Ölkədəki hüquqsuzluq, qanunların işləməməsi belə faktlara rəvac verir
Azərbaycanda sığorta şirkətlərindən Prezident Administrasiyasına şikayət halları artıb. Fins.az-ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini Müşfiq Israfilov məlumat verib.
Onun sözlərinə görə, 2014-cü ildə prezidentə 738 sığorta ödənişindən imtina halından şikayət ünvanlanıb. Bu ilin ilk iki ayında isə bu rəqəm 170 olub. Ötən il DSNX-ya 1170 ərizə və şikayət daxil olub ki, bu da 2013-cü illə müqayisədə 500-ə yaxın artım deməkdir: “Prezident Administrasiyasından da məktub daxil olub ki, sığorta ödənişlərindən imtina ilə bağlı şikayətlər artmaqdadır. Bu məsələ Prezident Administrasiyası və Maliyyə Nazirliyinin diqqətindədir.ÿŞikayətlərin artması sığorta bazarının genişlənməsi ilə bağlıdır. Sığorta şikayətlərinin araşdırlması üçün komissiya yaradılıb. Komissiya sığorta agentlərinin də fəaliyyətini araşdırıcaq”.
Maraqlıdır, insanların avtomobilinə və yaxud daşınmaz əmlaka görə vəsaitini alan sığorta şirkətləri hansısa bir hadisə baş verəndə niyə sığorta ödənişindən boyun qaçırır?
Iqtisadçı-ekspert Nemət Əliyev söyləyir ki, hadisə baş verərkən sığorta şirkətlərinin yerində aparılan qeydiyyatdan sonra ödəniş etməkdən imtina etmə faktları yetərincədir. Ekspert bunun səbəbi kimi ilk olaraq ölkədə hüquqsuzluq, qanunların işləməməsini əsas göstərir:
“Sığorta haqqında qanuna diqqət etsək, maşını və ya əmlakını sığortaladan insanlar hadisə baş verərkən itirdiklərini müqavilədə nəzərdə tutulmuş qaydada, məbləğdə almalıdır. Sığorta şirkətləri hadisə baş verərkən üzərinə düşən vəzifəni yerinə yetirmir. Qanunların işləmədiyi şəraitdə bu şirkətlər məsələnin üzərindən keçməklə məşğul olur. Iş məhkəmə səviyyəsinə çatanda isə həmin şirkətlər orada da məsələni yoluna qoymağın yolunu bilir. Çünki ölkənin məhkəmə sistemində haqq-ədalətdən başqa nə desən tapmaq mümkündür. Az məbləğlə işi yoluna qoymağı düşünən sığorta şirkətləri böyük sığorta ödənişi etməkdən boyun qaçırır. Ölkədə sığorta fəaliyyəti üzərində dövlət nəzarətini həyata keçirən qurum sığorta fəaliyyətinin tənzimlənməsinə birbaşa cavabdehdir. Həmin orqan sığorta hadisəsindən xəbər tutan kimi real işə keçməlidir. Bu yöndə yarıtmaz fəaliyyəti araşdırarkən isə həmin sığorta şirkətinin fəaliyyətini dayandırmalıdır”. Ekspertin fikrincə, monopollaşmamış qayda-qanunlar olarsa, bu kimi hadisələrin qarşısını almaq daha asan olar. Lakin həmsöhbətimiz reallıqda bunun əksinin göründüyünü bildirir.
Nigar