Jurnalistin intihar həddinə çatdırdığı iddia olunan Tural Mustafayev baş prokurora məktub göndərib
Tanınmış araşdırmaçı jurnalist, vicdan məhbusu Xədicə Ismayılın həbsində vasitəçi olmuş Tural Mustafayev bu məsələ ilə əlaqədar Zakir Qaralova məktub ünvanlayıb. O, baş prokurora müraciətində Xədicə Ismayıldan şikayətçi olmadığını göstərib.
Tural Mustafayev ərizəsinin, eləcə də üzərində Zakir Qaralova ünvanlandığı qeyd olunan zərfin və göndərildiyini sübut edən poçt qəbzinin şəkillərini özünün “facebook” səhifəsində yayıb.
Mustafayev məktubda yazır:
“Cənab baş prokuror Zakir Qaralov. 25 noyabr 2014-cü ildə ərizə yazaraq, Xədicə Ismayılovadan şikayət etmişdim. Indi mən Ismayılova Xədicə Rövşən qızından şikayətçi deyiləm. Səmimi olaraq barışmaq istəyirəm. Şikayətçi olmağım həmin vaxt psixoloji durumumda problemlərlə, keçirdiyim əsəb gərginliyi ilə bağlı olub. Hazırda özümü sağlam hiss edirəm, ərizəmi özüm heç bir təsir olmadan yazıram.
Cənab prokuror, 26 noyabr 2014-cü ildə, yəni şikayət ərizəsini yazandan bir gün sonra mənim ölkədən çıxışıma qadağa qoyulub. Xahiş edirəm ki, mənim ölkədən çıxışıma qoyulan qadağa götürülsün".
Xatırladaq ki, Xədicə Ismayıl ötən il dekabrın 5-də həbs olunub. Tural Mustafayevi intihar cəhdinə vadar etməkdə təqsirləndirilən jurnalistə qarşı CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə ittiham irəli sürülüb. Lakin bu ilin fevralında Xədicə Ismayıla vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifədən sui-istifadə kimi yeni ittihamlar elan olundu.
Yerli və beynəlxalq ictimaiyyət isə Xədicə Ismayıla qarşı ittihamların qondarma olduğu və onun siyasi sifarişlə həbs edildiyi qənaətindədir. Onun həbsinin əsl səbəbi prezident də daxil olmaqla, hakimiyyətdəkilərin korrupsiya əməllərilə bağlı araşdırma yazıları ilə əlaqələndirilir. Təsadüfi deyil ki, “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı Xədicə Ismayılı “vicdan məhbusu” elan edib.
Aytən