Haqsızlığın bir tərifi var. Amma bəzi haqsızlıqlar daha amansızdır, daha ədalətsiz və daha alçaqdır. Bəzən bu namərdlik haqsızlığın sərhədlərini aşıb çox irəli getdiyi, daha çirkin yollardan keçib hədəfə vurduğu üçün qisasçılıq sayılır artıq. Insanların tək özünü deyil, yaxınlarını, əzizlərini, canının bir parçası olanları nişan alan düşüncənin adı yoxdur. O, nəsə artıq əxlaq çərçivəsindən çıxmış, azmış, intiqam almağa hesablanmış bir şeydir. Son onilliklər tariximizdə bu qaniçənliyin bir çox acı nümunələri var. Ailələrimizdə 30-cu illərin bənzər ağrılarını dadmış neçə-neçə qurbanın tarixçəsi qalır bəlkə də. Amma bir gün özümüzün də gəlib eyni dəhşətləri yaşayacağımızı xəyalımızdan belə keçirməmişdik yəqin ki. Son on illik tariximizi siyasi düşüncəsi fərqli olan atalara görə övladlardan, övladlara görə atalardan, bir ailə üzvünə görə o birindən, qohuma görə yaxınından qisas alınması faktları zənginləşdirib, demək olar. Özünüz də xatırlaya bilərsiniz bir anlığa bu qisasçılıqdan nəsibini alanları. Mən hazırda yaxınları həbsxana həyatı yaşayan siyasi fəallardan bir neçəsinin adını çəkə bilərəm ancaq – AXCP sədri Əli Kərimli, hüquq müdafiəçisi Leyla Yunus, siyasətçi Rafiq Daşdəmirli, siyasətçi Tofiq Yaqublu, müxalifətçi yazar Natiq Adilov.
Bizim bu qəbildən olan siyahıdakı son qurbanımız Sənan Daşdəmirlidir. Inanclı və siyasətlə məşğul olmayan bu gəncin həbsolunma səbəbi atasıdır. Sənan AXCP Təşkilat şöbəsinin sədri olan atası Rafiq bəyin siyasi fəaliyyətinə görə hədəfə gəlib, həm də ən çirkin şəkildə – “narkotika” ittihamı ilə. Hələ ədalətsiz həbs o yana qalsın, atanın prinsipiallığına görə həbsxanada ona olmazın təzyiqlər edilib, işgəncə verilib. Amma nə dəyişir ki? Rafiq bəy öz əqidəsi naminə dəfələrlə həbsxanalardan keçmiş biridir. Sənan da onun övladıdır. Qəddarlıqla, zalımlıqla nəyi dəyişdirəcəyinizi sanırsınız?
Sokrat deyirdi ki, haqsızlığa uğramaq, haqsızlıq etməkdən yaxşıdır. Elə onun özü də ən böyük haqsızlığa uğradı sonunda. Əxlaq fəlsəfəsinin qurucusu sayılan filosofun düşüncələrinin əsasında əxlaqi dəyərlər dayanırdı. O, öz yenilikçi və cəsur fikirləri ilə dövrünün gənclərini zəhərləməkdə ittiham edilərək ölüm cəzasına məhkum olundu. Əslində, onun sürgünə getməklə ölümdən xilas olmaq şansı vardı, amma bir şərtlə – filosofluğunu buraxmalıydı. Sokrat ölümü seçdi, çünki onun üçün düşüncə və ideyalarından kənarda bioloji varlıq kimi yaşamaq maraqlı deyildi. Ona baldırğan zəhəri içirməklə öldürdülər. Bu səhnə fransız rəssamı Jak Luis Davidin tablosunda böyük ustalıqla təsvir olunur. Həmin əsərdə tanrılara qarşı çıxmaqda ittiham olunan Sokratın əli ilə göyü işarət etdiyi görünür. Müəllif bununla böyük filosofun onlara inanclı olduğunu və ölüm qarşısında qorxmadan dayandığını təsvir edir…
Dünyada inanc və ideyalarına görə haqsızlığa uğrayan, amansızlıqla cəzalandırılan minlərlə məşhur insanın hekayəti var. Onlara qarşı edilən amansızlığın səbəbini axtarmağa da dəyməz. Mütərəqqi fikirlər və böyük inanclar insanı hər kəsdən güclü edər. Güclü etdiyi üçün də çoxlarının kabusuna çevrilər, xof kimi başının üstündə dolaşar, canına üşütmə salar. Qorxu da çox qəribə hissdir, əvvəlcə insanda xof, sonra vahimə yaradar. Daha sonrası isə tam bir panika yaşantısıdır, hər şey diksindirər, şübhələndirər adamı, xəyalgörmə kölgəni buraxmaz və qorunma instinkti ilə çıxış yolunu hər kəsin cəzalandırılmasında görərsən. Indiki hakim rejimin durumu eynilə bunu xatırladır. Xatırladım ki, bu həm də mütləq intihara aparan dərin depressiyanın əlamətidir.