Parlamentin vitse-spikeri, YAP-çı deputat Bahar Muradovanın Azərbaycanda demokratik seçki mühiti və qanunvericiliyinin olduğu haqda dediklərinə yazıçı Zümrüd Yağmur sərt üslubda cavab verib. Onun öz facebook səhifəsindən Bahar Muradovaya ünvanladığı yazını təqdim edirik:
“Milli Məclisin vitse-spikeri Bahar Muradova son müsahibəsində bildirib ki, Azərbaycanda tam normal ictimai-siyasi mühit, demokratik seçki qanunvericiliyi var.
Beləmi düşünürsünüz, Bahar Muradova? Dediyiniz o seçkidə satılan mandatların qiymətini siz bilirsiniz. Biz bilmirdik, pul haqqındakı təsəvvürlərimizin “yalnış” olduğunu sayənizdə öyrəndik. Məsələn, mən bir kağış parçasının, mandatın 2 milyon manat olduğunu Elşad Abdullayevin çəkdiyi “Gülər Əhmədova” serialından öyrəndim. Hətta bu alış-verişdə “otvyorka”nın necə lazımlı bir alət olduğunu, ölkənin səlahiyyətcə ikinci adamı olan birinin iş kabinetində bizə görə o qədər də dəyərli olmayan aləti əlinə alıb “şərəfləndirərək”, ağzı açılmayan pul dolu çemodanı açmasını da sizlərin sayəsində öyrəndik.
Amma siz yenə də görünən kəndə bələdçi axtarırsınızsa, nə deyə bilərik?! Olsun…
Kəndi də, bizə izlətdiyiniz “Gülər Əhmədova” serialını da bir yana qoyaq və bir anlığa sizə inanaq. İnanaq ki, ölkədə seçkilər saxtalaşdırılmır, dediyiniz kimi, demokratik seçki mühiti var. Yəni özünüzə də, keçirilən seçkiyə də inanırsınız eləmi? Bunumu demək istəyirsiniz?
Onda sizə bir təklifim var. Mən, heç bir partiyanın üzvü olmayan, sadə bir yazar kimi sizin dairənizdən Milli Məclisə namizədliyimi verim və siz də özünüzə, keçirdiyiniz və yaratdığınız seçki mühitinə inanaraq heç bir müdaxilə etməyin. Amma pullarınızdan, imkanlarınızdan istədiyiniz kimi istifadə edin. Yaxşı reklam rolikləri hazırlayın, TV-lərdə danışın. Mənsə kasıb yazar kimi ancaq seçicilərlə görüşüm, sadə seçki kampaniyamı aparım. Nəticəyə baxaq. Görək sizin pul, reklamlar və TV çıxışlarınız qalib gələcək, yoxsa mənim kasıb kampaniyamdakı dürüst və çəsarətli çıxışlar? Mən deməyim, çünki siz illərdir seçkidə iştirak edib, hər dəfə də kimlərinsə səsini saxtalaşdıraraq mandat alan biri kimi mənzərəni məndən daha yaxşı bilirsiniz.
Amma rahatsız olmayın, mən sizin o saxta parlamentdə təmsil olunmağı özümə rəva görmərəm. Ona görə də mandatdan imtina edərəm, bundan sonra siz mənim boş qalan yerimə bildiyiniz qaydada özünüzü təyin etdirə bilərsiniz.Mandat da, kürsünüz də sizin olsun…
Sadəcə, Tanrı eşqinə, bir az “yavaşlayın”! Axı bu ölkədə etdikləriniz və yaratdığınız eybəcər mühitə rəğmən hələ də yalan və saxtakarlığı ürəyi qaldırmayan insanlar var.
Onların qarğışına və lənətinə tuş olmayın barı!”