Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Dəyərlərin itdiyi yerdə dəyərsizliklərin dəyər kimi çıxış etməsi normadır. Indi biz Azərbaycanda məhz bunu müşahidə edirik. Pul yeganə meyardır və onu əldə etmək üçün bütün yollar məqbuldur. “Realist düşünmək” – bu indi bizdə həyat həqiqətlərinin dərki deyil, tamamilə əksinə – həyat həqiqətlərinə qeyri-şüuuri, sırf bioloji səbəblərlə uyğunlaşmaqdır. Qarnı ilə deyil, qafası ilə düşünmək və yaşamaqdır.
Hazırda Azərbaycanda o adamlar realist düşüncə sahibi hesab olunur ki, onlar “zamanın nəbzi”ni tuturlar, Sistemin diqtə etdiyi yaşam şərtlərinə tabe olur və onlara uyğun davranırlar. Rüşvət almaq, başqasının cibinə girmək, yalan və yaltaqlıqla karyera və komforta çatmaq – artıq bunlar çoxluğun gözündə adiləşib, legitimlik qazanıb.
Həyatın heç bir romantikası qalmayıb. Onun heç bir çoxrəngliliyi, çoxsəsliliyi yoxdur. Əksəriyyət üçün hər şey yalnız bir şeydən ibarətdir – kimin üçünsə bu, daha çox qamarlamaq, kimin üçünsə daha çox yalan danışmaq, kimin üçünsə bu daha çox yaltaqlanmaq, kimin üçünsə bu daha çox əzməkdir. Yalnız ona görə ki, amansız yaşam mübarizəsində sağ qala bilsin.
Idealizm? Ondan, ümumiyyətlə, danışmağa dəyməz. Bu – Azərbaycan gerçəkliyində Don Kixotluğun başqa adı kimi qəbul edilir. Indi əksəriyyəti birləşdirən nöqtə ondan ibarətdir ki, “yüz fikir bir borcu ödəmir”. Ya da ən loru şəkildə desək: “fikir adamı sökür”. Fikir bərabərdir fəqir. Bir halda ki, səfalətdən, aclıqdan, işsizlikdən, həbsdən, zorakılıqdan başqa heç nə vəd etmir, fikirləşmək kimə və nəyə lazımdır? Ideyalar quru populizmdir, axı onların arxasınca düşməklə nə qazanmaq mümkündür? Onlar nə qarın doyururlar, nə insanı ev, maşın sahibinə çevirirlər, nə kreditləri qaytarmağa kömək edirlər. “Bir qismət çörək” – bu gün Azərbaycanda var olan yeganə ideal, məqsəd, hədəf budur. Gülüş, qınaq, tənə obyekti olmaq istmirsənsə, həmin idealın ətrafında sıx birləşməlisən.
Siz bu gün nə qədər Azərbaycan ailəsində ölkənin indisi və gələcəyi ilə bağlı mübahisələrin getdiyini düşünürsünüz? Bu gün nə qədər Azərbaycan ailəsində fərqli və yaxud eyni ideoloji düşüncəni bölüşən adamlar şam yeməyindən sonra çay süfrəsi arxasında əyləşib öz ictimai-siyasi baxışlarını ortaya qoyurlar, dartışırlar, ayrı və ya ortaq nöqtələrdən çıxış edirlər?
Təsəvvürə gətirmək belə ağlasığmazdır, deyilmi?
Biz elə bir həyata məhkum olunmuşuq ki, orada mədə əsas bədən üzvü kimi çıxış edir. O, beyini də əvəz edir, ürəyi də. Mədə boşdursa, başın dolu olmağı nəyi dəyişir?
Axı bizə təklif edilən həyatda mənəvi olan heç nəyin dəyəri yoxdur. Siyasət – cinayətdir. Idealizm – Don Kixotluq. Həqiqət axtarışı – dəlilikdi. Ya da səfehlik. Ən yaxşı halda – fərasətsizlik.
Bizə təqdim olunan hazır yaşam reseptində hər şey onsuz da aydın və sadə dillə yazılıb: qafanla deyil, qarnınla düşünəcəksən. Insan deyil, kölə olacaqsan. Xalq deyil, təbəə olacaqsan. Sağ qalmağın başqa yolu – resepti yoxdur Azərbaycanda.
Elə ona görə də “vicdan əzabı” anlayışı artıq xeyli dərəcədə arxaikləşib. Ictimai mənada “xəcalət təri” haqqında daha çox filmlərdən eşitmək, romanlardan oxumaq mümkündür.
Hətta hərdən adama elə gəlir, dünya ədəbiyyatında yüz illər boyunca yaradılan ən pis, ən mənfi obrazlar kitablardan çıxaraq bizim ölkəmizdə canlanıblar, diriliblər, real insana çevriliblər və öz “prostoy vətəndaş” ömürlərini yaşayırlar. Həm də kitablardakı əməllərindən gerçək həyatda da əl çəkməmək şərti ilə!
Çünki artıq get-gedə ətrafında elələrini görürsən, heyrətlənirsən, dəhşətə gəlirsən, hətta ən ağır həyat şərtlərinin belə bu cür mənfur tiplər yarada biləcəyi ağlına batmır, fikirləşirsən ki, bu cür tip yalnız hansısa yazıçı təxəyyülünün məhsulu ola bilər.