Özünü Heydər Əliyevin varisi kimi təqdim etmək ona xüsusi ləzzət verirdi
İsa Sadıqov
Lamiyə Quliyeva ilə bağlı olayların aşkarlanması, cəmiyyətin müzakirəsinə sıçraması məni bu olayların baş verməsi ilə bağlı bildiklərimi yazmağa vadar etdi. Bu gənc qızın zorlanması, təhqir edilməsi, nəhayətdə isə qətl hadisəsi törədib həbsxanaya düşməsi təsadüfi deyil və mən qalmaqalla bağlı xəbərləri təəccübsüz qarşılayıram.
Ruslan Aslanov bu proseslərdə böyüyürdü
Mən Aslan Aslanovu 1993-cü ilin payızından tanıyıram. Onun regionda hansı işlərlə necə məşğul olduğundan da, idarəetmə qaydalarından da xəbərim var. Bu barədə dəfələrlə yazmışam və bu gün bir daha o illərin qaranlıqlarını işıqlandırmaq istərdim.
Bəri başdan onu deyim ki, Lamiyə Quliyeva ilə bağlı baş verənlər həmin illərdə həmin regionda baş verən, daha doğrusu, təşkil edilən cəzasızlığın, administrativ cinayətkarlığın nəticəsidir ki, Aslan Aslanovun mərhum oğlu da bu proseslərin içində idi, o proseslərlə bir yerdə böyüyürdü. Lamiyə Quliyeva isə zorakılığın, təhqiramiz davranışın qurbanı olan yeganə insan deyil. Bunu, bir-birinin dalınca ortaya çıxacaq faktlar və yerli əhali də təsdiq edə bilərlər.
Aslan Aslanovun “humanitar yardımları”
Şəmkir rayonuna icra hakimiyyəti başçısı təyin ediləndən dərhal sonra Aslan Aslanov özünü regional rəhbər və Heydər Əliyevin ən yaxın çevrəsinə daxil olan birisi kimi aparmağa başlamışdı. O zamanlar vəzifə səlahiyyətlərim daxilində bir neçə dəfə Heydər Əliyevin tapşırığına əsasən Gürcüstana getmişdim və Gürcüstandakı bu görüşlərə mənimlə bərabər Aslan Aslanov da göndərilirdi. Mən orada Aslan Aslanovu Nazirlər Kabinetinə daxil olan ayrı-ayrı rəhbər şəxslərlə, eləcə də Gürcüstanın regional rəhbərləri ilə tanış etmişdim.
Sonralar A. Aslanov Gürcüstana tez-tez getməyə başlamışdı və bu səfərlərinin adını da belə qoyurdu ki, guya orada azərbaycanlıların kompakt yaşadığı ərazilərə humanitar yardımlar təşkil edir.
Bu “humanitar missiya”nın necə və neçəyə başa gəldiyini isə o zamanlar regionda rəhbər vəzifələrdə işləyənlər yaxşı bilirlər. O bu səfərləri, şəxsən Heydər Əliyevin göstərişi əsasında icra etdiyini deyir və bu çərçivədə də bütün regionda “humanitar yardım” kampaniyası elan edilirdi: bütün yerli idarəetmə strukturlarından, o cümlədən, polisdən, prokurorluq işçilərindən, fabrik və zavodlardan, yerli biznesmenlərdən yardımlar toplanırdı. Kütləvi şəkildə nəğd pul vəsaiti toplanırdı.
Toplanan pulların cüzi bir hissəsinə un, makaron, buna bənzər ərzaq kisələri alınırdı və bunu da soydaşlarımıza humanitar yardım adı ilə AzTv-də səxavətlə nümayiş etdirirdilər. Bütün bunlar çox gülünc şəkil almışdı.
Restoranlar və telekanallar üçün qurbankəsmə əməliyyatları
O zamanlar Heydər Əliyev regiona səfərə gələndə Aslan Aslanov qurbankəsmə mərasimləri təşkil edərdi. O, Heydər Əliyevin kortejinin marşrutu boyu kimin nə qədər qurban kəsəcəyini müəyyən edir və qoyunları da həmin plan üzrə yerləşdirirdi.
Bu səfərlər ərəfəsində isə Şəmkir restoranlarında ət israfçılığı yaranırdı. Deyirdilər ki, o qədər qoyun kəsilib ki, restoranlar ət qəbul etmirlər, onların bu qədər müştəriləri olmurdu. Amma sonradan insanlar da bir az hiyləgərlik təcrübəsi qazandılar. Bir çoxları qoyunları və danaları sadəcə olaraq TV-çəkilişi üçün toplayır, onlardan birini kəsir, yerdə qalanlarını isə kortej ötüb keçən kimi “xilas” edirdilər. Telekanallarda isə Heydər Əliyevin şərəfinə regionda kəsilən yüzlərlə qurban haqqında süjetlər fırlanırdı.
Aslan Aslanov isə Əliyevin etimadını və bunun arxasınca da daha konkret mətləblər qazanırdı. Onun bu qazancı harınlığa, cəzasızlığa, özbaşınalığa və insanlara qarşı zülm və işgəncə mənbəyinə çevrilirdi.
“Humanitar yardım” kampaniyaları da əməlli- başlı qazanc mənbəyinə çevrilmişdi və burada söhbət milyonlardan gedirdi. Yaxşı xatırlayıram ki, o zaman reginda ilk təftiş zamanı onun 8 milyon məbləğində əskiyi çıxmışdı.
Səfəri gücləndirən və Səfərlə güclənən Aslanov
Sonradan mənim yerimə Səfər Əbiyev təyin edildi və onlar çox sürətlə ümumi dil tapdılar. Bu anlaşma isə absurda qədər gedib çıxırdı. O zamanlar həmin bölgədə də ciddi narahatlıqlar vardı, döyüşlər gedirdi və hətta şıdırğı atışmaların getdiyi zamanda da Səfər Əbiyevi çox zaman icra başçısının kabinetində görürdülər. O zamanlar Səfər Əbiyev özünü müdafiə nazirinin müavini kimi deyil, “sovxoz direktoru” kimi aparırdı və o bölgədəki zabitlər tam bir anlaşılmazlıq içində qalmışdılar.
Heyrət və anlaşılmazlıqlar öz yerində, faktlar da öz yerində. Fakt isə bu idi ki, bir müddət sonra Səfər Əbiyev Müdafiə naziri təyin edildi və o zamanlar da hər kəsin bildiyi və kuluarlarda danışdığı kimi bu təyinatda Aslan Aslanovun xüsusi rolu olmuşdu. Səfər Əbiyev müdafiə naziri təyin edilən zamana qədər onlar, artıq, imkan tapıb kirvə omuş, qohumlaşmışdılar.
Əbiyevin Müdafiə naziri təyin edilməsi Qərb regionunda hərbçilər arasında münasibətləri də tamam dəyişdi. Çoxları rütbə və karyera üçün əlaqələri Müdafiə Nazirliyində deyil, Aslan Aslanovun audensiyasında arayır və oradan yararlanmağa çalışırdılar.
Xüsusilə də, hərbi komissarlar və MN sisteminə daxil olan bir çox başqa vəzifələr üçün təyinatların ən kəsə yolunun Aslan Aslanovun kabinetindən keçdiyi barədə möhkəm qənaətlər vardı.
Aslanov bütün regionun qüdrət və əzəmət mücəssəməsinə çevrilmişdi. O zamanlar mənim tabeliyimdə olan zabitlər arasında Aslan Aslanovun kabinetinə gedənlər olmuşdu. Bu faktlar mənə bəlli olduğu zaman mən onları ciddi şəkildə cəzalandırmış və sərt şəkildə xəbərdarlıq etmişdim ki, belə şeylər təkrar olunmasın.
Aslanov bu barədə eşitmişdi və buna görə də mənə qarşı acıqlı idi. O məni cəzalandırmaq və “yerimdə oturtmaq” üçün fürsət axtarır və sinov gedirdi. Amma açığı, məni onun nə özü, nə planları, nə də mövcudluğu maraqlandırırdı.
Əksinə, Aslanovun davranışlarına görə mən dəfələrlə Səfər Əbiyevə də məlumat verərək bildirmişdim ki, bu adamla hərbi xarakterli məsələlərin çözülməsi faktlarına son qoymaq lazımdır. Amma Səfər Əbiyev də hər dəfə israr edirdi ki, regiona məmur olaraq onunla nə təhərsə “dil tapmaq” lazımdır. Təsəvvür edirsinizmi? Müdafiə naziri ordu komandirinə, öz müavininə deyirdi ki, hansısa rayon icra hakimiyyəti başçısı ilə dil tapmağa borcluyuq! Hərbi əməliyyatların davamlı olaraq baş verdiyi bir ərazidə Müdafiə nazirinin öz müavininə belə bir tapşıqırıq verməsi durumun nə qədər miskin günə düşdüyünün göstəricisi idi.
Bunlar mənim üçün imkansız şərtlər idi və buna görə də özünü regionda “Əliyevin qohumu və ən yaxın adamı” elan etmiş bu adamdan bütün səylərlə böyük məsafə saxlamaqda davam edirdim.
Bir qədər əvvəl qeyd etdiyim kimi, onunla dəfələrlə Gürcüstanda rəsmi səfərlərdə olmuşam və hansı etiket və davranışların sahibi olduğunu da yaxşı xatırlayıram. Onu da yaxşı xatırlayıram ki, Aslanov israrla bildirirdi ki, Heydər Əliyevin varisi və ölkənin gələcək prezidenti, məhz, odur. (O zamanlar hamınızın bildiyiniz kimi, Ilham Əliyevin adı populyar deyildi, özü isə proseslərdə, ümumiyyətlə, yox idi və olmurdu).
Bir əhvalatın üzərində xüsusilə dayanmaq istəyirəm. Bu hadisə Gürcüstandakı görüşlərin biri zamanı baş vermişdi. Rəsmi görüşdən sonra, təbii ki, ziyafət təşkil edildi. Bu görüşdə Kvemo-Kartli vilayətinin qubernatoru Levan Mamaladze də iştirak edirdi. O, Şevardnadzeyə yaxınlığı ilə seçilirdi və Gürcüstanda ən gənc məmurlardan biri idi. O zamanlar hətta belə təsəvvürlər vardı və bu təsəvvürlərin də, deyəsən, gerçəyə daha çox dəxli vardı ki, Şevardnadze, məhz, bu adamı öz yerində görmək istəyir.
Həmin ziyafətdə məclisin aparıcısı bölgənin ağsaqqallarından biri, Şevardnadzenin kənd təsərrüfatı məsələləri üzrə müşaviri olan Məhərrəm Həsənov idi. Məhərrəm Həsənov çox müdrik, bölgədə hamının hörmətini qazanmış bir insan idi. O, Aslan Aslanovun şıltaqlıqlarını yaxşı görür və buna görə də ona etinasızlıqla və etimadsızlıqla yanaşırdı.
Bir neçə tostdan sonra Məhərrəm Həsənov növbəti sağlıq üçün giriş verdi: “Bu badələri qaldıraq bizim gənc dostumuzun, olduqca perspektivli insanın, ölkənin gələcək prezidentinin şərəfinə qaldırmağı təklif edirəm”… Tostun “gələcək prezident” hissəsini eşidən kimi Aslan Aslanov sifətinə, guya, təvazökarcasına ifadə verib ayağa qalxdı. Belə hesab etdi ki, söhbət “gənc, perspektivli, gələcək prezident”dən gedirsə, deməli yüz faiz onu nəzərdə tuturlar. Amma hamı üzünü Məhərrəm Həsənova çevirib onu dinləməyə davam etdi.
Əslində bu sağlıqla Məhərrəm Həsənovun Aslan Aslanovu cəzalandırmaq istədiyini mən dərhal sonra anladım.
…Məhərrəm Həsənov sözünə davam edərək sağlığın sonunda Levan Mamaladzenin adını çəkdi.
Həmin anda Aslanovun sifətini görəydiniz! O qıpqırmızı qızararaq pörtmüşdü, əlləri əsirdi, sanki indi bu dəqiqə yıxılacaqdı. Özünü itirmişdi. Oturdu və dərhal da anladı ki, hamı qalxıb və qalxmaq lazımdır.
Bu çıxışdan, ta məclisin sonuna qədər Aslan Aslanov bir kəlmə də danışmadı, başını qaldırıb kiminsə sifətinə baxa bilmədi. Məsclisdə oturanların da hamısı anlamışdı ki, ağsaqqal Məhərrəm Həsənov bu şıltaq və dəcəl adamı cəzalandırmaq istəyib, vəssəlam.
Keçmiş “gələcək prezident” haqqında daha nələr var?
Aslanov, qeyd etdiyim kimi, özünü bölgənin qubernatoru kimi aparır, hətta hərbi işlərə də burnunu soxmaqda davam edirdi. Onun regionda belə qudurğan davranışları isə yuxarılardan stimullaşdırılırdı.
Onun, bu “gələcək prezident”in özbaşınalığnın və qanunsuz əməllərinin həddi hüdudu yox idi. Mən təəccüb edirəm ki, indiyə qədər o bölgədə bu adamın davranışlarından zərər, ham maddi, həm də mənəvi zərərlər görən insanlar nə üçün başlarına gələni danışmırlar, yazmırlar? O qədər zülm və zilləti unutmaq, yaddan çıxarmaq mümkün deyil. Axı, həmin adamlar sağdırlar?
Bu admalar danışmağa başlasa, hər kəs görəcək ki, Şəmkirdə Lamiyə Quliyeva sindromunun peyda olması qətiyyən təsadüfi deyil və bəlkə də, daha dəhşətli olayların üstü açılacaq?
Şəmkir mərd və müdrik insanların yaşadğı bir bölgədir.Mən inanıram ki, onlar bu dəhşətli hadisələrin üstü açılandan sonra o günlərin başqa dəhşətlərini gizlətməyəcəklər və nəhayət, gec də olsa kimin kim olduğunu bütün ölkəyə göstərəcəklər.