Nemət Əliyev: «Istisna deyil ki, hökumət vergiyə cəlb olunan bazaya görə minimum əməkhaqqı məsələsinə yenidən baxır»
Minimum əməkhaqqı anlayışına dəyişikilik edilməsi gözlənilir.ÿƏmək Məcəlləsinə dəyişikliyin edilməsi təklifi Həmkarlar Ittifaqları Konfederasiyası və digər sosial qurumlar tərəfindən irəli sürülüb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Idris Isayev “Hesab vaxtı”na açıqlamasında bildirib. O, irəli sürülən təkliflərin təfərrüatlarını açıqlayıb.
Idris Isayev bildirib ki, minimum aylıq əməkhaqqının hesablanması zamanı nəinki işçinin özünün, eyni zamanda onun ailəsinin də minimum tələbatları nəzərə alınmalıdır.
Bu sahədə maliyyə hesablamaları aparıldıqdan, beynəlxalq təşkilatların təcrübəsi öyrənildikdən sonra təkliflə bağlı müəyyən addımlar atılacaq. O xatırladıb ki, son 10 ildə artım tendensiyası əsasında əməkhaqları 16 dəfə artırılıb.
Görəsən, minimum əməkhaqqına yenidən baxılması hansı məqsəd daşıya bilər? Bu yolla büdcəni doldurmaq və yaxud vergiləri artırmaq məqsədi ola bilərmi?
Iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, qiymətlərin kəskin şəkildə artması fonunda əhalinin sosial vəziyyəti də ağırlaşır. Sosial-iqtisadi vəziyyətin ağırlaşması qiymətlərin bahalaşması nəticəsində baş verir. Ekspertin sözlərinə görə, qiymətlər bahalaşarkən hökumət əhalinin gəlirlərini də artırmalıdır. Ilk növbədə dövlət büdcəsindən maliyyələşən işçilərin maaşları artırılmalı olsa da, bu addım atılmır: “Bunun səbəbləri çox ola bilər, lakin ən azı, hökumət bu gün büdcə təşkilatlarında çalışanların maaşlarını artırmır. Minimum əməkhaqqıyla bağlı məsələnin üzərinə gedilirsə, deməli, burda başqa məqsəd var. Minimum əməkhaqqı vergilərin hesablanmasında istifadə olunur. Mümkündür ki, minimum əməkhaqqının səviyyəsini yuxarı qaldırsınlar. Əhalinin sosial vəziyyətini çox cüzi şəkildə artırmaq məqsədi ola bilər. Fəqət, əhalinin həyat səviyyəsini əsaslı şəkildə yaxşılaşdıracaq vacib addımlar atılmır. Minimum əməkhaqqının səviyyəsini bir az artırmaqla, vergiyə cəlb olunan baza ilə bağlı məqsədin olması mümkündür. Minimum əməkhaqqıyla bağlı məsələyə baxışın tam məqsədini zaman göstərəcək”.
Nigar