Ekspertlərin fikrincə, hazırda iqtisadiyyatda yaşananlar işsizliyin faizini kəskin artıracaq
Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi Azərbaycana neft pullarının daxil olmasına ciddi təsir etdi. Məhz bu faktor manatın devalvasiyasını məcbur edən faktora çevrildi. Ölkənin ixracı ciddi şəkildə azalıb, idxal isə artıb. Azərbaycan tədricən idxaldan asılı ölkəyə çevrilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu ilin yanvar-fevral aylarında yeyinti məhsullarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 35.82% artaraq 220,9 milyon dollar təşkil edib. Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 4,04 milyard ABŞ dolları təşkil edib. Xarici ticarət əməliyyatları 18.65 % azalıb. Yanvar-fevral aylarında Azərbaycanın idxalının həcmi 1,71 milyard ABŞ dolları təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 43.45% çoxdur.
2015-ci ilin ilk 2 ayı ərzində Azərbaycanın ixracı 2,334 milyard ABŞ dolları təşkil edib. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 38.2% azdır.
Bir maraqlı rəqəmi də qeyd edək ki, bu ilin yanvar ayı ərzində büdcə xərcləri 2014-cü ilin eyni ayına nisbətən 26.8 faiz azaldılıb. Ötən il ilə fərq təkcə bir ay üzrə 466 milyon manatdır.
Bütün bu faktorlar isə ölkədə işsizliyin səviyyəsinə təsir edir. Artıq büdcədən maliyyələşən bir neçə təşkilat ixtisarlara getməyə məcbur olub.
Nemət Əliyev: “Baş verənlər ölkədə yeni və daha kütləvi işsizlər ordusunun yaranmasına səbəb olacaq”
Iqtisadçı Nemət Əliyev bildirdi ki, Azərbaycan hökuməti neft gəlirlərindən düzgün istifadə etmədiyinə görə ciddi ixtisarlara gedəcəyinin anonsunu bir müddət əvvəl vermişdi. Neftin qiymətinin və hasilatın bir müddət yüksək olmasının Azərbaycan üçün geniş imkanlar yaratdığını deyən N.Əliyev vurğuladı ki, həmin imkanlardan istifadə edərək ölkənin aqrar sektorunu, emal sənayesini, turizmi inkişaf etdirmək olardı: “Ümumiyyətlə, qeyri-neft sektoruna aid olan bütün sahələri inkişaf etdirmək olardı ki, Azərbaycan davamlı iqtisadi inkişafa nail olsun. Amma Azərbaycan hökuməti bu çağırışlardan düzgün nəticə çıxarmadı. Hökumət investisiya adı altında iri maliyyə vəsaitlərini sağa-sola xərclədi. Amma artıq acı nəticələr göz qabağındadır. Yalnız son iki ay ərzində mədən sənayesi 1.7 milyard manat gəlirdən məhrum olub. Xam neftin hasilatı 309 min ton, təbii qaz 267 milyon kub metr azalıb. Dəmir filizinin hasilatı 90 faizdən çox aşağı düşüb. Tikinti bumu 49.5 faiz, bentonitin hasilatı 60 faiz azalıb. Emal sahələrinin 84 faizdən çoxunda istehsalda tənənzül yaşanır. Eləcə də tikinti sektoruna ciddi ziyan dəyib. Bütün bunlar ağır nəticələrdir. Azərbaycanın ölkə daxilində baş verən ixtisarlar özünü xarici ticarətdə də göstərir. Xarici ticarət dövriyyəsi kəskin azalıb”.
N.Əliyevin sözlərinə görə, hökumətin göz dikdiyi sahələrdən gəlirlərin, emal sənayesində isə istehsalın kəskin şəkildə aşağı düşməsi iş yerlərinin sayına da təsir göstərməli idi. Istehsalın həcmi aşağı düşən zaman həmin sahədə çalışan sahibkarların ixtisarlara getməyə məcbur olduqlarını deyən N.Əliyev bildirdi ki, hökumətin özü də ixtisarlara gedir. Neft və qaz sektorunda çalışanların son zamanlar ciddi ixtisara məruz qaldıqlarını vurğulayan N.Əliyevin sözlərinə görə, bu eyni zamanda pis bir nümunə yaradır. Yəni cüzi iqtisadi gərginlik yaranan kimi işçilərin əksəriyyəti ixtisara salınır: “Bütün baş verənlər onu deməyə əsas verir ki, ölkədə yeni və daha kütləvi işsizlər ordusunun yaranmasına səbəb olacaq. Bu artıq qaçılmazdır. Hökumət tez-tez onun təbliğatını qurur ki, ölkədə zavod, fabriklər tikilir. Azərbaycan xalqına o qədər qırmızı lentlər kəsib, göstəriblər. Toxuculuq sənayesinin 80 faizi ixtisar olunub. Bu sahənin axı neftə birbaşa əlaqəsi yoxdur. Poliqrafiya sahəsində 68 faiz ixtisar baş verib. Buna səbəb nədir? Və ya metalurgiyada nəyə görə 51 faiz ixtisar gedib?”.
Azərbaycanda işsizlər ordusunun yaranmasının arzuolunan olmadığını deyən N.Əliyev bildirdi ki, istehsal göstəricilərinin kəskin şəkildə aşağı düşməsi işsizliyin də ona uyğun böyük olacağını deməyə əsas verir. “Emal sənayesində 220 mindən çox insan çalışır. Tikinti sektorunda 350-400 min nəfər iş yeri ilə təmin edilib. Emal sənaye göstəriciləri kəskin aşağı düşdüyü halda bu sahələrdə işsizlik hiss olunacaq. Qeyri-neft sahələrinə kapital yatırımı 23 faizdən çox azalıb. Kapital yatırımının azalması, emal sənayesində tənənzül işsizliyin böyük olacağını düşünməyə əsas yaradır”, deyə N.Əliyev bildirdi.
Samir Əliyev: “Investisiya xərclərinin azaldılması nəticəsində işsizlik genişlənib”
Iqtisadçı Samir Əliyev isə bildirdi ki, böhranın zərbə vurduğu sektorlardan biri, bəlkə də birincisi məhz işsizliklə bağlıdır. Azərbaycanda işsizliyin müəyyənləşdirilməsinin çətin olduğunu deyən S.Əliyev bildirdi ki, pay torpağı olan, amma işsiz olan şəxs işsizlər siyahısına aid edilmir: “Indiki zamanda isə biz işsizliyin dərəcəsini qiymətləndirsək, işsizliyin səviyyəsi daha geniş arealı əhatə edə bilər. Azərbaycanda hazırda əsas işsizlik dövlət qurumlarında çalışanlar sırasında yaşanır. Investisiya xərclərinin azaldılması nəticəsində də işsizlik yaranıb. Regionlarda böyük həcmdə tikinti işləri aparılır. Bu istiqamətdəki iş hazırda dayandırılıb. Işlərin dayandırılmasının səbəbi təkcə böhran deyil. Buna eyni zamanda səbəb Azərbaycanda Avropa Oyunlarının keçirilməsidir. Bu gün istər dövləti təmsil edən, istərsə də yaşayış mənzilləri tikən şirkətlər iflas edib. Bu şirkətlərdə xeyli sayda insan işləyir. Onlar faktiki olaraq işsiz qalıblar”.
Eyni zamanda dövlət qurumlarında da hazırda ixtisar aparıldığını deyən S.Əliyev bildirdi ki, daha bir istiqamət Rusiyada yaşananlarla bağlıdır. Bu ölkədə də yaşayan soydaşlarımız işlərini itirdikdən sonra vətənə qayıdırlar və işsizlər ordusunun sayını artırırlar: “Işsizliyin səviyyəsi ilə bağlı konkret rəqəm söyləmək çətindir. Amma böhran zamanı Ispanya kimi ölkədə işsizlik 20 faizə çatıbsa, Azərbaycanda da işsizliyin səviyyəsini təxminən bu rəqəm ətrafında qiymətləndirmək olar”.
Xəyal