Uşaq vaxtı nənəmizdən, babamızdan xeyli maraqlı nağıllar eşitmişik. Nağıllar uşaqlar üçün reallığı əks etdirir. Hətta elə uşaqlar var ki, bir gün nağıl eşitməsə yatmaqdan imtina edər. Bütün nağıllardan sonra isə göydən 3 almanın düşəcəyi iddia olunur. Maraqlısı budur ki, heç vaxt göydən düşməyən almaların ədalətli bölgüsü də aparılır. Həmişə bu almanın biri nağıl danışanın, 2-si digərlərinin payına düşür. Bu mövcud olmayan almalara görə o qədər incimişik, ağlamışıq ki…
Bütün bunları ona görə xatırladım ki, yaşadığımız ölkədə hələ də nağıl danışmaq dəbdən düşməyib. Bu ölkədə yalnız balaca uşaqlara deyil, ağsaqqallara, ağbirçəklərə, həkimə, müəllimə, alimə də nağıl danışırlar. Biz 20 ildən artıqdır ki, “analoqsuz inkişaf”, “yoxsulluğun kökünün kəsilməsi”, “işsizliyə son qoyulması”, “lider dövlət”, “əhalinin rifahı”, “qeyri-neft sektoru” adlı nağıllar eşidirik. Bu analoqu olmayan nağıl danışanlar cırtdanı, təpəgözü, divi geridə qoyublar. Bizim nağıldanışan hökumətimiz xəlbirdə su gətirməyi də, təpəgözə ikinci göz əlavə etməyi də, divin canını şüşədən qurtarmağı da bacarırlar. Milyonlarla yetkinlik yaşına çatmış insan isə heç bir sual vermədən, izahat tələb etmədən bu nağılın cazibəsində əriyir. 20 ildir nağıldan sonra düşən “alma”ları nağlıdanışan götürür. Indi bütün səalhiyyətlər də, mənfəətlər də nağıldanışana məxsusdur. Hökumətimiz sübuta yetirdi ki, bütün həqiqətlərə yalan donu geyindirmək ən möhtəşəm nağıldı.
Amma artıq nağıllar sona çatır. Nağıldanışanın ilham mənbəyi olan neft öz ömrünü bizlərə bağışlayır. Daha neftdən “alma” düzəltmək mümkün olmayacaq. Yavaş-yavaş “nağıl girov”ları dərk edəcək ki, bugünə qədər qulaq asdıqları, alqışladıqları nağıllar arzuların ölməsinə, taleyin şikəst qalmasına, ruhun kölələşməsinə xidmət edib.
Bəli, 20 ildir nağıla qulaq asanların başına alma əvəzinə fəlakət düşür. Hökumətin “biri var idi, biri yox idi” ənənəsi “heç nə yox idi” ilə əvəz olunacaq. Ölkə başçısı da etiraf edir ki, daha əvvəlki kimi olmayacaq. Daha cırtdanların investisiyası, təpəgözlərin sosial layihələri, divin qüdrəti olmayacaq. Hətta tıq-tıq xanımı çaydan xilas etmək üçün soğan qabığı da tapılmayacaq. Indi nağıldan ayılanların həqiqətlə tanış olmaq vaxtıdır.
Nağıla qulaq asanların cırtdanın nənəsinin yağ-yaxmacına həsəd aparacağı zaman yetişir.
Bu ölkənin vicdanlı, ləyaqətli, cəsarətli insanları 20 ildir bu nağılın pis sonluğu olacağının anonsunu verir. 20 ildir deyirlər ki, göydən səfalət, cəhalət, fəlakət düşəcək. Amma olmayan “alma”nın cazibəsi cəmiyyəti elə ovsunladı ki, “yanğın”ı söndürməyə cəhd edilmədi.
Indi nağıla qulaq asanlar nağıldanışanla, nağılı ifşa edənlərin mübarizəsinə tamaşa edirlər. Qəribədir, xeyirlə şərin bu mübarizəsi də adamlara nağıl kimi görünür. Ağ atlı oğlanın gəlişini gözləyirlər. Görünür, nağıllar o qədər inandırıcı olub ki, hələ də ümidlə yaşayırlar.
Ayılın, indi bunu təkcə biz demirik. Nağılbazlar da etiraf edirlər ki, bütün illəri nağıl danışmağa qurban veriblər. Onlar bizə qəddar padşahın zindanından danışanda ölkənin vicdanlı adamlarını şərləyərək zindana atıblar. Şahın milyardlarından danışanda, ölkənin milyardlarını oğurlamaqla məşğul olublar. Onlar AzTV-ləri “sehrli güzgü” kimi istifadə edib, bizə “cənnət”i göstəriblər. Biz həsrətlə alma gözləyərkən, onlar bağlarında palma ağacı əkdiriblər.
Bir sözlə, göydən ağır zərbələr gəlir. Başınızı qoruyun, nağıl qurtardı.