Və ya biabırçı məhkəmə hökmünə sözardı…
Milli Şuranın Beynəlxalq əlaqələr komissiyasının sədri Gültəkin Hacıbəyliyə qarşı hakimiyyət tərəfindən həyata keçirilən şərləmə və böhtan kampaniyasının kulminasiya nöqtəsi olan xüsusi ittiham qaydasında məhkəmə prosesi biabırçı məhkəmə hökmü ilə yekunlaşdı. Hakimiyyətin Gültəkin xanımın üzünə qoyduğu “xüsusi ittihamçılardan” biri olan Mahmud Mehdiyev öz keçmiş həyat yoldaşı və oğlunun anasına qarşı mətbuat konfransı keçirib, əleyhinə ağır ifadələr səsləndirəndən bir müddət sonra Xətai rayon prokurorluğuna müstəntiq vəzifəsinə təyinat aldı. Halbuki, “Prokurorluq haqqında” Qanunun 29-cu maddəsinin ən azı üç bəndinə görə bu istisna edilməli idi:
1. Mahmud Mehdiyev 2010-cu ildə prokurorluq orqanları əməkdaşına yaraşmayan hərəkətlərə görə Baş prokuror Zakir Qaralovun əmri ilə bu orqanlardan qovulmuşdu;
2. Zakir Qaralovun elə həmin əmrində M.Mehdiyevin hərbi xidmətdən yayınması və bunu prokurorluq orqanlarından gizlətməsi göstərilir;
3. “Prokurorluq haqqında” Qanunun 29-cu maddəsinin tələbinə görə, barəsində bəraətverici əsas olmadan cinayət icraatına xitam verilən şəxs prokurorluq orqanlarına işə götürülə bilməz.
Mahmud Mehdiyev, eləcə də qardaşı, Daxili Işlər Nazirliyinin zabiti Allahverən Mehdiyev, anaları Nəhayət Məmmədova və digər qohumlarının insan alveri və məcburi əmək cinayətlərinə görə məhkum edilmiş Aynur Mehdiyevanın əməllərindən xəbərdar olması iş materiallarından da görünür.
Bir daha xatırladaq ki, Aynur Mehdiyeva Mahmud Mehdiyevin bacısı olmaqla yanaşı, eyni zamanda, Gültəkin Hacıbəyliyə qarşı xüsusi ittiham qaydasında iddia qaldıranlardan biri idi. Sözügedən iddia məhkəməyə təqdim olunduğu vaxt Aynur Mehdiyevanın özünün barəsində insan alveri və əməyin istismarı cinayətlərinə görə araşdırmalar gedirdi. Onun Gültəkin xanıma qarşı davranışı əvvəlcədən deməyə əsas verirdi ki, Aynur Mehdiyeva bu cür ağır cinayətlərə baxmayaraq, həbs olunmayacaq. Gözləntilər özünü doğrultdu. Insan alverində günahlandırılan başqa qadınlara 10-12 il həbs cəzası verildiyi halda, Aynur Mehdiyeva bu aqibətlə üzləşmədi. Gültəkin Hacıbəyliyə qarşı kampaniyada iştirak nəticəsini verdi…
Yeri gəlmişkən, Gültəkin Hacıbəyliyə qarşı xuliqanlığa görə Mahmud Mehdiyev haqda şikayət aylardır ki, Bakı şəhər prokurorluğu tərəfindən araşdırılmır, bu haqda müraciətlər, ümumiyyətlə, bu iş bütövlükdə ört-basdır edilir.
Bu arada, Aynur Mehdiyevanın insan alveri cinayətinin qurbanı olan filippinli Llanto Fe Diazın zorakılıqla, iradəsinə zidd olaraq ölkədən çıxarılması və bu işdə tərəflərin iştirakı ilə bağlı da növbəti saylarımızda maraqlı araşdırmalarımız olacaq.
Məhz bu “ittihamçı”ların şikayəti əsasında Yasamal rayon məhkəməsi Gültəkin Hacıbəyli barəsində ittiham hökmü çıxararaq onu 500 manat cərimələyib. O məhkəmə ki, Mahmud Mehdiyevin bütün ölkənin şahidliyilə mətbuat konfransı keçirib Gültəkin xanım haqqında səsləndirdiyi təhqir və böhtanlar görə hakim Azər Tağıyevin sədrliyi ilə ona bəraət verilib. Sözün bitdiyi yerdi…
Bir il yarım ərzində Gültəkin Hacıbəyliyə qarşı şou təsiri bağışlayan məhkəmə prosesinə sədrlik etmiş hakim Sərdar Mehrəliyevin Azərbaycan dövləti adından çıxardığı hökm isə hüquq adına biabırçılıq sayıla bilər. Əsaslandırma hissəsi, ümumiyyətlə olmayan və yalnız “xüsusi ittihamın” təkrarından ibarət hökm o qədər əsassızdır ki, onu dəyərləndirmək üçün hüquqşünas olmağa da ehtiyac yoxdur. Bu hökmlə bağlı sadəcə, bir neçə qeydi diqqətə çatdırırıq:
1. Ittiham Aynur Mehdiyevanın DIN-ə istinadən KIV-lərdə geniş yayılmış “saxlanılmışdı” xəbərinə görə çıxarılıb. Sərdar Mehrəliyev, ümumiyyətlə, “KIV haqqında” Qanunu oxuyubmu? Müdafiə tərəfi dəfələrlə bu Qanunun 62.3-cü maddəsinə əsasən KIV-lərdə yayılmış və təkzib olunmamış xəbərə görə məsuliyyətin istisna olunmasını qeyd etsələr də, hakim bunu heç olmasa müdafiə tərəfinin əsaslandırması kimi hökmə niyə salmayıb? Bəlkə bu Qanun artıq qüvvədən düşüb?
2. Hökmdə məhkəməyə təqdim edilmiş heç bir sübut nəinki nəzərə alınmır, onların adı belə çəkilmir. Hakim onlarla sübutu, özü də ittihamı darmadağın edən sübutları nədənsə “unudub”.
3. Gültəkin xanım son sözündə özünə bəraət istəmədi, dedi ki, cinayət etməyən şəxsin bəraətə ehtiyacı yoxdur. O, məhkəmədən yalnız Aynur və Mahmud Mehdiyevlərin məhkəmədə dəfələrlə yalan ifadə vermələrilə bağlı məhkəməyə təqdim etdiyi doqquz vəsatət əsasında xüsusi qərardad qəbul edilməsini və Mehdiyevlərin Cinayət Məcəlləsinin 289.1 və 297.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istədi. Hakim proses müddətində dəfələrlə bu vəsatətlərə yekunda münasibət bildirəcəyini desə də, vədinə əməl etmədiyi hökmdən bəlli olur. Hökmdə məhkəməyə rəsmi qaydada, dəftərxana vasitəsilə təqdim olunmuş 9 vəsatətdən, Aynur və Mahmud Mehdiyevlərin zərərçəkən qismində məhkəmədə işin mahiyyəti ilə bağlı dəfələrlə yalan ifadə verməsindən bir kəlmə də danışılmır.
4. Hökmün ən biabırçı cəhətlərindən biri isə burada saxlanılması xəbəri ilə şərəf və ləyaqəti “ləkələnən” Aynur Mehdiyevanın barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı, Bakı Apelyasiya Məhkəməsinin isə qüvvədə saxladığı hökmlə bağlı bir kəlmə də məlumatın olmamasıdır. Sanki Aynur Mehdiyeva Azərbaycan dövləti adından və Azərbaycan məhkəmələri tərəfindən iki ağır cinayətə görə məhkum edilməyib! Sərdar Mehrəliyev müdafiə tərəfindən ona təqdim olunmuş hər iki məhkəmə qərarını “unutmaqla” ittiham üçün “əsas” yaradıb. Çünki əks halda, iki ağır cinayətə- insan alveri və əməyin istismarı cinayətlərinə görə 8 il 6 ay həbs cəzasına məhkum olmuş şəxsin niyə saxlanılmamasını və saxlanılması haqqında xəbərin onun insan alveri ittihamı, 8 il 6 ay həbs hökmü ilə ləkələnməyən “şərəf və ləyaqətini” necə ləkələdiyini izah etməli olacaqdı.
5. Mahmud Mehdiyevlə bağlı ittiham da eyni dərəcədə rüsvayçıdır. Təsəvvür edin, Gültəkin xanım müsahibəsində deyir: “Mahmud Mehdiyev mənə qarşı mətbuat konfransı keçirib barəmdə ən xoşagəlməz fikirlər səsləndirir, mən əgər pis idimsə, niyə atanızla qarşımda diz çöküb yalvarırdınız ki, mən getməyim”.
Aydındır ki, Gültəkin xanım bu fikirləri Mehdiyevin ona qarşı keçirdiyi biabırçı mətbuat konfransına cavab olaraq deyir və bu, mətbuat konfransında səsləndirilən ağır təhqir və böhtanlarla bağlı səslənə biləcək ən yumşaq cavabdır. Sərdar Mehrəliyev cənabları nə edir? O, Gültəkin Hacıbəylinin ifadəsinin mətbuat konfransına istinad edən birinci hissəsini mətndən kəsib çıxarır, ikinci hissəsinə əsasən ittiham hökmü verir. Halbuki, məhkəmədə M.Mehdiyevin G.Hacıbəylinin boşanmağına imkan verməməsi, buna mane olarkən damarını kəsməsi, G.Hacıbəylinin yalnız polisin köməyi ilə evdən gedə bilməsi şahid ifadələri və sənədlərlə sübuta yetirilmişdi. Bu, məhkəmə praktikasında analoqu olmayan bir sehrbazlıqdır.
6. Ədliyyə Nazirliyinin keçirdiyi linqvistik ekspertiza G.Hacıbəylinin ifadələrində Mehdiyevin şərəf və ləyaqətini aşağılayan, nüfuzdan salan heç bir məlumat olmadığı qənaətinə gəlib. Böhtan cinayətinin tərkibi bu halda, yarana bilməz. Çünki istənilən məlumat yox, şəxsin yalnız yalan olduğunu bilə-bilə şərəf və ləyaqəti ləkələyən, nüfuzdan salan məlumatı yayması böhtan sayılır. Bu halda isə faktın özü məhkəmə istintaqı ilə təsdiqini tapır, ifadələrdə şərəf və ləyaqəti ləkələyən məlumatların olmaması dövlət ekspertizası tərəfindən təsdiqlənir. Lakin hökm çıxır. Olsun. Onsuz da bu hökmə və hakimə ədalətli qiyməti Avropa Məhkəməsi, daha dolğun və hərtərəfli qiyməti, o cümlədən onu çıxarmış hakimə, dəfələrlə yalan ifadə verən, üzə duran, məhkəmədə Gültəkin xanımı, onun vəkillərini təhdid və təhqir edən, ona böhtan atan, şikayət ərizəsindəki imzanı saxtalaşdıran “xüsusi ittihamçılara” cəzanı da bir müddətdən sonra ƏDALƏTLI AZƏRBAYCAN MƏHKƏMƏSI verəcək. Hələliksə, cəmiyyət olaraq hamımız bir daha əmin olduq ki, “kompromat sevdalısı” hakimiyyətimiz 10 il millət vəkili olmuş Gültəkin Hacıbəylinin insan alverçisi olduğu məhkəmə hökmü ilə sübuta yetirilmiş şəxs barədə “saxlanılmışdı”, ona qarşı mətbuat konfransı keçirib ən kobud formada təhqir etdiyi və ağır böhtanlar atan “şərəfli ər” barədə “pis idimsə, niyə yalvarırdın ki, getməyim” ifadələrindən başqa “cinayətini” tapa bilməyib. Onu nə korrupsiya, nə rüşvət, nə dələduzluq, nə də mandat alverində ittiham edə bilmədilər. Ona bu böhtanları yağdıran Mahmud Mehdiyev isə məhkəmədə öz sözlərini dandı, onları “jurnalistlərin uydurması, yalanı” adlandırmalı oldu.
Bununla da, Gültəkin Hacıbəyliyə “şəffaflıq sertifikatını” hakimiyyət özü vermiş oldu. Yalanın ömrü çox çəkmir axı. Bəzən 40 gündən artıq çəksə də…
Azad Akifoğlu