Vilayət Həsənli: «Əsirlikdə olmazın işgəncələrə məruz qalmışam…»
«Bu qurulan məhkəməni qəbul etmirəm. Mən Allahın quluyam. Işimə şəriət məhkəməsində baxılmasını istəyirəm…»
Məlum olduğu kimi, özünü Iraq Şam Islam Dövləti (IŞID) elan etmiş qruplaşmanın tərkibində Suriyada vuruşan azərbaycanlılar arasında bir xeyli azərbaycanlı da var. Onların bir neçəsi bir müddət əvvəl həbs olunub. Hazırda həmin şəxslər Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. On nəfərin müttəhimlər kürsüsündə əyləşdiyi bu məhkəmə prosesinə hakim Ramella Allahverdiyeva sədrlik edir.
Bu iş üzrə dünənki məhkəmə iclasında təqsirləndirilən şəxslərdən Vüqar Dursunəliyev məhkəmə tərkibinə etiraz edib. Deyib ki, hökmü verən yalnız Allahdır: “Mən Allahın hökmündən başqa hökm tanımıram”.
Dursunəliyevlə yanaşı, daha bir neçə müttəhim də məhkəmədə susucağını bəyan edib.
Amma təqsirləndirilən şəxslərin bir neçəsi, o cümlədən Vüqar Dursunəliyevin yetkinlik yaşına çatmayan oğlu, Suriya döyüşlərində iştirak etmək üçün göndərdiyi 1998-ci il təvəllüdlü Elvin Dursunəliyev məhkəmə tərkibinə etiraz etməyib.
Təqsirləndirilən şəxslərdən Vüsal Bayramov bildirib ki, heç bir cinayət törətməyib: “Istintaq zamanı sərbəst ifadə vermişik. Doğru olanı da yazıblar, olmayanı da. Bizim heç bir günahımız yoxdur. Bizi açıb buraxın”.
Dünənki məhkəmə iclasında prokuror Rahil Ismayılov ittihamları elan edəndən sonra təqsirləndirilən şəxslərə ifadə vermək təklif olunub. Onlardan Vilayət Həsənli ifadə verməkdən imtina edib, susaraq bir kəlmə də danışmayıb. O, dövlət ittihamçısının da suallarını cavablandırmaqdan imtina edib. Belə olan halda, onun ibtidai istintaqa ifadəsi elan olunub. Həmin ifadədə yazılıb ki, Tərtər rayonunda anadan olub və 4 ildir Əhli-sünnə təriqəti üzrə namaz qılır: “2012-ci ildə Suriyada gedən döyüşləri izləmişəm və həmin cihada qoşulmaq qərarına gəlmişəm. Məqsədim kafirlərə qarşı vuruşmaq olub. Suriyada aparılan cihadlarla bağlı internetdə yayılan videolara baxmışam. Bundan sonra Suriyaya getmək barədə fikrim qətiləşib.ÿBu barədə Ənvər adlı həmyerlimlə söhbət etmişəm. Ənvər mənə düz yolda olduğumu dedi, Suriyada aparılan cihada getməyimi dəstəklədi. Ənvər Suriyaya özbaşına getməyin mümkünsüzlüyünü, orada camaatlardan birini tapmaq lazım olduğunu bildirdi. Bir neçə gün sonra Ənvər Suriyada cihad edən təşkilatlardan birinin əmiri ”Əbu Hafsa" ləqəbli şəxslə əlaqə saxlamağın mümkün olduğunu bildirdi. O, həmin şəxslə sosial şəbəkədə danışdığını, bir həftəyə ora getməyin mümkün olacağını dedi. Ənvərə həmyerlim Israil Əliyevlə birlikdə gedəcəyimi bildirdim. Martın 22-də Ənvərlə rayonun mərkəzində çayxanada görüşdük. Ənvər mənə 300 dollar verdi ki, Bakı avtovağzalından Türkiyə avtobusuna bilet alım. Bakıda avtobusa minəcəkdim, Israil Əliyev isə məni Goranboy rayonunda gözləyəcəkdi. O, planın belə olmasını təhlükəsizlik məsələsilə izah etdi. Martın 30-da Türkiyə avtobusuna bilet aldım və yola düşdük. Israil Əliyevi isə Goranboy rayonundan götürdük. Türkiyədə olduğumuz zaman Israil “Hasan” adlı şəxslə əlaqə saxladı. Onu haradan tanıdığını bilmirəm. Türkiyədən Suriyaya keçməyimizə köməklik göstərməsi üçün həmin adama 50 dollar vermişəm. Suriyada isə bizi Intiqam Əliyev qarşıladı. Biz onun vasitəsilə silahlı dəstənin tərkibinə qoşulduq. Orada “Əbu Hafsa”nın camaatına qoşuldum. “Əbu Hafsa”ya biət etdik. Sonradan eşitdim ki, Israil IŞID-ə qoşulub. Bizim məqsədimiz Bəşər Əsədə qarşı cihad olub. Çünki camaatına zülm edirdi, bu zülmün qarşısını almaq istəyirdik. “Əbu Hafsa” mənə silah verdi. Orada fabrikə mühafizəçi təyin etdi. Mən 4 milyon manatlıq əmlakı olan fabriki qoruyurdum. Fabrikdə nə olduğunu dəqiq bilmirdim, amma bəzi texnikalar vardı.
2013-cü ilin dekabr ayında oradan ayrıldım. Həmin vaxt IŞID-lə “Cəbrat-ül-Nüsra” arasında döyüş başlamışdı. Mən əsir düşdüm. Mənim onlar tərəfdən döyüşməyimi istəsələr də, qəbul etmədim. Əsirlikdə olmazın işgəncələrə məruz qalmışam. Bizi videoya çəkdilər, bir daha Suriyaya qayıdacağımız təqdirdə öldürəcəklərini dedilər. Əsirlikdə azərbaycanlılar da vardı. Elvin Dursunəliyevgili əsirlikdə tanımışam. 20 gündən sonra bizi Türkiyə ilə sərhədə gətirdilər. Bizi Türkiyə polisi tutdu və Azərbaycana deportasiya elədilər".
Ifadəsi elan olunandan sonra prokuror Vilayət Həsənlidən orada yazılanların ona məxsus olduğunu soruşub, lakin o, yenə də susub.
“Biz bilmirik ki, bu iş üzrə hansı hökm çıxarılacaq. Düzdür, təqsirləndirilən şəxsin ifadə verməmək hüququ var. Amma məhkəmə araşdırmasının aparılması, sübutların təkzib olunması üçün təqsirləndirilən şəxslər ifadə verməli, ittihamları təkzib etməlidir. Istintaq zamanı dəfələrlə sərbəst ifadə verilib. Amma burada ifadə verməkdən imtina edilir. Bilmirəm ki, susmaq üçün bu şəxsləri kimlər öyrədir”, – deyə hakim Ramella Allahverdiyeva bildirib.
Bu zaman Vilayət Həsənli susqunluğunu belə izah edib: “Bu qurulan məhkəməni qəbul etmirəm. Mən Allahın quluyam. Işimə şəriət məhkəməsində baxılmasını istəyirəm”.
Digər təqsirləndirilən Vasif Hacıyev də ittiham üzrə ifadə verməkdən imtina edib: “Bizim heç bir günahımız yoxdur. Müharibədə döyüşən şəhid olur. Biz də Allah yolunda döyüşmüşük, özümüzü şəhid edirik. Burada olan qardaşlarım da mənimlə eyni fikirdədir. Biz Islamın hökmünü istəyirik. Hökm yalnız Allahındır. Hakimiyyət də Allaha məxsusdur, bunu kafirlər bilməlidir. Ən ağır cinayət törədənin də, övladını öldürənin də cəzasını, hökmünü verən Allahdır. Mən Islamı seçmişəm, bəyənmişəm, ibadət edirəm. Bu, mənim inancımdır”.
Vasif Hacıyev də ifadə verməkdən və prokurorun suallarını cavablandırmaqdan imtina etdiyinə görə onun da ibtidai istintaqa ifadəsi elan olunub. Ifadədə göstərilib ki, o, 1989-cu ildə Zəngilanda anadan olub: “Dini inancım olub. Amma hər hansı dini icmanın üzvü olmamışam, heç kimə itaət etməmişəm. Bir müddət Istanbulda yaşamışam, orada qaynaqçı işləmişəm. Suriyada gedən döyüşlərlə bağlı internetdə yayılan videoları izləmişəm. Videolara baxandan sonra Suriyada gedən cihada qoşulmaq qərarına gəlmişəm. Türkiyədən Suriyaya keçmək üçün ”Hasan" adlı Türkiyə vətəndaşına 100 dollar vermişəm. Suriyada Liviya vətəndaşına məxsus qruplaşmaya qoşulmuşam. Həmin quruplaşmanın tərkibindəki digər Azərbaycan vətəndaşları ilə tanış olmuşam. Silahlı quruplaşmanın tərkibində olsam da, hər hansı cinayətdə iştirak etməmişəm".
Daha bir müttəhim – Mehman Balakişiyev də ifadə verməkdən imtina edərək, işinə dini məhkəmədə baxılmasını istəyib.
Bu iş üzrə məhkəmə prosesi aprelin 16-da davam edəcək.
Aytən Məmmədova