Yaxud hakimiyyət erməniləri necə sevindirir?
Azərbaycan hakimiyyətinin bütün oyunları kimi, Avropa Oyunları yalanı da ifşa olundu. Əvvəlcə məlum oldu ki, bu mənasız yarışmaya 8 milyard vəsait xərclənib. Ardınca bu xəbəri də eşitdik ki, ölkəmizə gələcək bütün heyətin xərclərini Azərbaycan tərəfi ödəyəcək. Daha sonra məlum oldu ki, hətta erməni idmançıların da hesabını hökumətimiz öz üzərinə götürüb.
Yəni “bu yarışma Azərbaycana mənfəət gətirəcək” təbliğatı iflasa uğradı. Etiraf edildi ki, hər hansı qazancdan söhbət açmaq sadəlövhlükdür. Əksinə, sosial-iqtisadi vəziyyətin gərgin olduğu bir vaxtda bu yarışmanın keçirilməsi yaralı əsgərə növbəti güllənin vurulmasıdır. Demək olar ki, bu yarışmaya görə bütün zəruri işlər təxirə salınıb. Hətta ağır şəraitdə yaşayan məcburi köçkünlərə də bildirilib ki, onların köçürülməsi Avropa Oyunlarından sonraya qalacaq. Bir sözlə, vətənsdaşlara deyilir ki, “çalışın ölməyin”. Ardınca o da məlum oldu ki, əsl Avropa Oyunları 2017-18-ci illərdə Qlazqo şəhərində keçiriləcək. Deməli, Avropa oyunlarının keçirilməsi birmənalı olaraq Azərbaycana zərbə vurmaqdır. Bütün bu ifşaları görə hakimiyət “biz ölkənin imicinə görə bu yarışmaya ev sahibliyi edirik” mərhələsinə keçdi. Guya, Avropa Oyunları vasitəsilə Azərbaycanın imicini yüksəldəcəklər. Hansıki, bu oyunlar ərəfəsində dünyanın nüfuzlu mətbuat nümunələri Azərbaycandakı siyasi məhbuslardan, söz azadlığına basqılardan və korrupsiyadan yazır. Müxtəlif təşkilatlar Avropa Oyunlarının boykot edilməsi ilə bağlı çağırışlar edirlər. Təbii ki, hakimiyyət də bu tənqidlərin heç birindən nəticə çıxarmır və öz qanunsuz siyasətini davam etdirir. Əgər məqsəd Azərbaycanın imicini yüksəltmək olsaydı, bu iradlara qarşı əməli tədbirlər görülərdi. Sadəcə olaraq hakimiyyət Avropa Oyunlarını vasitəyə çevirərək xaricdən gələn qonaqlara yüksək xidmət göstərmək və öz nüfuzunu artırmaq siyasəti yürüdür. Amma yuxarıda qeyd etdiyimiz kimi, bütün “niyyət”lər ifşa olunduğuna görə hakimiyyət yenidən sevimli “arqument”inə qayıdıb. Guya, Azərbaycanı tənqid edən, Avropa Oyunlarını boykota sələyən təşkilatlar ermənilərin diktəsiylə hərəkət edir və “Azadlıq” qəzeti də onlara dəstək verir.
Əvvəla, Avropa Siyasəti Araşdırmaları Mərkəzi Azərbaycanla Avropa Birliyi arasında münasibətlərə dair analitik material hazırlayıb və bu materialın hazırlanmasına Gürcüstan vətəndaşı Gela Merabişvili rəhbərlik edib. Digər tərəfdən, bu mərkəzin araşdırmalarındakı faktları hər bir Azərbaycan vətəndaşı da təsdiq edə bilər. Amma hakimiyyət mətbuatı iddia edir ki, bu mərkəzin ekspertlərindən biri erməni əsillidir. Çox qəribədir, deyilmi? Erməniləri ağzımızın içinə qədər gətirən hakimiyyət, hansısa təşkilatın sıralarında erməni əsilli ekspert axtarışına çıxıb. Dəfələrlə isbat etmişik ki, ən böyük erməni sevgisi hakimiyyətin fəaliyyətində əks olunub. Əvvəlcə Bakıya gələn ermənilərin xərcini ödəməyə razılıq verildi, ardınca Azərbaycan tərəfə keçən erməni əsgərə ən yüksək qayğı göstərildi, indi isə məlum olur ki, “Comedy Woman” adlı erməni truppası Heydər Əliyev sarayında konsert verəcək. Hakimiyyətin ən böyük “erməni stavkası” isə Qarabağı ermənilərə hədiyyə etmiş Rusiyanını əlaltısına çevrilməkdir. Bu gün Ermənistanı bütün sahələrdə təmin edən və ayaqda qalmasına şərait yaradan Rusiyadır. Hakimiyyət isə bu faktların qarşısında susaraq, Rusiyaya biət edir.
Göründüyü kimi “CEPS” təşkilatının sıralarında erməni axtaran hakimiyyət, bütün vasitələrlə erməniləri sıralarımıza qoşmaq cəhdi göstərir. Ümumiyyətlə, hakimiyyətin yürütdüyü siyasət Ermənistanın təbliğatını əks etdirir. Belə çıxır ki, bütün dünyanı idarə edən ermənilərdi. O zaman sual meydana çıxır? Sizin uğurlu xarici siyasətiniz hara buxarlandı ki, ermənilər Avropanı, Amerikanı, dünyanın nüfuzlu mətbuatını ələ keçirib?
Yuxarıda da faktlarla göstərdik ki, əslində ermənilərə şərait yaradan Azərbaycan hakimiyyətidir. Bu hakimiyyətin qanunsuz əməllərini tənqid edənlərə isə öz adlarını qoyurlar. Axı beynəlxalq təşkilatların tənqidində Azərbaycanın ərazi bütövlüyünə, ölkə vətəndaşına qarşı ittiham yoxdur. Əsasən siyasi məhbus məsələsi qabardılır. Əgər siyasi məhbus məsələsi həll olunsa, korrupsiya ləğv edilsə, söz azadlığına basqılara son qoyulsa, Azərbyacana qarşı tənqidlər də azalar. O zaman hakimiyyətin arqumentləri əsaslı görünər.
O ki qaldı baş verənlərin “Azadlıq”la bağlanmasına, bu da təbiidir. Çünki, hakimiyyətin susdura bilmədiyi, prinsiplərindən imtina etməyən yeganə qəzet “Azadlıq”dır. Bu qəzet 25 ildir ki, dövlətə və millətə qarşı aparılan bütün iyrənc əməliyyatları ifşa edir və bundan sonra da davam edəcək. Erməni heç vaxt istəməz ki, Azərbaycanda “Azadlıq” kimi bir qəzet olsun. Erməniyə “Yeni Azərbaycan”, “Səs” qəzetləri lazımdır ki, Ermənistanın təbliğatını aparsın, ölkə vətəndaşına “ermənipərəst” damğası vursun və ölkənin talanm edilməsinə haqq qazandırsın. Bəli, erməniylə döyüşdə şəhid olanların, qazi olanların haqqını tələb edən bir qəzet yox, qazinin intihar həddinə çatdırılmasını, şəhidin haqqının yeyilməsini ört-basdır edən qəzetin olması ermənilərin marağındadır.
Yəqin ki, “Yeni Azərbaycan” qəzeti haqlı iradların arxasında “erməni izi” axtara-axtara, Heydər Əliyev sarayında konsert verən erməni truppası haqqında da geniş reportaj hazırlayacaq. Görünür, hakimiyyətin bütün vicdanlı insanlara “erməni” damğası vurmasının mükafatı olaraq erməni truppası konsert vermək qərarına gəlib.
Akif