Ekspertlərə görə, AKP daxilində baş verənlər partiyanın parçalanması ilə nəticələnə bilər
Türkiyədə siyasi gərginlik daha da dərinləşməkdədir. Ankara prokurorluğu artıq yüksək çinli iki məmur haqqında araşdırmaya başlayıb. Türkiyə hökumətinin sözçüsü və baş nazirin birinci müavini Bülənt Arınc və Ankara Böyükşəhir Bələdiyyəsinin sədri Məlih Gökçək barəsində cinayət işi başlanılıb. Buna səbəb isə AKP sözçüsü Bülənt Arıncın sensasion açıqlamalarıdır.
Qeyd edək ki, Arınc Türkiyə gündəmini zəbt edən açıqlamasında Ankara bələdiyyəsinin sədri Məlih Gökçəki korrupsiyada ittiham etmişdi. O, bələdiyyə sədrinin Ankaradakı boş torpaqları Fətullah Gülən camaatına yaxın olan işadamlarına satdığını bəyanlamışdı. Bu açıqlamaların ardınca isə Ankara Baş Prokurorluğu B.Arınc barəsində cinayəti bilib gizlətmə, M.Gökçək barədə isə M.Gökçəkin mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi açıb və araşdırmaya başlayıb. Cinayət işi sübuta yetirilərsə, bələdiyyə sədrinin cinayət məsuliyyətinə cəlb olunması üçün Daxili Işlər Nazirliyinə, Bülənt Arıncın isə toxunulmazlığı olduğu üçün Milli Məclisdən icazə istəniləcək.
Bu proseslərin Türkiyədə parlament seçkiləri ərəfəsində baş verməsi xüsusi maraq doğurur. Bundan başqa, hakim partiyada ilk dəfədir ki, bu cür fikir ayrılığı yaşanır.
Elxan Şahinoğlu: “Arınc AKP-dən istefa verərək özünə yeni partiya yarada bilər”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, hakimiyyət daxilindəki son toqquşma gözlənilən idi. Çünki B.Arınc öz mövqeyini sərbəst ifadə edən siyasətçilərdəndir: “Sonuncu dəfə Arınc Ərdoğanla razılaşmadığını açıq şəkildə bildirmişdi. Çünki Ərdoğan PKK ilə bağlı müəyyən məqamdan narazı qalmışdı. Bəlli oldu ki, Arınc Ərdoğanın fikri ilə razı deyil. Sonradan belə göründü ki, PKK işi ilə bağlı həmin maddəni Arınc özü hazırlamışdı. AKP-nin hakimiyyətdə olduğu dövrdə bu ilk hadisədir. Hakim partiya nizam-intizamı, monolitliyi ilə seçilirdi. Amma bu dəfə partiyada ciddi çat əmələ gəldi. Çünki partiyanın əsas fiqurlarından ikisi arasında ciddi polemika yaşandı. Əvvəlcə Arınc Ərdoğanı ciddi şəkildə tənqid etdi. Daha sonra isə o, Ankaranın bələdiyyə rəhbəri ilə toqquşdu. Arınc bu zaman Ankara bələdiyyəsi ilə bağlı ciddi faktlar ortaya qoydu ki, bu vəziyyəti daha da qəlizləşdirdi”.
E.Şahinoğlu hesab edir ki, Ərdoğanın Gülənə qarşı başlatdığı hərəkat Arıncı razı salmırdı. Çünki Arıncın həm gülənə, həm də onun yaratdığı hərəkata qarşı simpatiyası var idi. “Ərdoğanla Gülən arasında savaş başlamamışdan əvvəl Arınc Gülənin tədbirlərində iştirak edir, hətta belə bir bəyanat da verirdi ki, ”biz Hocanın yenidən Türkiyəyə qayıtmasını istəyirik". Ona görə Ərdoğanın Gülənlə savaşa başlamağı Arınca bir qədər problem yaratdı. Düzdür, Arınc Güləni müdafiə etmədi, dövlətin yanında yer aldı. Amma hiss olunurdu ki, o, bu savaşdan narazı idi. Təsadüfi deyil ki, Arınca qarşı ittihamın biri də məhz bu şəxsin məhz paralel dövlətə yaxın olması ilə əlaqəlidir", deyə E.Şahinoğlu vurğuladı.
Baş nazirin hər iki tərəfin ittihamları dayandırması ilə bağlı göstərişi olduğunu deyən E.Şahinoğlu vurğuladı ki, ona görə ittihamlar hazırda dayanıb. Amma parlament seçkiləri yaxınlaşdıqca hakim partiyada toqquşmalar yenidən təkrarlana bilər. “O da mümkündür ki, Arınc AKP-dən istefa verərək özünə yeni partiya yaratsın. Gülən hərəkəti də çox istərdi ki, Arınc Ərdoğandan ayrılsın. Gülən hazırda Türkiyə parlamentində özünə tərəfdarlar toplamağa çalışır. Amma bu istiqamət hələlik elə də güclü deyil. Ancaq bu hərəkata Arınc kimi siyasətçi rəhbərlik etsə, o zaman hakim partiya üçün ciddi problemlər yarana bilər”, deyə ekspert vurğuladı.
Vəfa Quluzadə: “AKP-nin parçalanması və siyasi proseslərin tam başqa siyasi məcraya keçməsi mümkündür”
Politoloq Vəfa Quluzadə bildirdi ki, Türkiyə regionun mühüm ölkəsidir. Türkiyənin hələ cavan ölkə olduğunu deyən V.Quluzadə bildirdi ki, Türkiyə durğunluğun olmadığı, daim inkişafın yaşandığı bir dövlətdir: “Türkiyədə həmişə baş verənlər inkişafa aparan proseslərdir. Türkiyədə demokratik proseslər inkişaf edir. Hazırda Türkiyədə baş verən proseslər göstərir ki, bu ölkənin siyasi palitrası nə qədər rəngarəngdir. Ona görə AKP-nin parçalanması və siyasi proseslərin tam başqa siyasi məcraya keçməsi mümkündür. Amma proseslər qanun çərçivəsində cəryan edəcək. Ona görə Türkiyəyə böyük təhlükələr yoxdur”.
V.Quluzadənin sözlərinə görə, Türkiyə potensialına görə zəngin ölkədir: “Ikinci Dünya Müharibəsindən sonra Almaniya tam dağılmışdı. Almaniyanın dirçəlməsində türklərin böyük rolu oldu. SSRI çökəndən sonra türk iş adamları Rusiyaya getdi. Onlar əmtəə bazarını ələ keçirdilər. Bu türk iş adamlarının işgüzarlığını göstərir”, deyə V.Quluzadə bildirdi.
Xəyal