Rövşən Ağayev: «Dərman bazarında qiymətlərin bahalığının əsas səbəbi bu sahədə rəqabətin olmamasıdır»
Dövlət başçısı Ilham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına həsr olunan iclası keçirilib. Müşavirədə Ilham Əliyev çıxış edərək, ölkənin sosial-iqtisadi durumundan danışıb. Dövlət başçısı elə fikirlər səsləndirib ki, qətiyyən reallığa uyğun deyil. Məsələn, Əliyev iddia edir ki, dünyada neftin ucuzlaşması Azərbaycanın iqtisadi inkişafının qarşısını ala bilməyib. Yaxud, təkcə bu ilin ilk üç ayı ərzində Azərbaycanda 30 min yeni iş yerinin açıldığını bildirib…
Tanınmış iqtisadçı ekspert Rövşən Ağayevlə söhbətimizdə dövlət başçısının bəhs etdiyi sahələr və göstəricilər haqda danışdıq:
– Dövlət başçısı müşavirədəki çıxışında dünya bazarında neftin ucuzlaşmasının bizim ümumi inkişafımıza təsir etmədiyini, ölkədə inflyasiyanın aşağı səviyyədə qaldığını, istehlak bazarına tam nəzarət edildiyini, əhalinin pul gəlirlərinin 5,3 faiz olduğunu bildirib. Bu fikirlərlə razısınızmı?
– Hökumət adətən ilin sonlarında və yeni ilin ilk aylarının yekunlarına uyğun toplantılar keçirir. Məsələ burasındadır ki, dövrün özü ənənəvi dövr hesab olunmur. Hökumətin sanki ölkə iqtisadiyyatında heç bir problem yoxmuş kimi, yalnız iqtisadiyyatdakı yüksək dinamikadan danışmasını bir kənara qoyuram. Çünki hökumət ənənəvi olaraq bu tip çıxışlar edir və nəzarətindəki media orqanları da bu çıxışların təbliğatını aparır. Mən məsələyə başqa prizmadan yanaşmaq istəyirəm. Bu ilin ilk rübü böyük neft pullarının Azərbaycana daxil olduğu dövrdən sonra tamamilə fərqli bir mərhələ oldu. Bu fərqlilik özünü birinci onda göstərdi ki, Azərbaycana daxil olan pullar əhəmiyyətli şəkildə azaldı. Təəssüf ki, hökumət birinci rübün nəticələrini açıqlamır. Amma iki ayın nəticələri onu göstərir ki, ixracatda 40 faiz azalma var. Əvəzində isə biz idxalın kəskin şəkildə artdığını müşahidə edirik. Iki ayın nəticəsinə görə, ölkənin idxalında 43 faiz artım müşahidə olunub. 2007-cən bəri ilk dəfədir ki, iki ayın nəticələrinə görə, ticarət balansında mənfi saldo qeydə alındı. Bu ilin fevral ayının nəticəsinə görə, 74 milyon dollar mənfi saldo qeydə alınıb. Faktiki, büdcə ilə bağlı rəqəmlər açıqlanmasa da, Vergilər Nazirliyinin fevral ayının nəticəsinə uyğun verdiyi məlumata görə, ötən ilin ilk iki ayı ilə müqayisədə təxminən iki yüz milyon manata qədər azalma qeydə alınıb. Bütün bunlar onu göstərir ki, ölkə iqtisadiyyatında ciddi problemlər var. Əlavə olaraq onu qeyd edə bilərik ki, son 15 ildə ilk dəfə idi ki, milli valyutanın ciddi şəkildə dəyərdən düşməsi baş verdi.
– Demək olar ki, hər gün dövlət və ya özəl sektorda ixtisarlar barədə xəbərlər yayılır. Amma dövlət başçısı müşavirədə bildirib ki, bu ilin ilk rübündə 30 min iş yeri açılıb…
– 2003-cü ildən bəri müntəzəm olaraq, cəmiyyətə yeni iş yerlərinin açıldığı elan olunur. Bu mövzu da hər zaman ciddi şəkildə müzakirə olunan və mübahisə doğuran məsələlərdəndir. Bu məsələ ilə bağlı dəfələrlə bildirmişəm ki, əgər hökumət cəmiyyətin yeni iş yerlərilə bağlı statistikaya inanmasını istəyirsə, bu məsələdə ciddi şəkildə şəffaflığa nail olmalıdır.ÿIş yerlərinin həm regionlar, həm də peşələr üzrə statistikasını açıqlamalıdır. Araşdırmalar göstərir ki, iş yerlərinin 70-75 faizini fiziki şəxslərin adına açırlar. Yəni, hər hansı şəxs yeni VÖEN açdırırsa, bunu yeni iş yeri kimi statistikaya daxil edirlər. Şəffaflıq baxımından hər bir rayonda hər peşə üzrə yeni iş yerlərinin açılmasını özündə əks etdirən bir statistikaya nail olmaq gərəkdir. Hökumət isə ümumi şəkildə rəqəmləri ortaya atır və bu daha çox publikaya hesablanır. Halbuki, yeni iş yerlərinin açılması özünü büdcədə, gəlir vergisində, sosial müdafiədə göstərməlidir. Mənim şəxsi təhlilimə görə, dövlət büdcəsinə daxil olan gəlir vergisində əsas pay büdcə təşkilatlarına məxsusdur. Son 7-8 ilin statistikası göstərir ki, dövlət büdcəsinə daxil olan gəlir vergilərinin ən azı 40 faizə qədəri elə büdcədən maliyyələşən təşkilatlarda çalışanların üzərinə düşür. Təxminən 30 faizə qədəri isə Dövlət Neft Şirkətinin və xarici neft şirkətlərinin payına düşür. Yəni, büdcəyə ödənilən hər yüz manat gəlir vergisindənÿən azı, 70-75 manatı büdcə təşkilatları və vergi sektorunun payına düşür.ÿHanı bəs burada özəl sektorun payı? Əgər doğrudan da Azərbaycanda hökumətin dediyi kimi, bu ilin ilk rübündə 30 min, ümumilikdə isə bir milyondan yuxarı yeni iş yeri açılıbsa, niyə Azərbaycanda dövlət büdcəsinə ödənilən gəlir vergisində özəl sektorun payı ən yaxşı halda, 20-25 faiz təşkil edir? Hökumət özü qeyd edir ki, yeni açılan iş yerləri özəl sektoru əhatə edir. Ona görə də mən hər zaman bu cür statistikalara şübhə ilə yanaşıram.
– Dövlət başçısı çıxışında həmçinin manatın məzənnəsinin düşməsindən danışaraq dedi ki, bu, iqtisadi baxımdan səmərəli addımdır. Siz də bu fikri bölüşürsünüzsü?
– Fevralın 21-də manatın ucuzlaşmasına dair qərar qəbul olunanda məsələyə yanaşma belə idi ki, bu siyasət ixracı stimullaşdıracaq. Yəni, ixracla məşğul olan subyektlərin gəlirlərinin manatla ifadəsində artımına nail olacaq. Çox güman, prezident bu baxımdan deyir ki, bizim valyuta ehtiyatlarımız əriyə bilər və bu addım onun qarşısını almaq üçün atılıb.ÿƏgər Rusiya hökuməti də valyuta ehtiyatlarını xərcləsəydi, Rusiyanın ehtiyatları indikindən daha çox əriyəcəkdi.
Ixrac potensialına gəlincə, ölkə ixracının 93-94 faizi neft sektorunu üzərində qurulub. Qalan 4-5 faiz inhisarçıların, iri oliqarxiya şirkətlərinin ixrac gəlirləri olduğu uçün bu siyahıda orta sahibkarlara düşən ixrac payı uzağı 2-3 faiz həcmindədir. Bu baxımdan, hesab edirəm ki, manatın kəskin şəkildə dəyərdən düşməsi iqtisadiyyat üçün daha çox yükə çevrildi, nəinki iqtisadi baxımdan səmərəli oldu.
Onu da qeyd edim ki, devalvasiyanın vacibliyi uzun illər öncə önə çəkilmişdi. Problem təkcə devalvasiyaya getmək deyil, kəskin devalvasiyadadır. Hökumət əgər yumşaq şəkildə – müntəzəm olaraq ildə 3-5 faiz devalvasiyaya getmiş olsaydı, iqtisadiyyatda bu qədər kataklizmlərlə üzləşməyəcəkdi.
– Ölkədə kütləvi bahalaşma xaricdən gətirilən mallarla əlaqələndirilir. Lakin dövlət başçısı bildirir ki, ölkəmiz xarici ərzaq bazarından o qədər də asılı deyil. Sizcə də belədirmi?
– Bu suala ən yaşxı cavabı ölkədə ən böyük qida istehsalçısı olan “Azərsun Holdinq”in rəhbəri verdi.ÿBildirdi ki, satdıqları məhsulların 50 faizə qədərini xaricdən idxal edirlər. Bununla bağlı ayrı-ayrı banklar da fikirlər səsləndiriblər. Müstəqil ekspertlərin də müşahidələrinə diqqət yetirsək, görərik ki, Azərbaycanın ərzaq bazarının ən azı 45-50 faizi idxaldan asılı vəziyyətdədir. Bu reallıqdır. Hətta hökumətin rəsmi statistikasında da göstərilib ki, bizim düyü idxalından aslılığımız 90 faizə qədər, şəkər xammalından asılılığımız 95 faiz, bitki yağlarından asılılığımız 83 faiz, buğdadan asılılığımız 50 faiz, kərə yağından asılılığımız 35-40 faizdir. Bu rəqəmlərdən nəticə çıxarsaq, görərik ki, bizim qida istehlakımız xaricdən nə dərəcədə asılıdır.
– Ilham Əliyev müşavirədə həmçinin son vaxtlar apteklərdə qiymətlərin bahalaşmasından narazılığını ifadə edib və bununla əlaqədar Səhiyyə Nazirliyinə müvafiq göstərişlər verib. Sizcə, nəticəsi olacaqmı?
– Hökumət dərmanların qiyməti üzərində nəzarət qaydaları hazırlayır. Belə bir ideya var ki, qiymətlərin dövlət tərəfindən tənzimlənməsi üçün sərt addımlar atılsın. Amma bir məsələ də var ki, dərman bazarında qiymətlərin bahalığının əsas səbəbi bu sahədə rəqabətin olmamasıdır. Xüsusilə də dərman idxalında monopolistlərdən ciddi şəkildə asılılıq var. Bu sahə həddən artıq dar bir çevrənin əlində cəmləşib. Bir tərəfdən inhisarçılıqla bağlı problem varsa, digər tərəfdən də pərakəndə satışda apteklər ciddi basqı altındadır – qeyri-rəsmi müdaxilələr, əlavə ödənişlər və s. Əgər hökumət gerçəkdən də dərman bazarında qiymətlərin ucuz olmasını vəÿdaha keyfiyyətli məhsulların istehlakçılara çatmasını istəyirsə, bu sahədə inhisarçılığa son qoyulmalıdır. Bu sahədə yaranan problemin çarəsi rəqabətin yaranmasına yol açmaqdır.
Emil