Asif Yusifli barəsində həbs müddəti daha 2 ay uzadıldı
Martın 18-də Nərimanov Rayon Məhkəməsində AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi Asif Yusifli barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsinə dair vəsatətə baxılıb. Müdafiə tərəfinin qaldırdığı bu vəsatətə qarşı prokurorluq da Asif Yusifli barəsində həbs-qətimkan tədbirinin 2 ay uzadılması haqda vəsatət qaldırıb. Məhkəmə prokurorluğun qaldırdığı vəsatəti təmin edib. Bununla da Asif Yusifli barəsində seçilmiş həbs-qətimkan tədbiri daha 2 ay uzadılıb.
Asif Yusifli noyabrın 25-də həbs olunub. Daxili Işlər Nazirliyi bəyan edib ki, o, vətəndaş Fəridə Zülfüqarovanın 7700 manat pulunun dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində başlanmış cinayət işinə görə tutulub. Asif Yusifli Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilir.
Asif Yusifliyə qarşı irəli sürülən ittihamlar qondarma olsa belə o, istintaq müddətində zərərçəkənə dəymiş zərəri ödəyib. Əslində Fəridə Zülfüqarova ilə yanaşı Asif Yusifli də aldadılıb. Sadəcə Asif Yusifli özünü Fəridə Zülüfüqarovanın zərər çəkməsinə səbəbkar bildiyindən zərəri ödəməyi öz üzərinə götürüb. Lakin hakimiyyət baş vermiş hadisədən Asif Yusifliyə qarşı istifadə edərək siyasi fəaliyyətinə görə ondan qisas alır. Dünənki məhkəmə də bunu sübuta yetirir.