Nurəddin Məmmədli: «Belə Milli Məclisdən parlament funksiyasını reallaşdırmağı gözləmək sadəlövhlükdür»
Ölkədə nə baş verməsindən asılı olmayaraq, hakimiyyətin mövqeyi dəyişməz qalır. Yəni bütün sahələrdə geriləmələr müşahidə olunsa da, hakimiyyət təmsilçiləri baş verənlərə uğurlu inkişaf diaqnozu qoyurlar. Sanki valyuta ehtiyatlarının azlması, ölkənin idxaldan asılı vəziyyətə düşməsi, iqtisadiyyatın neftdən ibarət olması, qiymət artımları, milli valyutanın ucuzalşması uğur vəd edir. Məsələ burasındadır ki, hakimiyyət tənqidi, şəffaflığı, real analizləri qəbul etmir və xalqa yalan məlumatlar verməkdə maraqlıdır.
Milli Məclisin martın 17-də keçirilən iclasında da ənənəvi hal baş verib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib. Baş nazir Artur Rəsizadə bütün məqsədlərə nail olunduğunu bildirib, Mərkəzi bankın sədri Elman Rüstəmov kifayət qədər valyuta ehtiyatlarımızın olduğunu söyləyib. Digərləri də “inkişaf”ın başqa tərəflərinə “işıq” salıblar. Bir sözlə, Milli Məclisin hesabatlı iclasında hakimiyyətin heç nəyin hesabatını vermək istəməyib.
AXCP sədrinin müavini Nurəddin Məmmədli hesab edir ki, Milli Məclisin sessiyasında səslənən fikirlər, Nazirlər Kabinetinin hesabatı formal xarakter daşıyır: “Bu rejimin mövcud olduğu bütün dövrlərdə hökumətin parlamentdə hesabatları həmişə formal xarakter daşıyıb ki, bu da bir neçə səbəblə bağlıdır. Birincisi, parlament hakimiyyətin müstəqil qolu deyil. Milli Məclisin tərkibi bir neçə nəfərin istəyinə uyğun olaraq müəyyənləşir və Prezident Administrasiyasının işçi orqanı kimi fəaliyyət göstərir. Ikincisi, Parlamentdə işgüzar müzakirələr apararaq həqiqətləri ortaya qoymaq üçün orada müxalifət olmalıdır. Bu gün Milli Məclisdə müxalifətin bir nəfər də təmsilçisi yoxdur. Həm hökumətin, həm də parlamentin tərkibi eyni adamlar tərəfindən müəyyən olunur ki, bunları da dövlətçilik maraqları deyil, şəxsi maraqlar birləşdirir. Parlamentdə normal müzakirələr aparmaq, hökumətin fəaliyyətinə obyektiv qiymət vermək və müəyyən düzəlişlər aparmaq üçün müxtəlif siyasi qrupların təmsilçilərindən ibarət fraksiyalar olmalıdır. Milli Məclis isə eyni klanın təmsilçilərindən ibarətdir və kimsə cəsarət edib hökumət nümayəndələrinə etimadsızlıq göstərə bilməz. Üçüncüsü, parlamentdə normal, işgüzar müzakirələr əsasında qərarlar o zaman qəbul oluna bilər ki, qanunlara uyğun fəaliyyət olsun. Hamı bilir ki, Nazirlər Kabineti, demək olar, heç bir əməli fəaliyyətlə məşğul deyil. Ölkənin bütün sahələri bir neçə nəfər arasında bölünüb ki, deputatlar da onlara heç bir irad tuta, yol göstərə bilməzlər. Bir də ki, parlamentin spikeri tez-tez deputatlara ”buranı siyasət meydanına çevirməyin" xəbərdarlığı edirsə və bu mesaja adekvat cavab verməyən istənilən şəxsin cəzalandırılması realdırsa, belə Milli Məclisdən parlament funksiyasının reallaşdırılmasını gözləmək sadəlövhlükdür".