Dostlar, rejimin bədbəxt etdiyi qurbanlardan biri Lamiyə Quliyevanın başına gələnlərdən gec də olsa, xəbər tuturuq. Faktiki məhv edilmiş bu qızın acı həyat hekayəsinə lütfən, kriminaldan bəhs edən teleserial kimi baxmayın. Ya da hökumətin düşük saytlarının “Lamiyənin uşağının atası kimdir?” tipli suallarla oxuculara təqdim etdiyi kimi, olayı bayağılaşdırmayın. Gözümüzün qarşısında bir faciə baş verir. Biz bu faciənin son pərdələrini canlı olaraq izləyirik, amma indi əvvəlindən də xəbər tutmaq imkanımız var.
Təkcə Lamiyə Quliyevanın başına gələnlər normal ədalət mühakiməsi zamanı rejimin daşını daş üstə qoymayan ittihamnaməyə çevrilə bilər. Beləliklə, bu olayın ortaya çıxardığı eybəcərliklərə birlikdə nəzər salaq.
1. Əyalətlərimizin birində balaca padşahın ərköyün oğlunun törətdiyi cinayət, Lamiyəni 15 yaşında adam öldürməyə sövq edib. Bir gənc həyatını itirib, 2 gənc faktiki məhv edilib, 10-larla insan isə həbs və işgəncələrə məruz qalıb. Bütün bunlar isə ona görə baş verib ki, rejimin öz komandasında yaratdğı cəzasızlıq mühüti elə həmin məmurların və onların övladlarının hədsiz dərəcədə harınlamasına, azğınlaşmasına səbəb olub. İndi sual verirəm, Lamiyə Quliyeva məmurların və ya övladlarının harınlığının yeganə qurbanıdırmı, yoxsa bilmədiymiz başqa qurbanlar da var?
2. Lamiyə və Vüqar həbs ediləndən sonra onların ailələrinə də divan tutulub. Vüqarın atası bu iki ailədən 12 nəfərin həbs edilməsindən, onlara işgəncə verilməsindən, həyatlarına qəsd edilməsindən, əmlaklarının dağıdılmasından bəhs edir. Bu nə mənzərədir? Orta əsrlərəmi qayıtmışıq? Ölkədəki məhkəmə sistemi özünə hörmət hissini bu qədərmi itirib? Necə olub ki, ölkənin hüquq mühafizə orqanları, məhkəmə sistemi bir orta ranqlı məmurun kininin, hikkəsinin girovuna çevrilib?
3. Sən demə, bütün bunlar da məmurun qisas hissini təmin etməyibmiş. Lamiyə maksimum həbs müddətini günə-gün çəkdikdən sonra da azadlığa çıxa bilməyib. Məmurun uzun əli məhkəmə və prokurorluğu onun sifarişlərinin icraçısına çevirib. Ona qarşı 2 dəfə yeni, qurama cinayət işləri açıblar, həbs müddətini artırıblar, Lamiyəni əmin ediblər ki, o daha azad ola bilməyəcək. Vüqarı da unutmayıblar, cəzaçəkmə müəssisəndə belə adamı öldürməyə cəhd ediblər.
4. Nəhayət, bu faciənin sonunda Lamiyə cəzaçəkmə müəssisəsində uşaq dünyaya gətirməklə gündəmə gəlib. İctimaiyyət üçün önəmli olan odur ki, Lamiyə köməksiz vəziyyətindən istifadə edilərək zorakılığa məruz qalıbmı?
Və nəhayət, Lamiyə Quliyeva faciəsi zamanı çoxlu konkret cinayət hadisələri baş verib. Yalnız mətbuatda gedən materiallara ilkin nəzər yetirməklə vəzifəli şəxslər tərəfindən aşağıdakı cinayətlərin törədildiyi qənaətinə gəlmək olar (şübhə etmirəm ki, dəqiq, qərəzsiz, hərtərəfli istintaq aparılacağı təqdirdə başqa cinayətlərin də üstü açıla bilər)
1. İşgəncə – Cinayət Məcəlləsi, maddə 113;
2. Qəsdən sağlamlığa ağır zərər vurma – maddə 126;
3. Qanunsuz abort etmə – maddə 141;
4. Əmlakı qəsdən məhv etmə və ya zədələmə – maddə 186;
5. Ədalət mühakiməsinin, ibtidai istintaqın həyata keçirilməsinə mane olma – maddə 286;
6. Təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə – maddə 290;
7. Qnunsuz olaraq tutma, həbsə alma və ya həbsdə saxlama – maddə 292;
8. Bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarma – maddə 295;
9. Vəzifə səlahiyyətlərini aşma – maddə 309;
Xüsusilə qeyd etmək istəyirəm ki, yuxarıda sadaladığım cinayətlərin hamısı vəzifəli şəxslər tərəfindən, dövlətin onlara verdiyi səlahiyyətlərdən sui-istifadə etməklə həyata keçirilib. Bilmək lazımdır ki, bu faciəvi hadisələr zamanı təkcə Lamiyə Quliyevanın, onun keçmiş nişanlısı Vüqar Əliyevin, onların yaxın qohumlarının hüquq və azadlıqları tapdanmayıb, həm də dövlətin, xüsusilə hüquq mühafizə və məhkəmə orqanlarının nüfuzuna böyük zərbə dəyib.
İndi Baş Prokurorluğu və digər səlahiyyətli qurumları görəvə dəvət edirəm. Sübut etsinlər ki, bir balaca padşahın hikkəsilə törədilmiş bu cinayətlər və onları törətmiş cinayətkarlar dövlət səviyyəsində himayə olunmur. Bu cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etsinlər. Lamiyə Quliyeva cəzasını artıqlaması ilə çəkib, qondarma ittihamları onun üzərindən götürmək və onu azad etmək lazımdır. Vüqar Əliyevlə bağlı istintaq yenilənməli, yeni açılmış hallar nəzərə alınmalıdır.