Əsgər atası Müdafiə Nazirliyini təkzib etdi
Ötən həftə Tovuzda yerləşən N saylı hərbi hissədə xidmət çəkən 19 yaşlı Tarverdiyev Çingiz Aydın oğlu komandiri tərəfindən başından tapança ilə güllələnib. Yaralı dərhal Gəncə şəhər hərbi hospitalına aparılıb. Əsgər baş nahiyəsindən güllə yarası aldığı üçün hazırda komadadır.
Əsgərin atası Tarverdiyev Aydın Hüsü oğlunun “Azadlıq”a verdiyi məlumata görə, övladının vəziyyətinin ağır olmasına baxmayaraq, hələ də heç bir tədbir görülməyib. Onun dediyinə görə, hadisə şəxsi zəmində baş verdiyi üçün gizlədilir. Elə bu səbəbdən əsgər baxımsız vəziyyətdə qalıb. Əsgərin valideyni hərbi prokurorluğa və Müdafiə Nazirliyinə şikayət etdiyini, lakin bunun nəticəsiz qaldığını deyir. Onun verdiyi məlumata görə, oğlu hərbi hissənin polkovnik rütbəli komandiri tərəfindən güllələnib.
Bununla bağlı virtualaz.org-un sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əsgər atası Aydın Tarverdiyevin dedikləri həqiqətəuyğun deyil və hadisə haqqında yanlış fikir formalaşdırmaq məqsədi daşıyır: “Hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi açılıb və araşdırma aparılır. Aydın Tarverdiyev oğlunun məsuliyyətdən yaxa qurtarmasına çalışmaq məqsədilə böhtan xarakterli xəbərlər yayır və ictimaiyyətə qeyri-dəqiq, qərəzli məlumatlar verir. Halbuki söhbət zamanı əsgərin atası oğlu Çingiz Tarverdiyevin uşaq vaxtlarından əsəbi olduğunu bildirib. Bundan əlavə o, qeyd edib ki, oğlu Çingiz Tarverdiyev hərbi xidmətə gəlməmişdən əvvəl də davranışlarında aqressiv olub. Əsəbiləşəndə özünü idarəetməni tez-tez itirir, bu səbəbdən də atasının sağ əlinin barmağına balta ilə xəsarət yetirib, iki qardaşına bıçaqla hücum edərək onları da bıçaqlamaq istəyib”.
Mətbuat xidmətindən bildiriblər ki, hospitalda həkimlərə təşəkkür edən əsgər atası heç kimi bu işdə təqsirləndirməyib, oğlunun belə hadisəni törətməyə qadir olduğunu dəfələrlə qeyd edib: “Əsgər Tarverdiyev Çingiz Aydın oğlu, onunla hərbi hissənin psixoloqu tərəfindən aparılan söhbət zamanı bildirib ki, əvvəl də iki dəfə özünə qəsd etməyə cəhd edib. Bütün bu əməllərinə görə 2014-cü ilin may ayında öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırmaqda təqsirli bilinərək məhkəmənin hökmünə əsasən 5 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlanma cəzasına məhkum edilib”.
Əsgər atası Aydın Tariverdiyev isə Müdafiə Nazirliyinin açıqlamasını “cəfəngiyyat” hesab edir. O, “Azadlıq”a açıqlamasında övladının heç bir problemi olmadığını deyir: “Mənim oğlum ömründə toyuğa da daş atmayıb. Onun heç bir problemi olmayıb və psixi vəziyyəti də normaldır. Müdafiə Nazirliyinin açıqlamsı yalandır. Sadəcə olaraq polkovnik mənim oğlumu tapança ilə güllələyib və münasibət də onu göstərir ki, oğlumu öldürmək istəyirlər. Tutalım mənim oğlumun problemi var, öz-özünü güllələyib. Belə olanda əsgəri müalicə etmək lazım deyil? Həkimlər mənə deyirlər ki, uşağı təcili Bakıya aparmaq lazımdır. Amma müxtəlif bəhanələrlə oğlumu xilas etməkdən yayınırlar. Öz övladları belə vəziyyətə düşsə təyyarələr dərhal havaya qalxardı. İndi küləyi bəhanə gətirib oğlumu Bakıya gətirmirlər. Mənim 21 baş külfətim var. Bu qədər saxtakarlıq, ədalətsizlik olmaz. Vətəndaşlıqdan imtina edəcəm. Mənim adımdan oğlum haqqında deyilənlər hamısı yalandır. Mənim dediklərim ərizələrdə əksini tapıb. Oğlumun vəziyyəti yaxşılaşa bilər, amma imkan vermirlər”.
Hadisə ilə bağlı diqqət çəkən nüanslardan biri də budur ki, hökumətyönlü media buna yer ayırmır. Maraqlıdır, başqa vaxt vətənpərvərlikdən danışan, orduya diqqətini ifadə edən hökumət mediası bu məsələni niyə işıqlandırmır? Dünənə qədər müstəqil mətbuatı milli maraqlara zidd mövqedə ittiham edən hökumət rəsmiləri niyə milli ordunun əsgərinin taleyinə bu qədər biganədilər?
Erməni tərəfinin gülləsindən şəhid olmuş əsgərə görə özünü canıyanan göstərənlər Azərbaycan polkovnikinin gülləsindən yaralnmış əsgəri görməzlikdən gəlirlər. Əsgərə belə münasibətlə güclü ordu yaradırıq, yoxsa əsgər qanı batırmaqla vətənpərvər gənclik yetişdiririk?
Bu məsələdə kimin haqlı, kimin haqsız olması bir tərəfə qalsın, ağır vəziyyətdə olan əsgərə niyə zəruri yardım göstərilmir? Əgər əsgər əmrə tabe olmayıbsa, beləmi tədbir görülməlidir?
Erməni gülləsinə tuş gəlməyən əsgər, Azərbaycan zabiti tərəfindən güllələnir. “Vətənpərvər”lər isə buna necə haqq qazandırmağın yolunu axtarırlar. Normalda bu hadisə bütün ölkəni silkələmli idi.
Azad