Manatın məzənnəsi yeni “üzən məzənnə” siyasətinə uyğun müəyyənləşdiriləcək
Tezliklə Azərbaycanda manatın məzənnəsi yeni “üzən məzənnə” siyasətinə uyğun həyata keçiriləcək.
ANS PRESS-in məlumatına görə maliyyə naziri Samir Şərifov qeyd edib ki, hazırda Azərbaycanda da bunun tətbiqi ilə bağlı işlər aparılır.Onun sözlərinə görə artıq bir çox ölkələr üzən məzənnə siyasətinə keçiblər.
“Qazaxıstan artıq bunu elan edib. Bu gün bu məsələyə cavab vermək bir az tez olar. Amma mənim fikrimcə, hal-hazırda Mərkəzi Bank bu istiqamətdə müvafiq iş aparır. Hesab edirəm ki, optimal bir variant tapılıb və tətbiq olunacaq.”
Üzən məzənnə rejiminin mahiyyəti odur ki, tətbiq edildiyi zaman valyutanın məzənnəsi ona olan tələb və təklifin təsiri əsasında formalaşır, hər gün və tez-tez dəyişir. Müstəsna hallarda Mərkəzi Bank məzənnənin kəskin tərəddüdlərinin qarşısını almaq məqsədilə valyuta bazarına müdaxilə edib məzənnə dəyişikliyini “hamarlaya” bilər.
İqtisadçı ekspert Nicat Hacızadənin fikirincə, qarşıdakı beş il ərzində “üzən məzənnə” siyasətinə keçid Azərbaycan üçün mənfi nəticələrə gətirib çıxara bilər. “Bu məzənnə siyasətinə keçid zamanı valyuta inzibatı yolla deyil, tələb-təklif əsasında nizamlanacaq. Yəni ki bir dollar bəzən iki manat, bəzən isə bir manat ola bilər. Belə olan hada Mərkəzi Bank manat üzərində nəzarəti itirəcək.”
İqtisadçının sözlərinə görə, bu məzənnə siyasətinə keçiddən sonra manatın dəyəri bir qədərdə düşə bilər. Bu isə dövlət borcunun artmasına və kreditlərlə bağlı problemlərin yaranmasına səbəb olar.
“Üzən məzənnə” artıq Avropada və ABŞ -da tətbiq edilir. Məlumdur ki, bu yaxınlarda Qazaxıstan höküməti də “üzən məzənnə” siyasətinə keçid edib. Bu keçidlə əlaqədar ölkənin bank və maliyyə sektorunda bir sıra problemlər yaranıb.
İqtisadçının sözələrinə görə, Qazaxıstan höküməti bu problemlərin yaranacağını əvvəlcədən bildiyi üçün qabaqlayıcı tədbirlərlə çatışmazlıqları tez bir zamanda aradan qaldırdı.
“Qazaxıstan prezidentinin xüsusi göstərişi ilə sahibkarlar və banklar üçün yaranan əlavə xərcləri hökümət öz üzərinə götürdü. Ona görə Azərbaycanda da “üzən məzənnə” siyasətinə keçidlə əlaqədar təkliflərlə yanaşı yaranacaq problemlərin arada qaldırıması üçün çıxış yolları da əvvəlcədən müəyyənləşdirilməlidir.”