"Almaniyanın "Germanwings" şirkətinin Fransada qəzaya uğramış təyyarəsinin ikinci pilotu təyyarənin idarəsini öz üzərinə götürərək enişə başlayıb". BBC-nin məlumatına görə, bunu qəzanın araşdırlması ilə məşğul olan rəsmi şəxslər deyib.
Daha əvvəlki xəbərlərdə deyilmişdi ki, çərşənbə axşamı Fransanın Alp dağları üzərində qəzaya uğramış "Airbus 320" təyyarəsinin pilotlarından biri kabinəni tərk etdikdən sonra kilidlənmiş qapının arxasında qalaraq öz yerinə qayıda bilməyib.
"Pilot kabinəsini tərk etmiş pilotlardan biri bağlı qapı arxasında qalaraq öz yerinə qayıda bilməyib" – deyə "New York Times" qəzeti adı açıqlanmayan təhqiqatçıya əsasən yazıb.
Uçuşun audio yazısını təhlil edən təhqiqatçı bildirir ki, pilotun qapını döydüyünə baxmayaraq ona cavab verən olmayıb.
"Bayırdakı kişi qapını döyür, amma cavab yoxdur. Onun qapını daha möhkəm döyərək yerindən vurub sındırmağa çalışdığını eşitmək olar" – audioyazını təsvir edən təhqiqatçı belə deyib.
Təhqiqata yaxın olan daha bir mənbə vəziyyətin bənzər təsvirini "France Press" agentliyi ilə bölüşüb.
Qəzanı ikinci pilotun qəsdən törətdiyini fransalı prokuror (Marselin prakuroru) Brice Robin də təsdiqləyib. Onun sözlərinə görə, Almaniya vətəndaşı olan 28 yaşlı pilot Andreas Lyubits qəsdən yüksəkliyi azaldıb, eniş edib. Prokuror bildirib ki, Lyubits qəza anınadək sağ olub,qara qutudakı yazıda onun nəfəsi eşidilirmiş.
"Germanwings" Almaniyanın "Lufthansa" şirkətinə məxsusdur. Martın 24-də Barselonadan Düsseldorfa uçan təyyarə 8 dəqiqəlik sürətli enişin ardından qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 150 adam həlak olub. Sərnişinlər arasında Almaniya, İspaniya, Avstriya, Türkiyə, Danimarka və Belçika vətəndaşlarının olduğu bildirilib.