Riyad Əliyev: «Bir neçə saat polisdə ifadə verdim. Gördülər ki, cinayətkar deyiləm və sonunda sərbəst buraxdılar»
“Azereurotimes.wordpress.com” saytının təsisçisi Riyad Əliyev Almaniyanın Trier şəhərində Interpol tərəfindən saxlanılıb. Bu barədə bir sıra media orqanlarında yayılan məlumatda Riyad Əliyev eyni zamanda, Təfəkkür Universitetinin keçmiş müəllimi kimi təqdim olunub. Qeyd olunub ki, o, bir müddət Təfəkkür Universitetinin Kiyev filialının rektoru işləyib və bu il mayın 5-dən Interpolda axtarışda olub.
Riyad Əliyevin hansı səbəbdən axtarışa verilməsinə gəlincə, bildirilir ki, o, universitet rəhbərliyinə, bəzi vəzifəli şəxslərə əsassız böhtan atdığına görə məhkəməyə verilib. Riyad Əliyev məhkəmənin çağırışlarından yayınıb və xaricə gedib. Buna görə də Yasamal Rayon Məhkəməsinin 24 noyabr 2014-cü il tarixli qərarı ilə axtarışa verilib.
Lakin Təfəkkür Universitetini mətbuat xidmətindən “virtualaz.org”a bildirilib ki, universitetin Riyad Əliyev adlı təsisçisi olmayıb və təhsil müəssisəsinin Kiyev şəhərində də filialı yoxdur: “Bu adamın bizim universitetə heç bir aidiyyəti yoxdur. Riyad Əliyev adında şəxs heç vaxt bizim universitetdə işləməyib. Dələduzdur, əvvəllər məhkum edilib. Həbs olunanda da bizim adımızdan istifadə edir, həbsdən buraxılanda da…”
Qeyd edək ki, Riyad Əliyev saxlanıldığını təsdiqləyib. O, APA-ya açıqlamasında bildirib ki, saxlanılsa da, sonradan sərbəst buraxılıb. Onun sözlərinə görə, Interpolun müraciəti əsasında alman polisi onu saxlayaraq ifadəsini alıb: “Bir neçə saat polisdə ifadə verdim. Onlar gördülər ki, mən cinayətkar deyiləm və sonunda sərbəst buraxdılar”.