Rusiyada fəaliyyət göstərən Azərbaycan ictimai təşkilatları Abbas Abbasovun dağıdıcılıq siyasətinə üsyan etdilər
Rusiyada fəaliyyət göstərən ictimai təşkilatlar Abbas Abbasovla bağlı bəyanat yayıb. Bəyanatda Abbas Abbasovun ünvanına sərt ittihamlar səsləndirilib. Bəyanatı ixtisarla təqdim edirik: “Son vaxtlar ”AzərRos” Federal Milli-Mədəni Muxtariyyətinin saytlarında Azərbaycan Respublikasının Rusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlunun və Səfirin müavini Qüdsi Osmanovun ünvanına böhtan dolu yazılar dərc olunmaqdadır.
Təəsüflər olsun ki, həmin yazılar rus jurnalisti Yelena Tulayevanın imzası ilə “AzərRos”un saytında yerləşdirilir. Oxucu kütləsinin müəyyən qismi həmin məqalələrin mahiyətindən xəbərdar olmasalar da Moskva şəhərində yaşayan əksər ziyalılar, yaradıcılıqla məşğul olan qələm sahibləri, o cümlədən jurnalistlər də yaxşı başa düşürlər ki, Yelena Tulayevanın imzasının kölqəsində kimlər dayanır və “AzərRos”un saytlarının sahibi kimdir. Psevdojurnalist Yelena Tulayevaya gəldikdə isə, onu demək kifayyət edər ki, həmin yazılara imza atdığına və arxasında dayanan dirijorların böhtanlarına görə xidmət etdiyi üçün Rusiya azərbaycanlıları onu bağışlamayacaq. Bir də nə bilmək olar ki, Yelena Tulayeva imzası altında KIV-də jurnalist varmı, ya yox?
Çünki hər kəsə gün kimi aydındır ki, Polad Bülbüloğlu Rusiyada təkcə səfir olduğuna görə yox, böyük ictimai və tanınmış mədəniyyət xadimi olduğuna görə Rusiyada yaşayan xalqlar tərəfindən yüksək məhəbbətlə sevilən və hörmət olunun şəxsiyyətdir. Bütün bunlar ilə yanaşı onu da qeyd etmək vacibdir ki, hər bir ölkənin səfiri toxunulmaz şəxsiyyət olmaqla, beynəlxalq qanunlar tərəfindən qorunan rəsmi simadır.
Ona görə də, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun və onun müavini Qüdsi Osmanovun ünvanına yağdırılan yalançı böhtanlar, ləkələr nəinki jurnalist Yelena Tulayevanın imzasına, eyni zamanda onun fikir daşıyıcı qüvvəsi olan Abbas Abbasova, Asif Məhərrəmova utanc gətirən hərəkətlərdən başqa bir şey deyil.
Azərbaycan vətəndaşı olan Abbas Abbasov isə digər əlaltıları ilə birlikdə Rusiya Federasiyasının ictimai təşkilatı olan “AzərRos”u demək olar ki, özəlləşdirib və əvvələr polis orqanlarında işləmiş, ictimai işlərdə bacarığı olmayan, özünün yaxın dostu və Azərbaycan xalqını görməyə gözü olmayan Asif Məhərrəmovu tirancasına prezident vəzifəsində salmağa çalışır. Görəsən, bu haqqı ona kim verib?
Bu məqamda onu qeyd etmək yerinə düşər ki, Abbas Abbasov hər yerdə vurğulayır ki, o Kremlin layihəsidir və onun Rusiyadakı Azərbaycan dövlətinin əleyhinə olan fəaliyyətini Kremlin sahibləri dəstəkləyir. Burada onun fikirlərindən aydın görünür ki, Abbas Abbasov Azərbaycanla Rusiya arasındakı strateji münasibətlərin pozulması və gərginləşməsi üçün fəaliyyət nöqtəsi axtarır”.
Bəyanatı “AzəRoss”un federal Şurasının üzvləri, Ümumrusiya Azərbaycan Konqresinin bütün fəalları və üzvləri, Rusiyada fəaliyyət göstərən “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin bütün üzvləri, Rusiya azərbaycan mədəniyyətinin inkişafı və intibahı fondunun üzvləri, Azərbaycan-Slavyan Gənclər Aassosiasiyasının üzvləri və Moskva “Azərbaycan” cəmiyyətinin üzvləri imzalayıb.
Bundan başqa Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk regional nümayəndəliyi Abbas Abbasovla bağlı oxşar məzbunlu bəyanat yayıb.
Qeyd edək ki, “Azadlıq” bir müddət əvvəl məlumat yaymışdı ki, Rusiya ilə münasibətlərini qaydaya salan Azərbaycan hakimiyyəti Abbas Abbasovu sıradan çıxarmağı planlaşdırır. Bu məlumatda sonra Abbas Abbasov faktiki olaraq “AzərRoss”dan kənarlaşdırıldı. Lakin buna baxmayaraq o hələ də özünü “AzərRoss”un Ağsaqallar şurasının sədri hesab edir. Bu isə konfliktin daha da dərinləşməsinə səbəb olub. Indi görünən odur ki, artıq Rusiyada fəaliyyət göstərən Azərbaycan hakimiyyətinə yaxın bütün təşkilatlar və şəxslər Abbas Abbasova qarşı birləşib.