Keçmiş nazirə məxsus «Standard Insurance» ASC-nin sığorta agentləri istintaqa cəlb olunub
“Standard Insurance” ASC-nin 20-dən artıq sığorta agenti istintaqa cəlb olunub. “Report”un yaydığı məlumata görə, sığorta agentləri Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentində dindirilir.
Vergi qurumları “Standard Insurance” ASC-nin sığortaladığı bir sıra obyektlərin sığortaya cəlbedilmə formasından şübhələnib. “Standard Insurance” iddia edir ki, həmin qurumlar sığortaya guya sığorta agentləri tərəfindən cəlb olunub. Lakin əslində sığorta agentləri tərəfindən cəlb edildiyi deyilən bır sıra şirkətlərin ASC-nin özü tərəfindən sığortaya cəlb olunması barədə şübhələr var.
Sığorta şirkəti müştərini özü cəlb edərsə, daha çox vergi ödəyir. Müştərini sığorta agenti gətirəcəyi halda isə təxminən 5 dəfə az vergi ödənilir.
“Standard Insurance” ASC sığorta şirkəti “AB Standard” Şirkətlər Qrupunun üzvüdür.
“Standard Insurance” Sığorta Şirkəti 2002-ci ilin fevral ayında məhdud məsuliyyətli cəmiyyət hüquqi statusu ilə təsis edilib.
“Standard Insurance” ASC-nin Direktorlar Şurasının üzvü sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin oğlu Emin Babayevdir.
ASC-dən isə bildirilib ki, araşdırmalar tək “Standard Insurance” deyil, bütün agentlərlə aparılır: “Bu da agentlərin vergiyə cəlb olunmasının sadələşmiş vergi hesablanmasında son zamanlar geniş müzakirələrə səbəb olan problemdir.
Ümumiyyətlə, Azərbaycanda sığorta agenti institutu kifayət qədər gəncdir və qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, agentlər müstəqildirlər və heç bir sığorta şirkətinə bağlılıqları yoxdur. Onlar müvafiq qaydada lisenziyalaşdırılıb öz sahibkarlıq fəaliyyətlərini həyata keçirirlər. Bununla da agentləri sığorta şirkətinin adı ilə bağlamaq düzgün deyil”.