Oktyabrın 5-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” qanunun pozulmasıyla əlaqədar inzibati icraata və inzibati xətalara dair iş üzrə icraata baxılıb.
Şuranın bu barədə yaydığı məlumatda bildirilir ki, ANS–in efirində yayımlanan müxtəlif verilişlər (“Sən tək deyilsən“, “Xoşqədəmlə axtarıram səni“, “Salam, Azərbaycan“, “Şokolad“) zamanı sponsorluqla bağlı qanunvericiliyin tələblərinin pozulmasıyla əlaqədar şirkət ümumilikdə 54 min manat cərimələnib. Pozuntular iki dəfə “Sən tək deyilsən“, bir dəfə “Xoşqədəmlə axtarıram səni“, dörd dəfə “Salam, Azərbaycan“, iki dəfə “Şokolad” verilişlərində qeydə alınıb. Bu pozuntuların hər birinə görə şirkətə 6000 manat cərimə kəsilib.
Bundan başqa, Teleradio Şurası “Salam, Azərbaycan“ın yayımının 10 gün dayandırılmasına qərar verib.
ANS-də yayımlanan “Salam, Azərbaycan” proqramında şəxslərin Konstitusiya ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə, birtərəfliyə yol verildiyini, sponsorluqla bağlı qanunverciliyin tələblərinin pozulduğunu nəzərə alaraq, proqramın yayımının 6 oktyabr 2015-ci ildən etibarən 10 gün müddətinə dayandırılması barədə qərar qəbul edilib. Eyni zamanda, “Salam, Azərbaycan“ın efir vaxtında mədəni–maarifçilik, intellektual xarakterli proqramların yayımının ANS tərəfindən təmin edilməsi, tətbiq edilmiş məsuliyyət tədbirinin məzmununa dair məlumatın yayımlanmasına da qərar verilib“, – deyə Teleradio Şurasının məlumatında bildirilir.
Aytən