“Xarici nəşr odur ki, çap olunan kitab Konqresin kitabxanasının, Britaniya kitabxanasının və bu qəbildən olan digər mərkəzlərin kataloquna düşsün”
Dəyərli dostlar, tariximiz və tarixi nəşrlərimizlə bağlı bəzi fikir və mülahizələrimi sizinlə bölüşmək istədim. Tariximizin beynəlxalq arenaya çıxarılması çox vacib məsələdir və bunun peşəkarlıqla edilməsinə böyük ehtiyac vardır. Açığı, bu istiqamətdə çoxlu problemlər vardır və yazılan əsərlər, nəşr edilən kitablar ən elementar tələblərə cavab vermir. Əslində, tarixi mənbələr, xüsusilə son 200 ilin sənədləri bir sıra mübahisəli məqamlarda xalqımızın maraqlarını aydın şəkildə ortaya qoyur. Bunu təqdim etmək, normal elmi polemika aparmaq əvəzinə, daha çox söyüş leksikonuna üstünlük vermək bir qayda olaraq elmi nəşrlərə inamsızlıq yaradır. Biz mətbuat və informasiya vasitələrində alimlərimizin tez-tez belə ifadələrinə rast gəlirik ki, bizim kitabımız 5-6 dilə tərcümə olunub və guya bu tərcümələr vasitəsilə də tariximizi dünyaya çıxarmışıq. Əgər həmin tərcümələr Azərbaycanda nəşr olunubsa, onun dünyaya heç bir aidiyyatı yoxdur və bu daha çox öz-özümüzü aldatmaq cəhdidir. İndi dünya açıqdır və bu açıq dünyanın müxtəlif elmi mərkəzlərində, nəşr evlərində tariximizə hiss ediləcək maraq yaranmışdır. Bu marağı təmin etmək üçün həmin elmi mərkəz və nəşriyyatların yüksək elmi tələblərinə uyğun araşdırmalar təqdim etmək lazımdır. Tələb nədən ibarətdir? İlk növbədə elmi araşdırmalar yaxşı tərcümə olunmalı və nəşr olunan dilin daşıyıcısı tərəfindən redaktə olunmalıdır. Açığı, bizim tərcümələrin səviyyəsi çox aşağıdır və həmin tərcümələrlə Bakıda nəşr olunmuş kitabı hara göndərsən, gərək tərcüməçini də ora göndərəsən, izah etsin ki, sən nə demək istəyirsən. Qərb ölkələrində hər bir normal nəşriyyat və elmi mərkəz nəşr üçün təqdim edilən əlyazmanı anonim rəyləşdirmədən keçirir. Kimliyindən və elmi titulundan asılı olmayaraq əgər anonim rəyçilər müsbət rəy verərlərsə, nüfuzlu nəşriyyata təqdim edilən əlyazma kitab kimi nəşr oluna bilər. Bunun ayrı yolu sadəcə olaraq mümkün deyil. Ona görə ölkəmizdə kiminsə əsərinin xarici dildə çıxması, hələ xaricdə çıxması demək deyildir. Xarici nəşr odur ki, çap olunan kitab Konqresin kitabxanasının, Britaniya kitabxanasının və bu qəbildən olan digər mərkəzlərin kataloquna düşsün. Xarici nəşrin etibarlılığı bilavasitə bununla müəyyən olunur. Yeri gəlmişkən, bu seriyadan olan kataloqlara düşmək üçün hökmən vacib deyildir ki, kitab Amerika və ya Britaniyada çıxsın. İkinci zərərli məsələ bir sıra həssas mövzulara, məsələn, Qarabağ, soyqırımı və bu sıradan olan digər məsələlərə həsr edilmiş əsərlərin dövlət orqanlarının rəhbər işçilərinin redaktəsi altında nəşr edilməsi, rəsmi şəxslərin adlarının kitabın titul vərəqində göstərilməsidir. Əgər tarixçi alim bu həssas mövzulara aid araşdırmaların Milli Təhlükəsizlik Nazirliyinin layihəsi kimi, bilavasitə nazirin redaktəsi altında nəşr etdirirsə, həmin nəşrə heç bir elmi mərkəz etimad göstərməz, heç bir ciddi alim ona istinad etməz, heç bir normal xarici nəşriyyat onunla maraqlanmaz. Bu, yalnız ölkənin içində prezident aparatına hesabat vermək üçündür. Nəzərə almaq lazımdır ki, belə hallar Azərbaycanın haqlı mövqeyini gücləndirmir, əksinə zəiflədir. Həmin araşdırmada istifadə edilən sənəd və materialların etibarlılığın şübhə altına alır. Bunu hökmən nəzər almaq lazımdır. Üçüncüsü, bir sıra vəzifəli şəxslərin tarix yazmağa girişməsi zərərli ənənədir və buna son qoymaq lazımdır. Əvvəla, bu əsərlərin necə yazıldığı hər kəsə bəllidir, ikincisi, həmin əsərlərin etibarlılıq dərəcəsi sıfıra bərabərdir, bunlardan yalnız daxili təbliğatda istifadə edilə bilər. Hətta yüz dilə də tərcümə edilsə belə, bu nəşrlərin elmin inkişafına və ictimai fikrə təsir imkanları yox dərəcəsindədir. Son illərdə dəbdə olan məsələlərdən biri də, çoxlu sayda “həvəskar tarixçilərin” tarixi “tədqiqatlara” qurşanmasıdır. Məhz bu həvəskarlar gerçək elmə böyük ziyan vurur, hansısa fikri ümumi kontekstdən çıxarmaqla sensasiyaya meylli olur və bununla da maraqlandığı mövzuları bir növ şikəst vəziyyətə salırlar. Tariximizə hörmətlə yanaşırıqsa, belə zərərli meyllərdən uzaq olmaq lazımdır.