Bir ay olar lamiyə Quliyeva Aərbaycanın informasiya gündəmində başlıca yeri tutur. Lamiyənin üzləşdiyi qanunsuzluq onu bütün ölkəyə tanıtmaqdadır. Indi hamı – qəzetlər, saytlar ondan yazır, yalançı-qondarma parlamentdə belə ondan danışılır. Müxalifətçi örtüyünə bürünmüş I.Ağazadə, yeri gəlmişkən, Lamiyə olayı ilə bağlı doğru-düzgün araşdırma aparılmasına çağırır, gəncliyindən gələcəyini qaralaya-qaralaya gedən Z.Oruc isə özümlü yolçuluğundan çıxış edərək Lamiyə olayını müxalifətə bağlamağa çalışır: “Necə olur, bu hay-küy bəzi QHT”-çilər, müxalifətçilər tutulandan sonra baş verir?" Doğrudan, necə olur: regionda ANALOQU olmayan dövlət belə düşkün durumla üzləşir?! Görünür, türmələrdə də “beşinci kolon” var. Ax, sizi!…
Dördüncü kolondakı Lamiyə
Lamiyə ilə bağlı yazıları oxuyan, çıxışları dinləyən qıraq, Azərbaycanı çox da tanımayan kimsələr, görəsən, nə düşünərlər? Çox ola bilsin, belə: ölkədə QANUNÇULUQ toxunulmazlıq statusu qazandığından bir Azərbaycan yurddaşı ilə bağlı QANUNSUZLUQ hamını etkiləyib ayağa qaldırıb! Belədirmi? Sözsüz, hamımızın yaxşı bildiyimiz kimi, belə deyil; Azərbaycan 1993-dən bəri böyük QANUNSUZLUQLAR içində boğulmaqdadır! Indi çoxları Lamiyəni qurban, Aslan Aslanovu oğlu ilə birlikdə bu yetim qızı (eləcə də “ömürlük” cəzalandırılmış Vüqar Əliyevi) qurbana çevirmiş qatı cinayətkar gözündə görür. Yazılanlar, deyilənlər hamısı bu yöndədir.
Bəlli olduğu kimi, istənilən görünüşə iki cür baxış var: anfas (qabaqdan), profil (yandan). Indiyədək Lamiyə ilə bağlı ortaya çıxan yazıların hamısını anfas yazılar saymaq olar. Başqa cür bunu biryönlü yazılar saya bilərik. Məncə, bu qonuda profil baxışına, başqa cür desək, ayrı yöndən yanaşmaya çox böyük gərək var. Bəri başdan bildirirəm: mən bununla Aslan Aslanovu duruya çıxarmaq istəyində deyiləm; mənim istəyim bütün gerçəyin, başqa cür desək, gerçəyin bütünlüklə ortaya qoyulmasıdır. Böyük çoxluq Penitensiar xidmət, Ombudsman aparatı, lap sonda Prokurorluq başda olmaqla “gerçəyi ortaya çıxarmaq” axtarışlarına girişib. Onların istəyi nədir: dustaqlıqda doğulmuş uşağın atasını axtarıb tapmaq. Belə düşük düşüncəyə görə, çətini uşağın atasını tapmaqdır, bu baş tutandan sonra bütün Azərbaycan üzrə qanunçuluq bayramı keçirmək olar. Hələ lap yuxarıda gərəkli bilinərsə, o günü Azərbaycanda QANUNÇULUQ GÜNÜ adlandırmaq da olar!
Sözsüz, uşağın atasının tapılıb bəlirlənməsi işində başlıca rolu dustaq doğulmuş uşağın anası (elə san, bizdə başqa uşaqlar dustaq doğulmurlar!) Lamiyə oynaya bilərdi. Bilərdi, ancaq Lamiyə bunu etmədi, axtarışı başqa yerə, hansısa dustağa yönəltdi. Sözsüz, bu inanılası deyil. Elə keçmiş rəis Müzəffərin dedikləri də inandırıcı deyil; gerçəklik bu iki yanıltmanın ortasındadır – bir başında Lamiyə, o biri başında Müzəffər dayanan yanıltmanın! Bu yazının yazılmasında istək başqa olduğundan detallara varmağı gərəksiz sayıram. Qoy detallarla yazıda adını çəkdiyim, çəkmədiyim dövlət qurumları uğraşsın. Mən oxuyub-bildiklərimin analizindən çıxış edərək, uşaqla bağlı gerçəyi Lamiyə – Müzəffər ortaqlığında axtarmağı uyğun görürəm.
Aslan Aslanov kimdir?
Aslan Aslanovun qısaca bioqrafiyası ilk baxışda, üzdən yanaşmada elə də önəm daşımır, ancaq gördüyümüz-bildiyimiz-tanıdığımız SIYASI SISTEM, bəlli rejim qanunlarından, davranış normalarından yanaşmaqla çox-çox uzaqlara gedib çıxmaq olur! Gəlin onun yığcam bioqrafiyasına baxaq, sonra uyğun analizlərə keçək. Aslan Aslanov: 10 avqust 1961-ci ildə Şəmkir rayonunun Əliyaqublu köyündə doğulub. 1993-cü il aprelin 11-dən 2005-ci il aprelin 11-dək Şəmkir rayon icra hakimiyətinin başçısı olub. 2005-ci il martın 24-dən 2013-cü il aprelin 11-dək (11-lərə bax!) Kənd təsərüfatı nazirinin yardımçısı (müavin) olub. Biologiya elmləri namizədi, Uluslararası Ekologiya Akademiyasının gerçək üyəsidir. Gürcüstan Respublikasının “Sədaqət” ordenini alıb.
Çox yığcam biçimdə belə, olduqca ilginc bioqrafiyadır. Göründüyü kimi, Şəmkirə icra başçısı qoyulanda onun hələ 32 yaşı da olmayıbmış. Burası ayrıca vurğulanmalıdır: o, AXC hakimiyəti dönəmində icra başçısı qoyulub. Azacıq sonra çevriliş yoluyla hakimiyətə yiyələnən H.Əliyev rayon icra başçılarını ucdantutma dəyişsə də, gənc Aslana toxunmayıb. Görəsən, niyə? Axı, H.Əliyev AXC kadrlarını “səriştəsizlikdə”, bacarıqsız “idarəetmədə” suçlayaraq hamılıqla işdən uzaqlaşdırırdı. Aslanı icra baçılığına gətirən, AXC ilə barışmaz yağılıqda bulunan hakimiyət dönəmində, özü də uzun illər iş başında saxlayan, bu azmış kimi onu daha da yüksəldən Gücün adı nədir? 2013-cü ildə, yaşının hələ elə də çox olmadığı, özünün çox güclü göründüyü çağda, onun karyerasını bitirən nə olub? Onun alim adı alması, sözsüz, indi bir çoxlarının etdiyi kimi, karyera yüksəlişi bazarlığına bağlı görsənişlərdəndir. Bəs, Gürcüstanın “Sədaqət” ordeni? Görəsən, bu orden ona Gürcüstanla bağlı hansı gizli-açıq qulluğa görə verilib? Bəlli deyil. Daha doğrusu, bizə bəlli deyil. Bəlkə, onun karyera batışı bu ordenə görədir – bilmirik. Ancaq Aslanla bağlı bilinənlər də az deyil.
Gəncəbasarlı qubernator
Bir ara, 1995-2005-ci illərdə, Gəncəyə tez-tez gedirdim. (O çağlar Gəncədə yaxınlarımız yaşayırdı). Demək olar, Gəncəyə hər gedişimdə Aslan Aslanovun, oğlunun ağlasığmaz işdəklərindən danışıldığını eşidirdim. Gəncəlilərin yaddaşında ata-babalarından qalma “qubernator” anlayışı vardı. Bilindiyi kimi, çarizm dönəmində Gəncədə qubernator oturardı. Aslan Gəncədə deyil, Şəmkirdə başçı olsa da, gəncəlilər ona Gəncə içində olmaqla bütün bölgənin qubernatoru kimi baxırdılar. Aslanla bağlı deyilənlər gəncəlilərin qubernator anlayışını, demək olar, bütünlüklə doğrulayırdı: Aslan bölgə adamları üçün Gəncəbasarın qubernatoru yerındəydi. El arasında deyildiyi kimi, oralarda Aslanın kəsdiyi başa sorğu-sual yox idi. Indi ortaya çıxan yazılarda onun oğlunun 20-dək qızı korladığı bildirilir. Bunlar o çağlar da danışılırdı. Mən Aslan özbaşınalıqlarının haralardan qaynaqlandığını bilmək istəyəndə onun arxasının Bakıda çox böyük, güclü yerə bağlı olduğunu bildirirdilər. Gerçəyə qalsa, bunu demədən də bilmək olurdu: böyük bir bölgəni bürüyən bir elə kriminal özbaşınalıqlar, tək bir rayonda deyil, bütün bölgədə at oynatma faktı elə-belə ola bilməzdi. Özü də H.Əliyev dönəmində!
Bir daha demək, vurğulamaq gərəkir: Aslanla bağlı bu gün yazılıb yayılanlar çağındaca hamıya bəlli idi: Şəmkirdən, ta Bakıyadək! Hə, Şəmkirdən Bakıyadək!! Asalanla bağlı Bakıya göndərilən çoxillik, çoxsaylı gileyləri bir qırağa qoyuram. Gəlin görək Şəmkirdən Bakıyadək olan arada neçə yüz dövlət qurumu var: Icra hakimiyətləri, Polis, Prokurorluq, MTN, YAP-ın yerli qurumları. Şəmkirdən, Gəncəbasardan Bakıyadək! Bunlar Aslanovların bütün sınırları aşan qanun-qadağa tanımayan işdəklərinə – kriminal görsənişlərinə niyə illərlə göz yumublar, susublar. Niyə, niyə, niyə? Budurmu sizin dövlətçiliyiniz, qanunçuluğunuz? Bəlkə, Gəncəbasar bölgəsində ANALOQU olmayan Azərbaycan obrazını yaratmaq Aslan Aslanova tapşırılıbmış?! Görünür, beləymiş. Görünür, Aslan Aslanova istədiyi özbaşınalıqla xalqın gözünü qırıb qorxu altında saxlamaq göztərişi verilibmiş. Yoxsa, bir elə özbaşınalıqlar ÖZBAŞINA ola bilməzdi! Aslan Aslanov az yaşına baxmayaraq, bölgənin ağası yerindəydi. Ona elə geniş hüquqlar verən, o boyda yetkilərə yiyələndirən – superstatus qazandıran Güc vardı! O Gücün adı nədir? Aslanovların özbaşınalıqlarının sonucu olaraq türmədə doğulan uşağın atasının adından min qat önəmlisi o Gücün adının bilinməsidir!
YAP Azərbaycanı – detektiv roman
Baxın: L.Quliyeva ilə V.Əliyev 2003-cü ilin mayında o çağlar Şəmkir rayon icra hakimiyətinin başçısı olmuş A.Aslanovun oğlu Ruslanı öldürməkdə suçlu biliniblər. Azyaşlı olduğu üçün L.Quliyevaya 10 illik dustaqlıq, öldürmədə əli olmayan V.Əliyevə “ömürlük” cəzası kəsilib. Soruşdurma, bütün məhkəmə instansiyaları A.Aslanovun istəyinə uyğyn davranışlarda bulunub. 10 illik cəza başa çatana yaxın, 2012-ci ildə, A.Aslanov Lamiyəyə yenidən iş verdirib – 5 il 6 ay! Işin lap başlanğıcından A.Aslanov Polisin, Prokurorluğun, Məhkəmənin funksiyalarını öz üzərinə götürməklə Vüqarı, Lamiyəni, onların yaxınlarını cəzalandırma yolu tutub. Sonrakı gəlişmələrdən bəlli olduğu kimi, A.Aslanov başqa instansiyalar bir yana, Ali Məhkəmənin özündən də üstün yetki yiyəsi olduğundan, diktəsini onlara da yeridib. YAP rejimində buna “qanunun aliliyi” adı verilir. Bunlarsa YAP prezidentinin dedikləri: “Azərbaycan dövləti sosial dövlətdir, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur”. Gerçəkdən, dünyada ANALOQU olmayan Azərbaycan! Rejim yetkililəri tez-tez Azərbaycanda qanunçuluğun, demokratiyanın “bərqərar” olduğundan danışırlar. Bunlar hamısı oğru-korrupsioner rejim yalanları olmasaydı, Aslan Aslanov kimi bir çoxları qanunsuzluq-özbaşınalıq yolu tutmaqla qurbanlıq olmazdılar.
Bildiyiniz kimi, Aslan Aslanov Şəmkirin icra başçılığına gətiriləndə hələ onun 32 yaşı olmamışdı. Aslan anadan cinayətkar olaraq doğulmamışdısa, lap elə cinayətkar olaraq doğulsaydı belə, bütünlüklə qanunçu-demokratik demirəm, az-çox qanunların işlədiyi bir dövlətdə o, bunca özbaşınalıqlar edərək özünü, ailəsini qurbanlığa çevirməzdi. Eləcə də Aslan Aslanov kimi bir çox başqaları. Qubanın IH başçısı Rauf Həbibov, Ismayıllının IH başçısı Nizami Ələkbərov – bunlar hamısı deyil, “ilişib” vurulanlardı! Bugünlərdə redaksiyaya Şəkidən bir qadın gəlmişdi. Prezident Administrasiyasınadək hər yerə baş vurmuş bu qadın əli HƏR YERDƏN üzüldüyündən “Azadlıq”a üz tutmuşdu. Qadın Şəki IH başçısının qanuna ayqırı işdəklərindən – özbaşınalıqlarından danışırdı. Danışdıqları – böyük bir detektiv roman! Gerçəyə qalsa, o bir Şəki detektivi deyil, bütün Azərbaycan detektividir!
Şərh yaz:
{fcomment}