“Ən dəhşətlisi bütün bunların MƏKTƏBDƏ baş verdiyini düşünməkdir. Adamın başına hava gəlir. Bəs Lamiyənin müəllimlərinin, direktorunun, Şəmkirin təhsil şöbəsinin müdirinin necə, başına hava gəldimi? Görəsən, bu ölkənin təhsil naziri olubmu o zaman? Bu faciəyə necə susublar, onu necə ört-basdır ediblər?..”
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli gündəmin əsas mövzularından birinə çevrilmiş Lamiyə Quliyeva məsələsinə münasibət bildirib. O, özünün facebook səhifəsində yazır:
“Lamiyə ərəb sözüdür. Mənası parlaq, işıqlı deməkdir. Burada bir simvolika var. Bəlkə heç Hacı Məmmədov, Gülər Əhmədova hadisələri də "Azərbaycan həqiqətlərinə" Lamiyə olayı qədər işıq salmamışdı. Lamiyənin yaşadığı faciə əslində Azərbaycanın bütün hüquq-mühafizə sisteminin orta ranqlı bir məmurun əlində iflic olmasının təkzibedilməz sübutudur. Prokurorluq, məhkəmə və penitensiar sistem, onlara təzyiq göstərən icra srtukturu inanılmaz qanunusuzluqların girdabına düşüb, təkcə törətdikləri əməllərə qeyri-adekvat olan aşırı sərt cəza almış iki gənc – Lamiyə və Vüqar yox, həm də onların doğmaları, onlarla günahsız insan məhbəsə atılıb, həyatları zəhərlənib. Ancaq indi bu olayların məni ən çox göynədən, yandıran, içimi didən və bu vaxtadək kölgədə qalmış tərəfindən danışmaq istəyirəm. Lamiyənin 12 yaşında, yeddinci sinif şagirdi ikən məktəbdə təcavüzə məruz qalmasından… Adam fikirləşəndə beyninə qan sızır. Hamımızın balamız var. Hamımız gözümüzün nuru olan övladlarımızı müqəddəs bildiyimiz bu ocağa – məktəbə dərs oxumaq, tərbiyə almaq, xoşbəxt gələcəyinin təməlini qurmaq üçün göndəririk. Lamiyə də məktəbə bu arzularla gedirdi. Gerisi… Silahlı qoluzorlular, qudurğan məmur övladı, bu rüsvayçılığın keşiyini çəkənlər… və 12 yaşlı qızcığazın məhv olmuş həyatı, ömürlük qəlbinə gömdüyü xoşbəxtlik arzuları… İnsan olub bu mənzərəni təsəvvüründə canlandırmaq çətindir. Valideyn olub bunu etmək isə dəhşətlidir…Ən dəhşətlisi isə bütün bunların MƏKTƏBDƏ baş verdiyini düşünməkdir. Adamın başına hava gəlir. Bəs Lamiyənin müəllimlərinin, direktorunun, Şəmkirin təhsil şöbəsinin müdirinin necə, başına hava gəldimi, heç olmasa vicdanı sızladımı? Görəsən, bu ölkənin təhsil naziri olubmu o zaman? Bu faciəyə necə susublar, onu necə ört-basdır ediblər? Təhsil naziri də icra başçısından qorxubmu? Bu suallar Vüqarın yaxınlarının bu barədə etiraflarını oxuduğum gündən məni rahat buraxmır. Onlar təkcə Lamiyənin yox, 19 gənc qızın eyni faciə ilə üzləşdiyini yazırlar. Bəs onların taleləri necə olub? Görəsən bu gün necə, harın, qudurğan məmur balaları yenə də eyni əməlləri törədirlərmi? Bu gün ucqar bölgələrdə yaşayan qızlarımız eyni aibətlə üzləşə bilərlərmi? Bu suallar hamımızı narahat edir və bu suallara hörmətli təhsil nazirimizdən cavab gözləyirik”.