Yaxud, mübarizənin kitab fasiləsi
O gün mütləq gələcək. O günlərdə, bu günləri acı keçmiş kimi xatırlayacağıq. Nə yaxşı ki, yeni texnologiyalar var. Yoxsa, bu gün baş verənləri gələcək nəsilə inandırmaq çətin olardı. Hamı elə bilərdi ki, biz rəvayət danışırıq, nağıl söyləyirik. Bəli, insanlara inandırmaq çətin olardı ki, 21-ci əsrdə ləyaqətli, vicdanlı, vətənpərvər, həqiqətpərəst olmaq təhlükəli idi. Amma xeyli dəlillər var ki, vicdanlı insanların şərlənib həbs edildiyini təsdiqləyəcək. Bu gün sifarişlə hökm çıxaran hakimlər, üzəduranlar həmin günlərdə kiçilə-kiçilə etiraflar edəcəklər.
Amma hələ ki, bu gündür. Və bugünlərdə AXCP-nin 3 üzvü “polisə müqavimət” ittihamı ilə həbs edildi. Sanki, cəbhəçilərin “polisə müqavimət” həmrəyliyi var. Ötən il də 6 cəbhəçini eyni ittihamla həbs etmişdilər və bəndəniz də bu “müqavimət” göstərənlərin sırasında idi. Əslində, bu həbslərdə “müqavimət” amili var. AXCP- müqavimət cəbhəsidir. Bu cəbhədə yer alanlar, zülmə, zalıma, ədalətsizliyə, talançılığa, yalançılığa müqavimət göstərirlər. Təbii ki, hakimiyət bu həbslərlə ən effektli silah hesab etdiyi qorxunu cəmiyyətə yaymaq istəyir. Amma müqavimət əzmi yüksək olan cəbhəçilər bu silahın öldürücü olmadığını sübuta yetirdilər. Hətta “qorxu silahı”nın güllələri cəbhəçiləri yenidən dirilməyə məhkum etdi. Əgər həbslər qorxu yarada bilsəydi, indi AXCP-nin sıralarında 5-6 nəfər adam qalmışdı. Amma 20 ildən artıq müddət ərzində davam edən həbslər, azadlıq eşqinin artmasına xidmət etdi. Repressiyaların ən güclü olduğu dövrlərlə müqayisədə bu gün AXCP daha güclüdür. Seymur Həziyə 6 il həbs cəzası veriləndən sonra AXCP-yə 60-dan çox gənc qoşuldu. Murad Ədilovun, Asif Yusiflinin, Elvin Abdullayevin həbsindən sonra da bu tendensiya davam etdi. Artıq cəbhəçilər qəbul etdilər ki, həbsxana mübarizənin tərkib hissəsidir. Bu gün həbs olunmayan cəbhəçinin simasında bir məyusluq görünür, kompleks var. Çünki, həbs olunmadığına görə utanır, mübarizənin zindan mərhələsini keçmədiyi üçün natamamlıq hiss edir. Bu həbslərin fonunda yeni gənclərin mübarizəyə qoşulması onu göstərir ki, artıq insanlar qorxduqları üçün utanırlar, qorxuya təslim olmaqdan narahatlıq keçirirlər.
Deməli, Ruslan Nəsirlinin, Türkel Əlisoyun, Saqif Qurbanovun həbsi təşkilatlanmanı genişləndirir. Onlar cəmiyyət üçün dəyərə çevrilir, onların qətiyyəti yeni situasiya yaradır. Bu gün mübarizənin önündə olan insanlar elə bir cəmiyyət qurmaq istəyirlər ki, məhkəmələr sifarişli həbslərə, məmurlar haram pula, müəllim təhsilsizliyə, həkim xəstəliyə müqavimət göstərə bilsin. Bu insanlar cəmiyyətin müqavimət ruhunu oyatmaq istəyirlər. Bu gün “polisə müqavimət” ittihamı ilə həbs olunanlar, vətən və millət qarşısında vicdan ibadəti edən insanlardı.
Indiki məqamda bu həbsləri reallaşdırmaqla vətəndaşda yanlış təəssürat yaratmaq istəyirlər. Istəyirlər ki, cəmiyyət bu həbsləri mitinqlə əlaqələndirsin və müəyyən xof yaransın. Amma həbslərin səbəbi bu deyil. Hakimiyyət gözəl başa düşür ki, növbəti aylarda ölkədə vəziyyət daha da pisləşəcək, işsizlik daha da artacaq, sosial-iqtisadi böhranın qarşısını almaq çətinləşəcək və insanlar hakimiyyətə qarşı daha aqressiv olacaqlar. Amma ümid edilər ki, mübarizənin önünüdə olan gənclər zərərsizləşdirilsə, bu qəzəb ətrafa sıçraya bilməz və bir müddət sonra vətəndaş quru çörək yeməyə də adaptasiya olunar. Bugünə qədər biabırçı şəkildə məğlubiyyətə uğramış avtoritar rejimlər də eyni təfəkkürün daşıyıcıları olublar.
Əslində, bu həbslər hakimiyyətin bugünə qədər apardığı əks-təbliğatı dağıdır. Cəbhəçilərin həbsi, cəmiyyətdə bu təşkilatın mövqeyini legitimləşdirir. Hamı anlayır ki, hakimiyyətin qarşısında bir qüvvə var və bu da Milli Şura, AXCP-dir.ÿ
Digər tərəfdən 20-25 yaşlı gəncləri şərləyib həbs etmək qalibiyyət deyil, əksinə hakimiyyətin “ağ bayraq” qaldırmasıdır. Regionun lider dövləti, analoqsuz inkişafa imza atmış hökumət, bu gənclərin qarşısında təslim olduğunu göstərir. Türkel, Ruslan, Saqif növbəti dəfə rejim üzərində qələbə qazandılar. Gələcək nəsillər öyərənəcək ki, hakimiyyət bu adamları, bu təşkilatları özü üçün təhlükə hesab edirmiş.
ÿBir sözlə Avropa Oyunları, Islam Həmrəyliyi oyunları keçirmək istəyənlər, bu ölkədə məhkəmələrin, hüququn, ədalətin, konstitusiyanın başına da oyun açıblar. Bu oyunu pozmaq istəyənlər, “polisə müqavimət” oyunu ilə üzləşirlər. Nə deyirik, oyunçu aparsın, vicdanla oynayan oyunçu.
ÿAmma sonda bir təşəkkürümü də çatdırmaq istəyirəm. Belə ki, cəbhəçilər üçün həbsxana kitab oxumaq fasiləsi deməkdir. Hər dəfə həbsdən çıxan adamlar 30, 50, 100 kitab oxuduqlarını söyləyirlər. Cəbhəçilər həbsxananı kitabxana kimi dəyərləndirirlər. Hakimiyyət şərait yaradır ki, mübarizə insanları intellektual müstəvidə də müqavimət yarada bilsinlər. Təşəkkür edirik, arabir belə həbslərə ehtiyac var. Xeyli kitablar var ki, gənclər vaxt qıtlığından oxuya bilmirlər. Deməli, bu həbslər vicdanlı insanların müqavimət ruhunu gücləndirəcək. Hakimiyyət isə “polisə müqavimət” ənənəsini davam etdirərək, müqavimətsizlikdən əziyyət çəkdiyini nümayiş etdirəcək.