elnurastanbeyli@gmail.com
***
Şərhsiz
Ilham Əliyev: “Bizdə savadlılıq yüksək səviyyədədir, savadsız insan yoxdur” (15. 09. 2014).
Məleykə Abbaszadə: “…Çox acınacaqlı haldır ki, 9-cu və 11-ci siniflərin şagirdləri arasında oxumağı və yazmağı bacarmayanlar aşkar olunub” (11.02. 2015).
***
Xilas həmişə var!
Haqverdiyevin hekayələrindən ibarət kitabı çapa hazırlayırdım. Bu vəsilə ilə onu bir daha və daha diqqətlə oxumaq imkanım oldu. Və heç bir şübhəm qalmadı ki, ən qatı qaranlıqda belə onun kimi aydın, işıqlı, bəşəri düşünən insanları olan bir ölkənin xilas olmamaq kimi lüksü yoxdur.
Xilas mütləq var, hər şeyə rəğmən var! Başqa cür mümkün deyil.
Rəsulzadənin dediyi kimi: “Əgər bu millət minlərlə bivec mirzələrin içində Mirzə Fətəli Axundov kimi əjdaha yetişdirdisə, minlərlə bivec seyidin içində Seyid Əzim Şirvani yetişdirdisə, minlərlə baqqal içində Sabir yetişdirdisə, bu millətin işığı heç vaxt sönməyəcək”.
* **
Doğmalıq
Hərdən elə gəlir, eynəyim mənə gözlərimdən daha doğmadır.
***
Namazov sirri
Mən ölüm, əla hökumətdir.
Bir də görürsən, eyni seçki dairəsindən meydana üç Eldar Namazov buraxır.
Bir də görürsən, meydanda heç bir nəfər də Eldar Namazov yoxdur.
***
Bir gün taksidə
Sabunçuya bir restorana toya gedirdim.
“20 yanvar”da əyləşdim taksiyə, gethaget, toydan da dostlar tez-tez zəng edib harda qaldığımı soruşurlar. Axır dözməyib taksi sürücüsünə dedim, “ağsaqqal, hələ çox gedəcəyik?”.
Qayıdasan ki: “Tələsmə, Isa Qəmbərin sözü olmasın, yolun çoxunu getmişik, azı qalıb”.
Əlim qaldı üzümdə.
***
Ən çətin məsələ
Belarus prezidenti Lukaşenko Artur Rəsizadəni “Xalqlar Dostluğu” ordeni ilə təltif edib.
Indi bircə qalır Artur müəllimi tapıb bunu ona xəbər vermək.
***
Təmsil
Bir yapçı dəvədən soruşub ki, “dəvə qardaş, sənin boynun niyə əyridi?”
Dəvə də deyib, “get işinlə məşğul ol, alə, mən heç səndən soruşuram ki əlin niyə əyridi?..”
***
Istisna
Indi oxudum ki, Almaniyada həbsxanadan qaçmağa görə məhbusu heç bir əlavə cəza gözləmir. Hesab edilir ki, azadlığa can atmaq hər bir insanın təbii instinktidir və bunu cinayət saymaq mənasızdır.
Burada bəlkə də “hər bir insan” ifadəsi yerinə düşmür, azərbaycanlıları istisna etmək lazımdır.
***
Müşahidə
Son vaxtlar küçədə öz-özünə danışan adamların sayı artıb. Elə bu gün də belə bir halın şahidi oldum.
Məncə, bunun iki səbəbi ola bilər.
Bir: Insanlar dərdlərini deməyə adam tapmır, yaxud adamlar artıq başqalarının dərdini dinləməyə maraqlı və həvəsli deyil. Hərənin öz dərdi özünə bəs eləyir.
Iki: Xof mühiti. Insanların özlərindən başqa heç kimə güvəni, etibarı qalmayıb. Giley-güzarlarının başqa yerə yozulacağından, başlarına iş açacağından çəkinirlər.