Dövlət vəsaitinin mənimsənilməsi Cinayət Məcəlləsi ilə deyil, Inzibati Xətalar Məcəlləsi ilə cəzalandırılır
Müzəffər Baxışov: «Hakimiyyət büdcədən maliyyələşən təşkilatlarda çalışan dövlət rəsmilərinə oğurluq üçün şərait yaradıb»
Ötən il Azərbaycanda 4 dövlət qurumunun vəzifəli şəxsləri dövlətə 17,1 milyon manatdan çox zərər vurub. “Trend” xəbər verir ki, bu barədə Hesablama Palatasının 2014-cü ilin fəaliyyətinə dair hesabatında bildirilir.
Hesabatda qeyd edilir ki, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən AMEA-nın Genetik Ehtiyatlar Institutuna ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların icrasına, “Aqrolizinq” ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair, Azərbaycan Respublikasi Əmək va Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasına dair məsələlər Hesablama Palatasının Kollegiyasında müzakirə edilib.
Eyni zamanda dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından 2011-2013-cü illər və 2014-cü ilin I yarımilliyi üzrə Kürdəmir rayon Icra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair aparılmış nəzarət tədbirlərinin nəticələrinə toxunulub. Müzakirələr nəticəsində məlum olub ki, AMEA-nın Genetik Ehtiyatlar Institutu, “Aqrolizinq” ASC-nin, ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin və Kürdəmir rayon Icra Hakimiyyətinin vəzifəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə, etibar edilmiş dövlat əmlakından, ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə hallarına yol verib. Büdcə ödəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması halları müəyyən olunub.
Məlumatda vurğulanır ki, borcların uçotdan yayındırılması və digər maliyyə pozuntuları, ünvanlı dövlət sosial yardımlarının, sosial müavinətlərin və təqaüdlərin təyin olunması və ödənilməsində ciddi hüquq pozuntularına yol verilməklə külli miqdarda ödənişlərin həyata keçirilməsi, rəsmi sənədlərlə yalan məlumatların daxil edilməsi və bir sıra digər ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə dövlətə 17104,4 min manat zərər vurulub. Qeyd olunan təşkilatlar üzrə yoxlama materialları Baş Prokurorluğa göndərilib.
Maraqlıdır ki, artıq bununla neçənci dəfədir Hesablama Palatası nazirliklər, müəyyən komitələr, icra hakimiyyətləri ilə bağlı ciddi yeyinti faktlarını aşkarlayaraq prokurorluğa təqdim edir. Keçən illəri bu “qara siyahıya” hətta iki nazirlik – səhiyyə və xarici işlər nazirliyi də düşmüşdü. Amma ciddi faktların aşkarlanmasına baxmayaraq ictimaiyyət bu istiqamətdə adekvat addımların atılmasının şahidi olmur. Bunun müqabilində hökumətin mövqeyini bölüşməyən QHT rəhbərləri heç bir sübut olmadan qat-qat az məbləğin mənimsnilməsində ittiham edilərək, həbsə atılırlar.
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, Hesablama Palatasının açıqladığı məsələlər sırf cinayət xarakterlidir. Burada söhbətin dövlət büdcəsinin vəsaitlərinin mənimsənilməsindən getdiyini deyən M.Baxışov bildirdi ki, bəzən Hesablama Palatasının yoxlamaları ortaya çıxarır ki, bu və ya başqa müəssisədə normadan artıq ştat vahidinin saxlanması halı var. Və ya dövlət büdcəsindən maliyyələşn təşkilatda maliyyə qaydalarının pozulması faktı var. Həmçinin büdcədən ayrılan vəsaitlərdən məqsədli şəkildə təyinatı üzrə istifadə olunmur: “Bu pozuntularla bağlı hazırkı hakimiyyətin dövründə Inzibati Xətalar Məcəlləsinə 204-1 maddə əlavə edildi. Həmin maddəyə görə, dövlət büdcəsindən maliyyələşən təşkilatların maliyyə fəaliyyəti nəticəsində maliyyə qaydalarının pozulması, o sıradan dövlət büdcəsindən, həmçinin məqsədli ehtiyat fondlarından ayrılan vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, normativdən artıq ştat vahidinin saxlanmasına görə inzibati məsuliyyət müəyyən edilir. Bu pozuntulara yol verildikdə vəzifəli şəxslər həmin əməllər min manata qədər məbləğdə törədildikdə 300-500 manatadək, həmin əməllər 1000 manatdan yüksək törədildikdə 500-700 manatadək cərimə edilirlər”.
M.Baxışovun sözlərinə görə, normativdən artıq ştat vahidinin saxlanmasına gəlincə, əgər büdcədən maliyyələşən orqan üçün 10 nəfər ştat vahidi ayrılıbsa, həmin büdcə təşkilatının rəhbəri 15 nəfər qeyd edirsə, bu o deməkdir ki, həmin şəxs 5 nəfərin pulunu mənimsəyir. Ekspert hesab edir ki, əslində bu, sırf mənimsəmə cinayətidir. Bu əməllər Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə qiymətləndirilməlidir. Bu şəxslər həmən əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilməlidirlər. “Əgər onların mənimsədiyi əmlak 7 min manatdan artıqdırsa, həmin əməl Cinayət Məcəlləsinin 179.3 maddəsi ilə qiymətləndirilməli və bu şəxslər barəsində məhz bu maddə ilə cinayət məsuliyyəti nəzərdə tutulur. Həmin şəxslər 7 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilərlər. Amma hazırkı hakimiyyətin özünün mahiyyəti dövlət büdcəsindən oğurluğa imkan verdiyinə görə, Inzibati Xətalar Məcəlləsinə 204-1 maddə əlavə edildi. Bu qəbildən olan əməllər inzibati xəta kimi qiymətləndirildi. Həmin vəzifəli şəxslər də inzibati tənbeh növündə cərimə edilirlər. Bu, hakimiyyətin büdcədən maliyyələşən təşkilatlarda çalışan dövlət rəsmiləri üçün yaratdığı şəraitdir”.
Hikmət