinqlərini keçirib və rus tanklarının qarşısından geri çəkilməyib.
Azərbaycan xalqı o xalqdır ki, bütün bölgəmizdə ilk dəfə 1992-ci ildə qansız-qadasız məxməri inqilabı edib. Diqqət edək, mədəniyyəti, dövlətçilik tarixi ilə böyük rus xalqı isə 20 ildir demokratiya üçün bir şey edə bilmirdi. Bu ötən 20 ildə Azərbaycan xalqı 2003, 2005-ci illərdə qələbənin astanasında olub. Amma təəssüf ki, o zaman nə dünya bizi eşidəcək halda olub, nə də Azərbaycan hakimiyyətindəkilərin xalqı eşidəcək qanacağı olub. Ona görə də biz bugünkü vəziyyətə düşmüşük”.
Mübarizə bayrağını yenidən dalğalandırmalı
“…Keçən 20 il ərzində Azərbaycan siyasəti çox ciddi itkilər verib. Istiqlalçı nəslin böyük itkiləri olub. Bu gün meydanın bəlkə də bir az boş görünməsi, sülalə rejiminin özünü cəzasız hiss eləməsi onun nəticəsidir ki, ötən 20 ildə çoxsaylı insan bu və ya digər səbəbdən mübarizədən kənara çəkilib; dünyasını dəyişəni, mühacirətə gedəni də var, yorulanı, ruhdan düşəni də var. Indi onların hamısının yerini siz doldurmalısınız. Azərbaycan gəncliyi artıq meydanlara çıxıb bu xalqın mübariz ənənələrinə sahib çıxıb, onları yaşadıb yenidən mübarizə bayrağı qaldırmalıdır”.
Əliyevçi rejim tezliklə çökəcək
Tam məsuliyyətimlə deyirəm ki, Azərbaycanda sülalə rejiminin axırına çox qalmayıb. Siz xoşbəxt insanlarsınız, bizim nəslin tam 18 ilini bunlar mənimsədilər, məhv etdilər. 18 il həyatımızı Azərbaycanı işğaldan xərcləmək üçün işlətmişik, sizin isə həyatınızın böyük hissəsi demokratik Azərbaycanda keçəcək. Əminliklə deyirəm ki, Azərbaycanda sülalə hakimiyyətinin sonuna çox qalmayıb. Bunları təhlil əsasında deyirəm, mən şüarlarla fikrimi ifadə etməyin tərəfdarı deyiləm. Indiyə qədər azad olmayan, avtoritar rejimlərin arxasında duran nə idi? Birincisi, avtoritarizmə həyat verən dünya güc mərkəzləri. Indi onlar özləri sanki zəlzələdən sonrakı sarsıntı hallarını yaşayırlar. Onlar indi bir başqasını qorumaq hayında deyillər. Ikinci faktor, dünyanın daha böyük güc mərkəzi olan Qərbin sabitlik naminə, bəzən də guya islam fundamentalizmindən qorunmaq naminə demokratiyanın boğulmasına göz yumması idi. Bu da imkan verirdi ki, həmin sülalə rejimləri uzun müddət hakimiyyətdə qalsınlar.
Və nəhayət, ölkənin daxilində avtoritarizmi ayaqda saxlamaq üçün iki faktor var idi: Birincisi, mətbuat üzərində senzura, bunun vasitəsi ilə insanlar həqiqətlərdən məhrum edilmişdilər. Insanlar düşünürdü ki, narazı olsalar da təkdilər, başqalarından xəbərləri olmurdu. Insanlar olsa-olsa tənhalıq içində dissident həyatı yaşayırdılar. Bu gün internet o informasiya senzurasını məhv edib. Indi insanların internet vasitəsilə sərbəst və azad informasiya almaq imkanları var.
Ikincisi ondan ibarət idi ki, repressiv rejimlər qorxu yaratmaqla, hər cür narazılıqların qarşısını zorakılıqla almaqla özlərinin məğlubedilməz obrazlarını ortaya qoyurdular. Insanlar bir az qorxaraq, bir az da reallıqla barışaraq belə hakimiyyətin əbədiliyinə özlərini inandırırdılar. Amma bunların hamısı artıq keçmişdə qaldı. Indi artıq dünya çox kiçilib, informasiya, qloballaşma dünyanı kiçildib. Dünyanın hər hansı yerində baş verənlər anındaca hər yana yayılır. Nəticə etibarilə bütün dünya xalqları başa düşürlər ki, hansı diktator daha qəddardırsa, daha acı tale yaşayacaq. Beləliklə, hamı dərk edir ki, avtoritarizmin bütün qalaları aşacaq. Onların içində Azərbaycandakı sülalə rejimi də mütləq olacaq.
“Ilham Əliyev, uçurum səni gözləyir”
Amma o vaxta qədər hamımızın, eləcə də Ilham Əliyev və onun ətrafındakıların da seçim imkanı var. Onlar onsuz da labüd sonluğa, məğlubiyyətə gəlib çıxacaqlar. Bu məğlubiyyətə iki yolla gələ bilərlər: Birinci yol ondan ibarətdir ki, baş verənlərdən gec də olsa nəticə çıxarırlar, xalqa qarşı siyasətlərini dayandırırlar, xalqın mərhəmətinə ümid bəsləyib rəhm istəyirlər, islahatlara başlayıb özlərini birtəhər xilas etmiş olurlar. Ikinci yol bu gün onların getdikləri yoldur: Heç nəyə baxmadan öz güclərinə, pullarına arxayın olurlar, zalımlıqlarından əl çəkmirlər, addım-addım onsuz da yaxın olan uçuruma doğru irəliləyirlər. Bu da onların seçimidir, biz onların da seçim haqqına hörmət etməliyik. Özünüz bilin, ya bu xalqın iradəsi ilə hesablaşın, yaxud da uçurum sizi gözləyir, ora doğru gedin.
Çıxın meydanlara!!
“Sözümü çağırışla başa çatdırıram. Bu gün sizin mübarizə əzminizi gördüm. Məni çoxdan tanıyanlar bilirlər ki, Azərbaycanda avtoritarizmin qılıncının dalı da, qabağı da kəsən zamanlarda demokratiyanın qələbəsinə zərrə qədər şübhəm olmayıb. Bu bəşəri azadlığın Azərbaycan xalqının da haqqı olduğuna heç zaman şübhə etməmişəm. Amma bu gün dünyada baş verənlər və sizin çöhrənizdə gördüyüm əzm məndə inamı, ümidi daha da artırır. Sizə əminliklə deyirəm ki, o müqəddəs işi görmək, Azərbaycanı xilas etmək üçün bir gün də vaxt itirmədən, hamılıqla, daha ciddi, daha mətin, daha təşkil olunmuş mübarizəyə başlamalısınız. Çıxın meydanlara və Azərbaycan xalqına, bütün dünyaya göstərin ki, bu ölkədə yeni bir nəsil siyasətə gəlir. Elə bir nəsil ki, yüksək təhsillidir, nə istədiyini bilir, internet və dünya təcrübəsi ilə silahlanıb, elə bir nəsil ki, Məhəmməd Əmin Rəsulzadənin, Elçibəyin ideyalarına sadiqdir, elə bir nəsil ki, Azərbaycanın milli bayrağındakı dəyərlər sisteminə sədaqətlidir, elə bir nəsil ki, onun ürəyi azadlıq eşqi ilə döyünür. Allah sizi qorusun, sağ olun!!”.
Natiq Güləhmədoğlu