Gül bayramı və Qurtuluş günü də burada qeyd edilsin!
Iqtidar müxalifətə Bakının mərkəzi meydanlarında mitinq keçirməyə icazə vermir. Qorxur ki, açıq meydanlarda mitinqlərə onminlər, yüzminlər asanlıqla qatılar. Bu isə onun üçün təhlükə olar. Odur ki, mitinqə gözdən, diqqətdən kənar yerdə – Yasamal rayonundakı “Məhsul” stadionunda icazə verir; onu da hürkərək… Kütlələrə özünün yenilməzliyini nə qədər təlqin etsə də, rejim qorxur.
Hətta gözdən-könüldən uzaq “Məhsul” stadionundakı mitinqləri pozmaq üçün min bir hiyləyə, təxribata əl atır… Hansıki hakimiyyətin özü hər dəfə bu stadionda keçirilən mitinqə bir necə yüz nəfər müxalifətçinin toplaşdığını bildirir. Əgər müxalifətin mitinqinə bu qədər az adam gəlirsə, onda niyə stadionun ətrafı və stadiona gedib-gələn bütün yollar polis mühasirəsinə alınır?
Martın 15-dəki “Talana son” mitinqində də guya 600 nəfər iştirak edib?! Halbuki həmin gün təkcə “Məhsul” stadionu və ətrafı deyil, hətta metronun “Inşaatçılar” stansiyasının keçidləri də polis nəzarətində idi… Bəs, hakimiyyət “xalqın əhəmiyyət vermədiyi” bu mitinqdən niyə belə çəkinir?
“Məhsul” stadionu özü qapalı bir yerdir, hasara alınıb. Üstəlik, yaşayış evlərinin arasında yerləşir, açıq yola birbaşa çıxışı yoxdur. Bununla belə, hakimiyyət bu qapalı məkanda da rahatsız görünür…
Əgər müxalifətin mitinqinə az sayda insan gəlirsə, o zaman ona Azadlıq meydanında yer ayırmaqdan niyə ehtiyat edəsən? Iqtidar özünə arxayındırsa, heç olmasa, bircə dəfə müxalifətə Azadlıq meydanında mitinqə icazə versin, mitinqə bir neçə yüz adam gəlsin və müxalifət də rüsvay olsun?! Hakimiyyət buna gedərmi? Hələ, yada salanda ki, bir vaxtlar müxalifətə mitinq üçün yalnız Bakının ucqarında – 20-ci sahədəki “Motodrom”da yer ayrılırdı, onda hakimiyyətin nə qədər aciz olduğu daha aydın görünür…
Mitinqlərin mərkəzi meydanlarda keçirilməsinə qadağa, guya o ərazilərdə avtomobillərin hərəkətinin təhlükəsizliyi, əhalinin rahatlığı üçündür. Halbuki hər il Novruz şənlikləri, eləcə də Heydər Əliyevin şərəfinə düzənlənən Gül bayramı və Qurtuluş günü məhz Bakının mərkəzi meydanlarında keçirilir. Xüsusilə, Heydər Əliyev Sarayının qarşısındakı parkda təşkil olunan Gül bayramında yolların bağlanması insanları hövsələdən çıxarır. Bu barədə internetdə kifayət qədər videomaterial var.
Elə bu günlərdə, martın 17-də Bakı Şəhər Icra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxtda ilaxır çərşənbə münasibətilə təntənəli mərasim keçirilib. Səhər saatlarından metronun “Içərişəhər” stansiyasının qarşısından yola düşən Novruz karvanı (12 süvari, 5 dəvə və 6 fayton) şəhərin küçələrini, Fəvvarələr, Füzuli və Azadlıq meydanlarını, Səməd Vurğun parkını və s. gəzib. Axşam saatlarında isə Qoşa Qala qapısının qarşısındakı Gənclik meydanında tonqal yandırılıb, bayram konserti təşkil edilib.
Beləliklə, müxalifətin 2 saatlıq mitinqinin əhaliyə narahatlıq yaradacağını iddia edib ona şəhərin mərkəzində yer ayırmayanlar, bütün gün ərzində mərkəzi küçə və meydanları gəzib-dolaşır, şənlik keçirir, ancaq heç kimə problem yaratmırlar… Həm də iş günü?!
Novruz milli bayramımızdır, bilirəm, ancaq mitinqlər də ölkə əhəmiyyətlidir, axı… Bəs, 2012-ci ilin oktyabrında Bakının mərkəzi yollarının avtomobil yarışları ucbatından 3 gün bağlanması necə olsun? Hələ 2016-cı ildə Bakının “Formula-1" yarışına ”ev sahibliyi" edəcəyini düşünəndə…
Nə isə, “Məhsul” stadionunun adı da Novruz bayramına uyğundur. Bu bayram əkinçilik, təsərrüfatçılıq mədəniyyətilə sıx bağlıdır. Təbii yaşıl örtüklü stadionda təbiət bayramının özü də təbii təsir bağışlayardı. Daha Novruz karvanına daxil olan dəvələr, atlar da “modernləşmiş” şəhərimizin küçələrini korlamazdı, elə stadion boyunca dövrə vurardılar… Həm də stadion yaşayış yerində yerləşdiyindən məhəllə uşaqları tamaşaya gələrdilər. Hətta şəhər rəhbərliyi istəsə, adama 1 manatdan uşaqları dəvələrdə, faytonlarda gəzdirib “xərcini” də çıxarardı…
Axı, qarşıdan Gül bayramı gəlir?! Onsuz da neftin-manatın böhranından “əli aşağı” olan məmurlara xaricdən gül gətirməyə para lazım! Onsuz da hər böhranın ziyanını xalq çəkir, yenə də xalqdan qazanıb, vəziyyətdən belə çıxsınlar. Ya da Gül bayramını “Məhsul” stadionunda keçirsinlər. Xaricdən gül gətirmək əvəzinə, elə stadionda qabaqcadan cürbəcür gül toxumu əkib-yetişdirsinlər. Həm ucuz başa gələr, həm də effektli olar – təbii, canlı?!
Qurtuluş günü üçün də ideal məkandır “Məhsul” stadionu. Axı, rəvayətə görə, məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmiz ruzi-bərəkət görmüş, əkin-biçindən heyvandarlığadək hər işdə məhsuldarlıq artmışdır… Buyursunlar, “zəhmətkeşlərin dahi rəhbərinin” adı ilə bağlı olan Qurtuluş bayramını da burada keçirsinlər. Hətta “ulu öndərin əsasını qoyduğu inkişafÿstrategiyasının bu günÿnecə uğurla davamÿetdiyini” də stadionun məhsuldar torpağında əyani şəkildə nümayiş etdirmək olardı.
Bu təkliflərə ironik, ya da ciddi yanaşmaq hərənin öz işidir. Hər halda dəyərləndirilməlidir…
Şövkət Məmməd