Elxan Şahinoğlu: «Ərdoğanın belə bir hədəfi varsa, bunu reallaşdıracağı mümkündür»
“TRT Haber” telekanalının verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin yeni Konstitusiyaya ehtiyacı olduğunu söyləyib. Onun sözlərinə görə, bu il iyunun 7-də ölkədə keçiriləcək parlament seçkiləri yeni Konstitusiyanın qəbul edilməsi üçün təkan olacaq.
Prezident qeyd edib ki, indiki Konstitusiya ölkənin ehtiyaclarına cavab vermir.
Politoloq Elxan Şahinoğlu söyləyir ki, Ərdoğanın nüfuzu böyükdür və belə qalmaqallar da onun reytinqinə təsir edir. Politoloq Ərdoğanın hər zaman istədiyini əldə etdiyini yada salaraq onun yeni Konstitusiya hədəfi qoyduğu təqdirdə, buna da çatacağını söyləyir:
“Iyunda parlament seçkiləri olacaq. Ədalət və Inkişaf Partiyası ilk dəfə olaraq Ərdoğansız seçkilərə qatılacaq. Hadisələri izləyəndə görərik ki, öncələr cumhurbaşqanın yanına hökumət üzvləri tez-tez toplaşmazdı. Yəni bu, simvolik xarakter daşıyırdı. Indi isə Ərdoğan hökuməti mütəmadi olaraq toplayır və belə bir təəsürat yaranır ki, sanki o, həm cumhurbaşqanı, həm də baş nazirdir. Ona görə də Ərdoğan ola bilsin öz hüquqları və səlahiyyətlərinin artırılması istiqamətində ciddi addımlar atsın. Çünki belə bir istək əvvəllər də olub. Türkiyənin quruluşunu dəyişərək Fransadakı quruluşa bənzər bir sistem yaradıla bilər. Bu mənada onun yeni Konstitusiya yaratmaq kimi hədəfi varsa, bunu da edəcəyi mümkündür”.
Nigar