“Xalq bir gün ayağa qalxıb, demokratiya, azadlıq, ədalət tələb edəcək”
AXÇP sədri Əli Kərimli Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələrinə dair “Amerikanın səsi” radiosuna açıqlama verib.
AXCP lideri xatırladıb ki, təmsil etdiyi partiya və Milli Şura seçkidən əvvəl ölkədə demokratik seçki keçirilməsi üçün heç bir şərait olmadığını bəyan edib.
Əli Kərimli bildirib ki, siyasi azadlıqlar çox kəskin şəkildə azaldılıb, faktiki ləğv edilib, ölkədə 100-ə yaxın siyasi məhbus var.
AXCP sədri siyasi partiyaların mövcudluğunun formal xarakter daşıdığını, Azərbaycanın birpartiyalı sistemə keçdiyini və bütün hakimiyyətin dövlət başçısının əlində cəmləşdiyini deyib.
Əli Kərimli hökumətin islahat tələbinə məhəl qoymadığı üçün müxalifət partiyalarının seçkiləri boykot etdiyini xatırladıb.
AXCP sədri milyonlarla azərbaycanlının ölkədə parlament seçkiləri keçirildiyindən xəbərdar olmadığını əminliklə dilə gətirib.
Əli Kərimli seçkilərin saxtalaşdırma şəraitində keçdiyini, parlamentin xalq tərəfindən seçilmədiyini vurğulayıb.
AŞ PA Müşahidə Missiyasının seçkilərin ölkənin “Seçki Məcəlləsi”nə uyğun keçirildiyini deməsinə AXCP sədri belə münasibət bildirib ki, Avropa Şurasından bir sıra deputatın Azərbaycan hökumətindən rüşvət aldığı məlum olduqdan sonra cəmiyyətdə bu adamların utancaqları, hökumət adamları ilə aralarına məsafə qoyacaqlarına dair gözlənti var idi. Amma görünür, maddi nemətlər əldə etmək, Azərbaycan hökuməti vasitəsi ilə varlanmaq meyilləri Avropada bir çoxlarına qalib gəldi.
Lakin müşahidə missiyasından fərqli səslərin də eşidildiyini vurğulayan Əli Kərimli məhz bu fərqli səslərə inanılacağına ümid etdiyini bildirib.
Ölkədə seçkilərin nəticələrinə ictimai reaksiya barədə fikirlərini bildirən AXCP sədri deyib ki, heç bir qələbənin olmadığını hamı başa düşür. “Seçki komissiyaları və dövlət məmurları saxta yolla bu qələbəni təmin ediblər”.
Azərbaycanın siyasi gələcəyinə nikbinliklə baxan Əli Kərimli hazırkı rejimin bir müddət davam gətirmək imkanına malik olduğunu deyib.
“Xalqın dəstəyi olmadan avtoritar rejimə qalib gəlmək mümkün olmayacaq. Artıq Azərbaycan cəmiyyətində bunu başa düşmək hissləri günü-gündən güclənir. Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Azərbaycan xalqı bir gün hamılıqla ayağa qalxıb, demokratiya, azadlıq, ədalət tələb edəcək. Azərbaycanda demokratiya bərqərar olacaq”, – deyə AXCP sədri bildirib.