Bakının Ramana qəsəbəsinin bir qrup sakini məmur özbaşınalığına, ədalətsizliyə etiraz edir. Az qala bütün dövlət qurumlarına müraciət edib problemlərinin həlli yolunu tapa bilməyən sakinlər, nəhayət, aidiyyatı qurumların özbaşınalığını, məruz qaldıqları ədalətszliyi ictimailəşdirmək qərarına gəliblər. Sakinlər bu məqsədlə Türkiyədən yayımlanan “Azərbaycan Saatı” TV proqramına və “Azadlıq” qəzetinə üz tutublar. 1963-cü ildən fəaliyyət göstərən sovxozda işləyən bir qrup Ramana qəsəbə sakini uzun illər can qoyduqları savxozun onlara ayırdığı torpaq sahəsini məmurların zəbt etidiyini bildirir. Keçmiş sovxoz işçiləri bildirir ki, onlara məxsus torpaq sahələri məmurlar tərəfindən maklerlərə paylanılıb, onlar da bu sahələrin hər sotuna görə 3-5 min manat arası qiməy müəyyənləşdirib müxtəlif bölgələrdən gələn insanlara satıb pul qazanırlar. Şikayətçilərin bildirdiyinə görə, hazırda savxoza aid 1325 hektar torpaq sahəsindən cəmi 100 hektar ərazi qalıb ki, bu ərazi də hazırda satışdadır.
Keçmiş sovxoz işçisi Ələkbərov Mustafa bildirir ki, 50 ildir Ramanada yaşayan, uzun illər sovxozda can qoyan insanlar onlara çatacaq əmlak payından məhrum edilib. Ancaq respublikanın bütün bölgələrindən gələnlərin sovxoz erazisinden torpaq almasında heç bir problem yoxdur:
“Kənardan gələnlərin sənədi yox, qeydiyyatı yox, amma torpaqı var. Lakin 50 ildir burda yaşayıb can qoyan bizlər, halal əmlak payımızı ala bilmirik. 1965-ci ildən bu sovxozda yaşasam da, mənə torpaq sahəsi verilmir. Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edirəm, onlar yazib bildirir ki, bu əraziyə Sabunçu rayonu baxır. Sabunçu Rayon İcra Hakimiyyətinə yazıram, onlar da göndərir Abşeron rayonuna. Hər ikisinə göndərdiyim müraciətləri göndərirəm Respublika Prokrorluğuna, onlar da yenidən Abşeron Rayon İcra Hakimiyyətinə qaytarırlar. Hazırda müxtəlif qurumlara ünvanladığım 50-dən çox müraciətin heç birinə cavab ala bilməmişəm”.
Ayaz adlı qəsəbə sakin də torpaq islahatı zamanı onlara çatmalı olan torpaqların məmurlar tərəfindən mənimsənildiyini bildirir:
“İslahat gedib, amma haqqı olanlar torpaqla təmin edilməyib. Bəzi məmurlar 50 hekatr, 60 hektar torpaq sahəsi zəbt edib, indi isə həmin əraziləri satır. Halal torpaq sahiblərisə 2 sot torpaq tapıb ev tikə bilmir, opşitellərdə yaşayır. Biri gəlib deyir ki, Bəylər ƏEyubovun adamıyam, nə istəsəm, edə bilrəm. Bütün bu əraziləri veriblər Həsən adlı şəxsə, o da verib bir başqasına. Həmin adam isə açıq bildirir ki, bu əraziləri onlar alıb, onlar da satacaqlar. Artıq 1325 hektar torpaq sahəsinin 1225 hektarını satıblar”.
Elmira adlı sakin isə onların bu ərazidə məskunlaşdığı vaxtlarda ətrafda heç bir tikilinin olmadığını, hərbçilərin evlərində məskunlaşaraq savxozda işə başladıqlarını bildirir:
“Uzun illər savxozda can qoyub torpaq haqqına sahib olsaq da, halal haqqımıza sahiblənə bilmirik. Bizim balalarımız qalıb çöldə, dünən gələnlər hamısı torpaq, ev sahibidir. Bəs biz kimik? Övladlarınız xaircdə oxuyur, hər yanda eviniz var, imkan verin bizim də olsun. 63-cü ildən işləyib dövlətə plan verənlərin bir qarş torpaqı yoxdur, amma Gürcüstandan, Rusiyadan gələnlərin var”.
Başqa bir sakin isə ərazidə yerləşən böyük südçülük kompleksinin dağıdılmasından, minlərlə iri buynuzlu heyvandan əsar-əlamət qalmamsından şikayət edir:.
“Respublikada iki yerdə belə böyük südçülk kompleksi var idi: biri Şəki şəhərində, bir isə Ramana sovxozunda. Bu kompleksdən indi əsər-əlamət yoxdur. Kompleksin içindəki avadanlıqlar tamamilə satılıb, 2800 baş iri buynuzlu heyvandan isə cəmi 50 baş heyvan qalıb,hamısını özəlləşdirmə adı altında mənimsəyiblər”.
azadliq.info