Qələbənin 70 illiyi ilə bağlı mayın 9-da Rusiyada keçiriləcək parada İsveçin baş naziri Stefan Leven də qatılmayacaq. Bu barədə baş nazirin mətbuat katibi Anne Ekberq məlumat verib. Onun sözlərinə görə, buna səbəb Rusiyanın Ukrayna ilə bağlı məlum siyasətidir. Mətbuat katibi Finlandiya və Norveç kimi, İsveçdən də tədbirdə yalnız bu ölkənin Rusiyadakı səfirinin iştirak edəcəyini bildirib: «İsveç ikinci dünya müharibəsi zamanı Rusiyanın verdiyi itkilərə böyük hörmətlə yanaşır. Amma Rusiyanın Ukraynadakı siyasətinə görə, İsveç hökuməti üçün Moskvada təşkil olunacaq hərbi paradda iştirak etmək çox çətin olardı».
Rusiyanın dəvətindən imtina edənlər arasında Almaniya kansleri Angela Merkel, ABŞ prezidenti Barak Obama, Britaniya baş naziri Devid Kemeron, Avropa Birliyi Şurasının rəhbəri Donald Tusk, həmçinin Finlandiya, Hollandiya, Norveç, Yaponiya, Bolqarıstan, Polşa, Latviya, Litva, Estoniya, Gürcüstan kimi ölkələr də var. İsrailin prezidenti Reuven Rivlin də paradda iştirak edə bilməyəcək. Hələlik mərasimdə İsraili kimin təmsil edəcəyi bəlli deyil.
Gültəkin