Nemət Əliyev: «Monopolistlər başqa şirkətlərin bazara girməsinə imkan vermir»
Beş aparıcı sığorta şirkəti ötən il sığorta haqlarının yarıya qədərini toplayıb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, 429,2 milyon manat mükafatın 48,6 faizi və ya 208,8 milyon manatı bu beşliyin payına düşür. Bu sırada ilk yerdə “Paşa Sığorta” (50,7 mln və ya 11,8 faiz), ardınca “Paşa Həyat Sığorta” (41,9 mln manat), “Azərsığorta” (41,6 mln manat), “Atəşgah Həyat Sığorta” (37,9 mln manat) və “AzSığorta” (36,7 mln manat) gəlir.
Assosiasiyadan bildirilib ki, ötən il ödənişlərdə də “Paşa Sığorta” lider olub – 27 mln. manat. Sonrakı yerdə “Atəşgah Həyat Sığorta” (24,1 mln manat), “Atəşgah” (14,9 mln manat), “Azərsığorta” (13,3 mln manat) və “AXA-MBASL” (10,7 mln manat) gəlir.
Maraqlıdır, görəsən başqa sığorta şirkətləri nədən bazara girə bilmir?
Iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, Azərbaycanda monopoliyada olan əksər sahələr kimi, sığorta sahəsi bəlli bir qrupun əlində cəmləşib və onlar bütün resurslardan istifadə edir. Bununla da cəmiyyətdə belə təəssürat yaranır ki, ölkədə başqa sığorta şirkəti yoxdur. Ekspertin sözlərinə görə, əhali də görüb-eşitdiyinə yalnız sinxron reaksiya verir: “Sığorta şirkətlərinin əsas gəlir mənbələri obyektlərin, istehsal müəssisələrinin, avtomobillərin və s. sığortalanmasından əldə olunur. Sığorta şirkətlərinin seçimi ölkənin reallığına, ”mental” xüsusiyyətlərə uyğunlaşdırılmış şəkildə həyata keçirilir. Sanki orada inzibatçılıq, qorxu kimi amillər öz işini görür. Insanlar sığorta şirkətinin kimə mənsub olduğunu biləndən sonra seçimini dərhal ona yönəldir. Digər sığorta şirkətlərinin yer qazana bilməməsinin səbəbi odur ki, yerdə bir şey qalmır. Qalanlarla da çox irəli getmək mümkün deyil. Gəlirləri xərclərini qarşılamır. Bu sahənin monopoliyaya alınması, qeyri-qanuni fəaliyyət öz işini görür. Odur ki, hara baxılsa, bir neçə sığorta şirkətinin adını eşitmək olur”.
Nigar