Tarix Institutunun direktoru işğal tarixini təhrif edir
Rəhim Qazıyev: «1992-ci il iyunun 12-13-nə keçən gecə Ağdərəni işğaldan azad etdik, AXC hakimiyyəti devriləndən sonra bu rayon yenidən işğal olundu»
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix Institutu biabırçı səhvə yol verib. Qurumun rəsmi saytında Azərbaycanın erməni əsarətində olan rayonlarının işğal olunma tarixləri səhv yazılıb.
AzNews.Az xəbər verir ki, Ağdam və Ağdərənin ermənilər tərəfindən işğal olunması tarixi səhv göstərilib. Rayonların işğal tarixləri yer almış cədvəl saytda iki yerdə – “Dağlıq Qarabağ Münaqişəsinin Tarixi” və “Xocalı soyqırımı” bölmələrində qoyulub.
Cədvəldə Ağdamın 1993-cü ilin fevral ayının 23-də, Ağdərənin isə iyun ayının 17-də işğal olunduğu qeyd olunub. Halbuki Ağdərə 1993-cü ilin iyul ayının 7-də, Ağdam isə ondan bir neçə gün sonra 1993-cü ilin iyulun 23-də Ermənistan ordusu tərəfindən işğal olunub.
Yaqub Mahmudov məsələyə münasibət bildirib. “AMEA Tarix Institutunun saytının müvafiq bölmələrində iş aparılır. Bu haqda da həmin səhifədə bölmə üzərində iş getdiyi yazılıb. Tarix Institutunu ”biabırçılıqda” ittiham edən mətbuat orqanlarının diqqətinə çatdırmaq istəyirəm ki, Ağdərə rayonunun işğalı onların yazdıqları kimi, 1993-cü il 7 iyul tarixində deyil, 15 fevral-10 mart 1993-cü il tarixlərdə baş verib. Bu barədə “Azərbaycan” qəzetinin 29 mart 1997-ci ildə çap olunmuş sayında məlumat verilib”,- deyə o, bildirib.
Göründüyü kimi Yaqub Mahmudov təkzibində Ağdamla bağlı bir söz deməsə də, Ağdərənin işğal tarixini yenə təhrif edib.
Görünür, o, işğal tarixlərini əvvələ çəkməklə məsuliyyəti AXC hökumətinin üzərinə yıxmaq niyyətin güdür. Axı demək olar ki, bütün mənbələrdə Ağdərənin 1993-cü il iyulun 7-sində işğalı qeyd olunur. Sabiq müdafiə naziri Rəhim Qazıyev də Yaqub Mahmudovun tarixi təhrif etdiyini deyir. O, “Azadlıq”a açıqlamasında bildirib ki, Ağdərə AXC hakimiyyəti devriləndən sonra işğal olunub: “1989-cu ildə Tərtər-Kəlbəcər yolu bağlandıqdan sonra Ağdərə ermənilərin nəzarətinə keçmişdi. Biz 1992-ci il iyunun 12-13-nə keçən gecə Ağdərəni işğaldan azad etmişik. Həmin vaxt mən müdafiə naziri olmuşam. Böyük bir əməliyyat hazırlamışıq və Ağdərə azad edilib. Bundan sonra Laçının 62 kəndi azad edildi.
Lakin AXC hakimiyyəti devriləndən sonra azad etdiyimiz torpaqlar yenidən işğal olundu. Konkret Ağdərəyə gəlincə, bu rayon 1993-cü ilin iyulun 7-də işğal olunub. Yaxşı olar ki, Yaqub Mahmudov tarixi təhrif etməklə indiki hakimiyyətə yarınmasın”.
Rəy bildir:
{fcomment}