Baş əməliyyat müvəkkili Elman Tərlanov AXCP fəalına işgəncə verib
Lənkəran Ağır Cinayətlər Məhkəməsində AXCP üzvü Murad Ədilovun işi üzrə növbəti proses keçirilib. Hakim Elşad Əliyevin sədrlik etdiyi prosesdə Murad Ədilovun hüquqlarını müdafiə edən vəkillər Yalçın Imanov və Əlayif Həsənov 6 vəsatətlə çıxış edib. Bunlardan biri Murad Ədilovun məhkəmə zalında saxlandığı şəffaf kabinədən çıxarılaraq vəkillərinin yanında oturmasını təmin etməkdir. Yalçın Imanov bildirib ki, müdafiə hüququnu daha yaxşı həyata keçirmək və istənilən vaxt müdafiəçisi ilə məsləhətləşmək üçün bu vacib addımdır, qanun da bunu tələb edir.
Ikinci vəsatət əlavə şahid qismində Muradın anası və həyat yoldaşının, həmçinin AXCP fəalı həbs olunarkən onun üçün dövlət hesabına tutulan vəkil Səxavət Məmmədovun məhkəmədə dindirilməsi barədə olub.
Üçüncü vəsatət isə məhkəməyə Səbinə Mübariz qızı Qədirova adlı ekspertin çağırılması barədə olub. Vəkillər bildirib ki, Muradın üstündən və evindən tapılan narkotik maddənin miqdarı ilə bağlı ziddiyyətli məsələlərə aydınlıq gətirmək üçün ekspert Səbinə Qədirova dindirilməlidir.
Ziddiyətli məqalmar isə ondan ibarətdir ki, təhqiqata təqdim edilən narkotikin çəkisi ilə ekspertin qeyd elədiyi çəki arasında fərq var.
Bundan başqa maraqlı detal odur ki, “baxış və götürülmə” prosesi saat 20-də yekunlaşıb. Elə həmin vaxt da ekspertiza təyin edilməsi barədə qərar qəbul edilib və həmin də rəy alınıb. Nəzərə alanda ki, Bakı ilə Sabirabad arasında azı 2 saat yol məsafəsi var və bu rəy iş saatı bitəndən sonra necə alınıb, onda çoxlu qaranlıq məqamlar yaranır. Buna görə də müdafiə tərəfi ekspertin məhkəmədə iştirakını tələb edib.
Bundan başqa Murad Ədilov barədə həbs-qətimkan tədbirinin ləğv edilməsi, məhkəmə prosesində videoçəkilişin təmin olunması, Bakı Istintaq Təcridxanasına və Murad Ədilov həbs olunan zaman saxlandığı Baş Mütəşəkkil Cinyətkarlıqla Mübarizə Idarəsinə sorğu göndərilməsi barədə vəsatətlər qaldırılıb. Hakim bunlardan yalnız ikisini – əlavə şahidlərin dindirilməsi və Bakı Istintaq Təcridxanası ilə Baş Mütəşəkkil Cinyətkarlıqla Mübarizə Idarəsinə sorğu göndərilməsi barədə vəsatətləri təmin edib.
Prosesdə Murad Ədilov ifadə verib. AXCP fəalı sifarişlə həbs olunduğunu bildirib. Murad Ədilov deyib ki, o tarlaya gedərkən saxlanılıb. “Məni ”QazEl”lə tarlaya gedirdim, saxladılar məni düşürüb 2 kilometr aralıya apardılar. Orada üzərimə baxış keçirdilər”, – deyə AXCP fəalı bildirib.
O, həbs olunduğu gün Sabirabadda polis şöbəsində, növəbti gün isə Bakıda döyüldüyünü bildirib. Murad Ədilov işgəncə zamanı aldığı xəsarətlərin Bakı Istintaq Təcridxanasında qeydə alındığını vurğulayıb.
Daha sonra Murad Ədilova qarşı əməliyyata rəhbərlik edən Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməliyyat müvəkkili Elman Tərlanov ifadə verib. Murad Ədilov əsl həqiqəti söyləməyə çağırıb: “Kişi kimi düz danış! Allahın olsun! Yalan danışanın balası ölsün!”
Lakin Elman Tərlanov Murad Ədilovla baş verənləri təhrik edərək danışıb. AXCP fəalı isə onu ifşa edib: “Məni sən döymüsən. Tutulanda şəkillər çəkilmişdi. Hanı o şəkillər?”
Elman Tərlanov isə şəkil çəkilmədiyini bildirib.
Murad Ədilov bu şəxsin yalan danışdığını deyərək, bir daha xatırladıb ki, o, siyasi mənsubiyyətinə və qardaşı Natiq Ədilovun siyasi fəaliyyətinə görə həbs olunub.
Proses fevralın 24-nə təxirə salınıb.
Xatırladaq ki, AXCP fəalı Murad Ədilov Cinayət Məcəlləsinin (CM) 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddə saxlama) ilə təqsirləndirilir.