Qubad İbadoğlunun partiya sıralarından xaric edilməsi, tərəflər arasında münsibətlərin bir qədər də gərginləşməsinə və hətta qarşlıqlı təhqirlərə yol açıb. Partiya sıralarından uzaqlaşdırılan başqanlığa keçmiş namizəd, Divan üzvü Qubad İbadoğlu onun haqqında qərar verənləri kişi kimi mübarizə aparmamaqda, saxtakarlıqda ittiham edib. Qubad İbadoğlu bu sifarişin arxasında nominal yox, real başqanın oldugunu (yəqin ki, İsa Qəmbər nəzərdə tutulur) bildiririb. Başqanlığa keçmiş namizəd eyni zamanda, qarşı tərəfin parlament seçkilərində hakimiyyətlə iş birliyində olacağına işarə vurub və onların seçkidə ifşa olunacağını bəyan edib.
Yeni başqan Arif Hacılının qardaşı, Müsavat Partiyasının üzvü Mustafa Hacıbəyli isə Qubad İbadoğlunu ağır sözlərlə ittiham edib və Qubad İbadoğluna görə Müsavat Partiyasına “üzr” borcu olduğunu bildirib. Mustafa Hacıbəyli, Qubad İbadoğlunu Müsavat Partiyasına gətirdiyinə, onu QHT sektorunda tanıtdığına və seçkilərdə yardımçı olduğuna görə Partiyadan üzr istədiyini bildirib. O, Qubad İbadoğlunu nə ermənilərlə, nə hakimiyyətlə nə də başqaları ilə mübarizədə yanlarında görmədiklərini, haqq mübarizəsində kişilər irəli gedəndə, bir nəfəri hər zaman bir addım geri qoyan gördüklərini bildirib. Mustafa Hacıbəylinin şəxsi “facebook” səhifəsindən paylaşdığı həmin yazını təqdim edirik.
“Bilməli idim ki, Nəbi Muxtarovun yanında sözü yerə düşdüyü üçün yaxın dostuna qarşı gedən adam, sabah daha böyük məmurun yanında sözü yerə düşməsin deyə bütövlükdə Müsavata qarşı da gedə bilər”
Qubad İbadoğlunu Müsavat Partiyasına 1996-cı ildə rəsmən zəmanət verərək mən gətirmişəm. Daha dəqiq ifadə etsəm, Nəsimi rayon təşkilatında təbliğat məsələləri üzrə Katib olduğum illərdə Musavat Partiyasina gətirdiyim 70-ə yaxın üzvdən biri idi Qubad İbadoğlu. Onunla münasibətlərim çox isti olub özü də bu münasibətlər Qurultaydan illər öncə, onun başqanlığa namizəd olacağı bəlkə heç özünün də ağlına gəlmədiyi dövrdə korlanıb, bunun səbəbinə qayıdacam.
Qubad İbadoğlu QHT sahəsində fəaliyətə başlayanda da ona dəstək olmuşam. Sahil metrosunun yaxınlığındakı ofisimizdə ona bir otaq ayırmışdım. Bu otağın müqabilində ofisimin icarə haqqının ödənilməsinə kömək edirdi. Hakimiyyət QHT-ləri nəzarətə götürmək qərarına gəldiyi gündən müxalifətə xidmət edən QHT nümayəndələri seçim qarşısında qaldı. Hakimiyyətin diktə etdiyi şərtləri qəti qəbul etməyənlər dərhal, qismən qəbul edənlər isə bir müddət keçəndən sonra üçüncü sektordan uzaqlaşmalı oldular. Bu şərtlərə tam uyğunlaşanlar isə, əksinə “irəli” getməyə başladılar. Hakim rejim demək olar ki, hər bir müxalifətçini vicdan və dolanışıq seçimi qarşısında qoyub və yalnız ən rasional insanlar prinsiplərdən vaz keçərək nəinki dolanışıqlarını təmin edib, hətta “uğur” belə qazanıblar. Qubad İbadoğlu yaxşı əxz elədi bu şərtləri. Və uğura bir bax – Leyla Yunusu, İntiqam Əliyevi və başqalarını tutduran, ölkədən didərgin salan hakimiyyət Neft Fondunun əli ilə öz nəzarətindəki QHT-lərə ayıracağı milyonlarla avro həcmində qrantları bölmək səlahiyyətini Qubad İbadoğluna vermək qərarına gəldi…
Qubad İbadoğlu ilə mənim münasibətim 2005-ci ildə korlandı. 2005-ci parlament seçkilərində Fizulidən olan seçki məntəqələrinin əksəriyyətinə rayonun keçmiş icra başçısı Nəbi Muxtarovun qohumları və yaxın dostları biılavasitə rəhbərlik edirdi. Bu barədə məlumatı o vaxt mənə əslən Fizulidən olan Cəlil adlı müsavatçı vermişdi (Qərargahda mühafizəçi işləyirdi). Mən bu məlumatı dərhal dərc etməmişdim, Cəlil bəyə təklif etmişdim ki, Nəbi Muxtarovun hansı məntəqədə hansı qohumunun sədr, yaxud katib olması barədə dəqiq siyahı hazırlasın. Cəlil bəy 20-dən çox məntəqədə sədr və katib olan şəxslərin adlarını və onların Nəbi Muxtarovla qohumluq əlaqələrini yazıb gətirdi. Bu siyahını “Yeni Müsavat”da o vaxt müxbir işləyən və əslən Fizulidən olan Məhəbbət Orucova verdim. Ki bunun əsasında bir məqalə hazırlasın. Sonra faktlara əsaslanan bu yazını özümün növbətçı redaktor olduğum gün “Yeni Müsavat”da dərc etdirdim. O vaxt Qubad bəy Fizulidən deputatlığa namizədliyini irəli sürmüşdü. Məntiqlə, o, mənə bu yazıya görə təşəkkür etməliydi. Amma təsəvvür edin ki, bunun tam əksi oldu. Qubad İbadoğlu bu yazıya görə mənə hucum elədi. Dedi ki, “Nəbi Muxtarovla razılaşmışıq, seçki vaxtı bir-birimizə qarşı təbliğat aparmayaq”. Mən bu sözü eşidib dəhşətə gəlmişdim. Dedim ki, Qubad bəy, əgər sən Nəbi Muxtarovun qarşısında öhdəlik götürmüsənsə, özün üçün götürmüsən, axı sən öhdəlik götürməmisən ki, Mustafa Hacıbəyli də sənə qarşı heç nə yazmayacaq. Mən o gündən anladım ki, Qubad İbadoğlu bizim kimi müsavatçı deyil, icra başçısı ilə danışığa da gedə, razılaşma da əldə edə bilər. Oysa, məni hələ borclu çıxarırdı. Yazını yazan Məhəbət Orucovun da üstünə təpinmişdi. Sonrakı seçkidə də, onun dolaşıq mövqeyi yenə üzə çıxdı. 2010-cu ilin seçkilərində Bakıdan namizəd olan Qubad İbadoğlu özünün izahına görə, “xaricdən gec qayıtdığı üçün və DSK ona əngəl törətdiyi üçün lazım olan sənədləri çatdırmaq naminə” deputatlığa namizədliyini Müsavat üzvü kimi yox, bitərəf kimi qeydə aldırmışdı. Nəbi Muxtarovun qarşısında SUSMAQ öhdəliyi götürən şəxs indi özünü DANIŞMAQ hüqüqunun ən radikal tərəfdarı kimi göstərməyə çalışsa da, kimin kim olduğu hər kəsə bəllidir. Nə ermənilərlə, nə iqtidarla, nə də başqa bədxahlarla mübarizədə onu yanımızda gördük. Müsavatın haqq mübarizəsində kişilər irəli gedərkən, həmişə bir addım geri qoyan birisi indi özünü hər kəsdən, hətta İsa Qəmbərdən də daha artıq müsavatsevər göstərməyə çalışsa da, yenə kimin kim olduğu hər kəsə bəllidir. Onun yeni dostları bəzən deyirlər ki, “Qubad İbadoğlu ilə fəxr edirdiniz, indi nə oldu?”. A tövbə, şəxsən mən həmişə Müsavatla fəxr etmişəm. Kiminsə fəaliyyəti Müsavata əlavə xallar gətiribsə, buna sevinmişəm. Yəni müsbət münasibət kiminsə qara qaşlarına görə yox, Müsavata görə olub, Müsavata xeyir verən əməlinə görə olub. Necə ki, bugün də onunla şəxsi mənada problemim yoxdur, rus demiş, «ничего личного», Müsavata qarşı olduğu üçün mənfi münasibət qörür. Müsavata görə onun eyibinə də göz yummuşam, “buranın yaxşısı da pisi də bizimdi” prinsipi ilə Qubad İbadoğlunun bu dolaşıq işlərini dilə gətirməmişəm, qələmə almamışam illər boyu. Son günlərədək ümid elədim ki, nə vaxtsa Müsavata gətirdiyim şəxsə görə peşman olmayacam. Amma artıq başa düşürəm ki, mənim də Müsavata bir üzrxahlıq borcum var – partiyaya gətirdiyim şəxsin dolaşıq işlərinə göz yumduğuma görə. Bilməliydim ki, Nəbi Muxtarovla gizli danışığa gedən şəxs, Şahmar Mövsumovla da, Samir Şərifovla da, başqası ilə də danişığa gedə bilər. Bilməli idim ki, prinsiplərdən yayınan adamdan prinsipial mübarizə aparan müsavatçılara yoldaş olmaz. Bilməli idim ki, Nəbi Muxtarovun yanında sözü yerə düşdüyü üçün yaxın dostuna qarşı gedən adam, sabah daha böyük məmurun yanında sözü yerə düşməsin deyə bütövlükdə Müsavata qarşı da gedə bilər. Gedə bilərdi və getdi də… Üzr istəyirəm, dəyərli müsavatçılar!
Rəy bildir:
{fcomment}